azia.az
azia.az

Neft gəlirləri azalır: Azərbaycan iqtisadiyyatı necə dayanıqlı artım əldə edə bilər?

Bu gün, 15:15

“Azərbaycanda neft hasilatının azalması iqtisadi artımın zəifləməsinə təsir göstərir. Buna görə əsas məsələ neft sektorunda yaranan azalmanı digər sahələr hesabına kompensasiya etmək və iqtisadiyyatın yeni artım mənbələrini formalaşdırmaqdır. Bunun üçün ilk növbədə qeyri-neft sənayesinin, kənd təsərrüfatı və aqrar emalın, logistikanın, İKT və rəqəmsal xidmətlərin, turizmin, mədənçıxarma və metallurgiyanın inkişafına diqqət artırılmalıdır”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“Burada əsas məqsəd xammal istehsalını artırmaq deyil, xammalı ölkə daxilində daha çox emal edərək əlavə dəyər yaratmaq olmalıdır. Məsələn, kənd təsərrüfatı məhsullarının sadəcə istehsalı deyil, onların emalı, qablaşdırılması və ixracı genişləndirilməlidir. Eyni yanaşma mədən sənayesinə də tətbiq olunmalıdır. Filizin hasilatı ilə kifayətlənmək əvəzinə onun emalı və metal əsasında sənaye məhsullarının istehsalı təşkil edilməlidir.

Qısa müddətdə nəticə əldə etmək üçün sıfırdan yeni sahələr yaratmaqdan daha çox, artıq mövcud olan potensialın genişləndirilməsi vacibdir. Bunun üçün özəl investisiyaların qarşısındakı inzibati və maliyyə maneələri azaltmaq, biznes kreditlərinə çıxışı yaxşılaşdırmaq, ixracatçılara logistika və maliyyə dəstəyi vermək lazımdır. Dövlət vəsaitləri də daha çox gələcəkdə ixrac və əlavə dəyər yarada biləcək layihələrə yönəldilməlidir”.

Ekspert vurğulayır ki, ən böyük potensial sahələrdən biri rəqəmsal iqtisadiyyatdır.

“Proqram təminatı, süni intellekt, informasiya texnologiyaları və rəqəmsal xidmətlərin inkişafı böyük həcmdə xammal və fiziki infrastruktur tələb etmir və xarici bazarlara xidmət ixrac etmək imkanı yaradır. Eyni zamanda Azərbaycanın coğrafi mövqeyindən istifadə etməklə logistika və tranzit xidmətlərinin genişləndirilməsi də əlavə valyuta gəlirləri formalaşdıra bilər.

Əslində əsas hədəf qeyri-neft sektorunun sadəcə ÜDM-də payını artırmaq deyil, onun ixrac qabiliyyətini gücləndirmək olmalıdır. Çünki daxili bazarın imkanları məhduddur. Neft gəlirlərinin azalması fonunda dayanıqlı iqtisadi artım üçün Azərbaycan daha çox qeyri-neft məhsulu və xidməti xarici bazarlara çıxarmalıdır.

Qısa müddətdə iqtisadiyyatın neftdən asılılığını tam aradan qaldırmaq mümkün deyil. Lakin düzgün investisiya siyasəti, özəl sektorun genişləndirilməsi, emal sənayesinin inkişafı və ixracın artırılması hesabına qeyri-neft sektorunun artım tempini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür”.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi