azia.az
azia.az

Yeni yaradılan İnnovativ layihələr və metodik təminat şöbəsi işini müasir tələblər üzərində qurur

16-11-2020, 16:19

Yeni yaradılan İnnovativ layihələr və metodik təminat şöbəsi işini müasir tələblər üzərində qurur

Azia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ölkənin ən böyük kitabxana-informasiya müəssisələrindən biri olub, elmin inkişafında və elmi kadrların yetişdirilməsində əvəzsiz rola malikdir. Müxtəlif elm sahələri üzrə aparılan elmi tədqiqatların inkişafında, həmçinin informasiya təminatında xüsusi əhəmiyyəti olan MEK-in və AMEA Elmi Tədqiqat İnstitutları (ETİ) nəzdində olan hər bir kitabxananın məqsədi istifadəçilərə lazımi səviyyədə kitabxana-informasiya xidmətini həyata keçirməkdir. Elmi-tədqiqatların nəticələrinin, ixtiraların, kəşflərin tədqiq və tətbiq olunmasını hər vasitə ilə sürətləndirmək kitabxana-informasiya sahəsinin təşkilati məsələlərindən çox asılıdır. Bu mənada əsası XX əsrin əvvəllərində qoyulmuş AMEA kitabxana şəbəkəsinin metodiki təminat fəaliyyətini yeni əsaslarla, dövrün tələblərinə uyğun istiqamətləndirməyə və müasirləşdirməyə xidmət edən “İnnovativ layihələr və metodiki təminat şöbəsi”nin yaradılması uğurlu təşkilati məsələdir.

Azərbaycanda XX əsrin 30-cu illərindən başlayaraq fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin, o cümlədən onların nəzdində olan kitabxanaların sayı artdıqca, onlara ümumi təşkilati və metodiki rəhbərlik problemləri də meydana çıxırdı. İlk fəaliyyət dövrlərində bu kitabxanalara istiqamətverici təşkilatçılıq işləri MEK-ə həvalə olunmuşdu və kitabxananın əməkdaşları pərakəndə formada onlara köməklik göstərirdi. AMEA MEK-in rəsmi olaraq metodiki rəhbərlik fəaliyyəti 1962-ci ildə metodist ştatının açılması ilə təsdiq edilmiş, 1969-cu ildə isə “Elmi-metodiki şöbə” təşkil olunmuşdur. Şöbənin əməkdaşları keçmiş SSRİ məkanının ən qabaqcıl kitabxanalarına ezam edilir, həm öz təcrübələrini artırır, həm də AMEA kitabxana sistemində çalışanları təlimatlandırırdılar.

Azərbaycan SSR EA Rəyasət heyətinin 6 oktyabr 1972-ci il tarixli “Azərb.SSR EA elmi idarələri kitabxanalarının Azərb.SSR EA Mərkəzi Elmi Kitabxanasının filiallarına çevrilməsi haqqında sərəncamı”na müvafiq olaraq bütün kitabxanalarda elmi tədqiqat institutlarının tədqiqat işlərinə uyğun ədəbiyyatın komplektləşdirilməsi, tematik kartotekaların tərtib edilməsi, alınan ədəbiyyatın texniki işlənilməsi, kataloqlaşdırılması, biblioqrafik fəaliyyət, oxuculara xidmət, kadrlarla iş və s. mərkəzləşdirilmiş qaydada AMEA MEK tərəfindən yerinə yetirilirdi.

1985-ci ildə MEK-in Elmi-metodiki və Elmi tədqiqat şöbələri birləşdirilərək Kitabxanaşünaslıq şöbəsi yaradıldı. Kitabxanaşünaslıq şöbəsinin strukturuna iki bölmə daxil idi: elmi tədqiqat bölməsi və elmi metodiki bölmə. Bu dövrdə kitabxana fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 100-ə qədər yeni elmi metodiki vəsait hazırlanaraq iş prosesində tətbiq edilmişdir.

