azia.az
azia.az

“Röyanın şou-biznesdə izi-tozu da qalmayacaq” - Qarşıdurma

26-11-2016, 13:30

“Röyanın şou-biznesdə izi-tozu da qalmayacaq” - Qarşıdurma
Əməkdar artist Röya Ayxanın dünən Heydər Əliyev Sarayında 3 günlük konsert proqramı başlayıb. Aylar öncə haqqında məlumatlar yayılan konsertə isə jurnalistlərin bir qismi buraxılmayacaq.

Sarayın mətbuat katibi Anar Fərəczadə deyib ki, konsertə jurnalistlərin buraxılmamasına səbəb onlarla əlaqəli deyil: "Konsertin hər detalı ilə Röyanın komandası məşğul olur. Jurnalistlərin buraxılıb, buraxılmaması onlardan asılıdır”.

Röyanın prodüseri Vüsal adlı şəxs isə qeyd edib ki, konsertə xəbər portallarının əməkdaşları buraxılmayacaq: "Bəzi telekanallar çəkiliş üçün sarayda olacaq. Xəbər portallarının çəkilişinə icazə yoxdur. Konsertdən fotoları Röyanın fotoqrafı çəkəcək və mətbuata ötürəcək. Biz jurnalistlər üçün dəvətnamə ayırmışıq. Çəkiliş edə bilməsələr də, gəlib dincələ bilərlər".

Bəs, aylarla konsertini mətbuatda reklam etdirən əməkdar artistin bu addımına maqazin və mədəniyyət jurnalistlərinin fikri necədir?

"Kaspi" qəzetinin əməkdaşı Xəyalə Rəis deyib ki, hər müğənni konsert öncəsini mətbuat nümayəndələrinin sayəsində saytlarda özlərini reklam elətdirir: "Jurnalistlər olmasa, heç bir müğənninin ulduzu parlamaz. Bunu onların özü də yaxşı bilir. Konsertə buraxılmayan jurnalistlər bir daha həmin ifaçı haqda yazmayaraq onları cəzalandıra bilərlər. Özünə güvənib "artıq məşhuram, mətbuata ehtiyacım yoxdur" deyənlər unutmasınlar ki, onları qaldıran da bizik, endirən də...”.

Qafqazinfo saytının əməkdaşı Elvin Elxan bildirib ki, artıq müğənnilərin bu cür addımlarından təngə gəlib: "Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq”.

Axşam.az saytının əməkdaşı Zəhra Əhmədova deyib ki, tək Röya Ayxan deyil, hər hansı bir müğənninin bu cür addımı mediaya qarşı hörmətsizlikdir: "Əgər Röya belə bir fikirdə idisə, bunu əvvəlcədən deyərdi. İki-üç aydır saytlarda konsertini reklam etdirib, son anda onları tədbirinə buraxmayacağını deyir. Röyanın sırf özünün belə bir qərar verdiyinə inanmıram. Məncə, bu onun konsertinin təşkilatçıları tərəfindən atılan addımdır. Bunu da qeyri-peşəkarlıq hesab edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi