Qazaxıstanlı tədqiqatçılar MEK-in zəngin fondu ilə tanış olublar
Tədqiqat işi ilə əlaqədar Azərbaycanda səfərdə olan Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin dissertantları İndira Janakova və Ayjan Joldasxan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.![]()
AMEA Folklor İnstitutunun böyük elmi işçisi Lalə Bədirovanın müşayiəti ilə MEK-də olan qazaxıstanlı tədqiqatçılar kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, fondları və elmi-tədqiqat imkanları ilə yaxından tanış olublar.![]()
Qonaqlara MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Sərgi salonu, Xarici dillərdə ədəbiyyat, Nadir kitablar fondları, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın, qazilərimizin və Milli Qəhrəmanlarımızın xatirəsini əbədiləşdirən, kitabxana sistemində ilk və unikal olan Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verilib. ![]()
Bildirilib ki, MEK Azərbaycan elminin, milli-mədəni irsin və kitabxana-biblioqrafiya resurslarının qorunması, tədqiqatçılara təqdim edilməsi və beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm fəaliyyət həyata keçirir.![]()
Qazaxıstanlı tədqiqatçıların xüsusi maraq göstərdiyi məkanlardan biri müxtəlif ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər tərəfindən hədiyyə edilən qiymətli nəşrlərin yer aldığı MEK-in Diplomatik fondu olub. Burada Qazaxıstana aid xüsusi ədəbiyyat guşəsindəki nəşrlər qonaqlara nümayiş etdirilib.
Görüş zamanı tədqiqatçıların elmi araşdırmalarının aparılması üçün MEK-in fond və resurslarından yararlanmasının mümkünlüyü diqqətə çatdırılıb.