20 sentyabr 1991-ci ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyəti “Mərkəzi Elmi Kitabxananın Azərbaycan Elmlər Akademiyasının institutları nəzdindəki filiallarının Azərbaycan Elmlər Akademiyasının institutlarının kitabxanalarına çevrilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 1972-ci ildən Mərkəzləşmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərən AMEA kitabxanalarının 1 yanvar 1992-ci il tarixindən MEK-in AMEA Elmi-Tədqiqat İnstitutlarının nəzdindəki filialların müstəqil fəaliyyət göstərən kitabxana kimi yenidən təşkili haqqında göstəriş verildi. Bu qərar MEK-in ETİ nəzdindəki filial kitabxanalarına rəhbərlik işində əsaslı dəyişiklik yaratdı.

1999-cu ildə MEK-in Kitabxanaşünaslıq şöbəsi yenidən Elmi-metodiki şöbə adlandırıldı. 2003-cü ildə MEK-də struktur dəyişikliyi ilə əlaqədar olaraq kitabxanada bəzi şöbələr birləşdirilmiş, Elmi-metodiki şöbə isə Kitabxanaşünaslıq və innovasiya şöbəsi adlandırılmışdı. Bu dövrdə ümumiyyətlə, AMEA kitabxana sistemində tətbiq edilən bütün iş növlərinin təkmilləşdirilməsi bilavasitə Kitabxanaşünaslıq və innovasiya şöbəsi əməkdaşlarının yaxından iştirakı ilə yerinə yetirilirdi. Xüsusilə, o illərdə informasiya texnologiyalarının kitabxanalarda tətbiqi məqsədilə xarici ölkələrin əlaqədar xeyriyyə cəmiyyətlərinin ayırdıqları qrant vəsaitlərinə layiq görülmüş layihə ilə AMEA kitabxana şəbəkəsinin fəaliyyəti daha da inkişaf etdirildi. Şöbə metodiki rəhbərliyi həyata keçirir, kitabxana sahəsi üzrə ixtisaslaşmış fondun ədəbiyyatla komplektləşdirilməsi, kataloqlaşdırılması və xidməti işi ilə məşğul olurdu. Eyni zamanda, Kitabxanaşünaslıq şöbəsi fəaliyyət göstərdiyi illər ərzində müxtəlif metodiki vəsaitlər və şöbələrin fəaliyyətini tənzimləyən sənədlər, tövsiyələr və s. hazırlanmasını həyata keçirmişdir.

2003-cü ildə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən MEK-ə elmi statusun verilməsi kitabxananın fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə təsir göstərən mühüm amillərdən biri oldu. MEK-də oxuculara kitabxana və biblioqrafik informasiya xidmətinin səviyyəsinin yüksəldilməsi, kompleks proqramların bütün istiqamətlərdə informasiya ilə təmin olunması və iş proseslərinin avtomatlaşdırılması yolu ilə həyata keçirilməsi ilə yanaşı, həmin istiqamətlərdə tədqiqat işləri də xeyli genişləndirildi.

2006-2013-cü illər ərzində Kitabxanaşünaslıq və innovasiya şöbəsinin əsas təyinatı – MEK-in elmi-informasiya və təhsil müəssisəsi kimi inkişafının və formalaşdırılmasının konseptual istiqamətlərini müəyyənləşdirməkdən ibarət olmuşdur. Bu dövr ərzində MEK-in şöbələrinin fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi və yeniliklərin tətbiqi, normativ qanunvericilik aktlarının yerinə yetirilməsinin metodiki təminatı və onlara nəzarətin həyata keçirilməsi işi davam etdirilmişdir. Eyni zamanda, MEK-in aspirant və dissertantlarının, o cümlədən BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsinin müəllim və tələbələrinin elmi-tədqiqat işlərinə metodik rəhbərliyi məhz bu şöbə yerinə yetirirdi. Bu dövrdə AMEA ETİ kitabxanalarına yazılı və şifahi məsləhətlər,

bir sıra təlimati sənədlər çatdırılır, əməkdaşlar AMEA ETİ nəzdindəki kitabxanalara getməklə onlara metodiki köməklik göstərirdilər, yerlərdə monitorinqlər aparır və müvafiq təkliflər verirdilər. Hər ilin sonunda şöbədə AMEA ETİ kitabxanalarının yığıncağı keçirilir və kitabxanaçıları narahat edən məsələlər müzakirə edilirdi.

