İşdən qovulan əməkdar artist prezidentə müraciət edəcək
Akademik Milli Dram Teatrının sabiq direktoru İsrafil İsrafilov tərəfindən işdən qovulan əməkdar artist Telman Əliyev hələ də işinə bərpa oluna bilməyib.
Gün.Az aznews.az-a istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, ona teatra yenidən qayıtmaq üçün mane olan qüvvələr var:
“Mən teatra yazılı şəkildə müraciət etdim. Oradan mənə bildirdilər ki, teatrda maliyyə problemi olduğu üçün sizinlə müqavilə bağlaya bilmirik. Bu problem aradan qalxarsa, müqavilə baglayacağıq. Bu cavabdan bir ay sonra eşitdim ki, mənə bu bəhanəni edənlər başqaları ilə müqavilə bağlayıblar. Mən də məsələni daha böyük səviyyədə araşdırmaq istədim”.
Aktyor qeyd edib ki, haqqının bərpa olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib:
“Nazirin qəbulunu gözləyirəm. Nazirin köməkçisindən isə 4 həftədir ki, cavab ala bilmirəm. Əgər nazirlə görüşümə mane olsalar, prezident İlham Əliyevə müraciət edəcəyəm, mediyaya uz tutacağam”.
Aktyor “Azdrama”nın yeni rəhbəri Azər Paşa Nemətovun onu işə qaytarmaq istəməməsini belə izah edib:
“Onun mənə aqressiv olmasının səbəbini bilmirəm. Məndən yaşlı olan aktyorlarla yenidən müqavilə bağlayıb, 3 nəfəri işə götürüb. Mənə isə başqa cavab verir, yəqin kiminsə tapşırığını yerinə yetirir”.
Xatırladaq ki, əməkdar artist Telman Əliyev 2014-cü ilin noyabrın 8-də AzNews.az-a müsahibə verib. Həmin müsahibəsində o, teatrda baş verən özbaşınalıqdan söz açıb, istedadlı aktyorlara qiymət verilməməsindən danışıb və Akademik Milli Dram Teatrının sabiq direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib. “Direktor “Azdrama”nı məhv edir” başlıqlı yazının tirajlanmasından sonra İsrafil İsrafilov onu işdən çıxarıb.