MEK-də 2014-cü ildə aparılan struktur dəyişikliyi ilə əlaqədar Kitabxanaşünaslıq şöbəsi ləğv olunmuş, MEK-in ETİ kitabxanalarına metodiki təminat işi dayandırılmışdır. Bu da AMEA ETİ kitabxanalarının inkişafı, yeni informasiya texnologiyalarının tətbiqi, fondlarının komplektləşdirilməsi, kitabxana xidmətinin təşkili, kadrların ixtisas biliklərinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiya və informasiya sahəsində tədqiqat işlərinin aparılması sahəsində böyük boşluq yaratmışdır.

Hazırda kitаbхаnаlаrın mеtоdik təminаtının əvvəllər dаşıdığı mahiyyət dəyişmiş, informasiya kommunikasiya texnologiyalarının tətbiqi və informasiyalaşdırma proseslərinin sürətinə və miqyasına uyğun olaraq хеyli zənginləşmiş və gеnişlənmişdir. Müasir dövrdə kitаbхаnаlаrın fəaliyyətinin mеtоdiki təminаtı аnlаyışının mаhiyyətini dərk etmək üçün dünyа infоrmаsiyа məkаnındа bаş vеrən yеni prоsеsləri, bu prоsеslərlə əlаqədаr kitаbхаnаlаrın fəаliyyətində mеydаnа gələn əsaslı dəyişiklikləri öyrənmək vacibdir. AMEA MEK və ETİ kitabxana şəbəkəsinin fəaliyyətini dövrün tələblərinə uyğun istiqamətləndirmək, müasir və daha operativ elmi-metodiki idatəetməni hayata keçirmək məqsədilə Mərkəzi Elmi Kitabxananın direktoru S.Zülfüqarovanın 16.07.2020-ci il tarixli, 12/14 №li əmrinə əsasən “İnnovativ layihələr və metodik təminat şöbəsi” yaradılmışdır. Şöbənin funksiyalarına AMEA-da kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların qurulması, onların mühafızəsi və təhlükəsizliyinin təmin edilməsi, istifadəçilərin intellektual potensialının inkişafı üçün şəraitin yaradılması daxildir. Şöbənin əsas vəzifələri kitabxanalarla əlaqələrin qurulması və monitorinqlərin keçirilməsi, şifahi və yazılı məsləhətlər vermək, təlimati materialların hazırlanması, kitabxana-infomasiya sahəsinə dair normativ-texniki sənədlərin tərtibi və tətbiq olunma metodlarının hazırlanmasıdır.

Eyni zamanda, MEK və AMEA ETİ kitabxanalarının metodiki təminat sisteminin kitabxanaşünaslıq elmi tədqiqatları ilə əlaqələndirilməsi, metodiki təlimlərin, konfrans və seminarların təşkili, MEK-in kitabxana işi üzrə tədris və ixtisasartırma mərkəzinə çevrilməsi də nəzərdə tutulur. MEK-də metodiki təminat sisteminin strukturunun və idarə edilməsinin təkmil və daha optimal variantlarının tətbiqi, ən prespektiv və səmərəli avtomatlaşdırma sistemlərindən istifadə edərək onlayn metodiki xidmətlərin təşkili, bu sahədə yeni layihələrin hazırlanması və həyata keçirilməsi də işin səmərəliliyini artırmağa xidmət edəcəkdir.

AMEA MEK-in metodiki mərkəz olaraq respublikada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların xeyriyyə cəmiyyətləri və yerli maliyyələşdirmə fondlarından səmərəli istifadə etmək məqsədilə əlaqələrinin qurulması da dövrün tələbidir. Bu məqsədlə şöbə “fandreyzinq” (maliyyə mənbələri tapmaq) texnologiyasına yiyələnmək, bununla da kitabxana-informasiya sahəsində məqsədli layihələrin həyata keçirilməsində maliyyə çətinliklərinin aradan qaldırılmasına nail olmaq, kitabxana marketinqi fəaliyyətinin forma və metodlarından istifadə edərək daha səmərəli xidmət göstərməyi hədəfləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi