Məktəblərdə təhlükəsizlik qaydaları gücləndiriləcək? - AÇIQLAMA
Məktəblərin risk səviyyəsinə uyğun kateqoriyalara ayrılması ilə yanaşı, bir sıra təhsil müəssisələrində kamera, turniket, təcili vəziyyət düymələri və üz tanıma sistemləri tətbiq olunub. Məktəblərin ətrafında risk xəritələri hazırlanıb, həmçinin 31 min gözətçinin işə cəlb olunması nəzərdə tutulub. Milli Təhsil naziri Yusuf Tekin valideynləri uşaqların sosial media fəaliyyətinə və evlərdə saxlanılan qanuni silahlara çıxışına diqqət yetirməyə çağırıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, təhlükəsizlik məsələsi nəinki Türkiyədə, bütün dünyada, o cümlədən də Azərbaycanda vacib bir elementdir və bu istiqamətdə son vaxtlar bir qədər işlər görülüb:
"İndiyə qədər böyük məktəblərdə, xüsusilə şəhər məktəblərində, şagird sayı çox olan məktəblərdə yaşı 60-ın üzərində olan yaşlı xanımlar, bəylər mühafizəçi idilərsə, indi artıq müəyyən polisləri görürük. Böyük şəhərlərdəki məktəblərin əksəriyyəti artıq kameralaşıb. Həyətdə və dəhlizlərdə kameralar var. Bəzi hallarda valideynlər tələb edir ki, hətta bu siniflərdə belə olsun.
Bütün hallarda təhlükəsizlik tədbirlərinin ancaq xeyri ola bilər, bu işdə bir ziyan axtarmağa dəyməz. Türkiyə bir qədər həssas regiondur, bildiyimiz kimi, orada zaman-zaman silahlı insidentlər baş verib, şagirdlərin dünyasını dəyişməsinə, müəllimlərin yaralanmasına qədər hadisələr baş verib".
Müsahibimiz vurğuladı ki, Türkiyə qanunvericiliyinə görə, orada hər ailə, hər kəs özü üçün silah əldə edib istifadəyə yararlı vəziyyətdə evində saxlaya bilər:
"Azərbaycanda bu qaydalar bir qədər mürəkkəbdir. Çünki mütləq şəkildə ovçular cəmiyyətinin üzvü olmalısan, sağlamlıq haqqında arayışın olmalıdır, Daxili İşlər Nazirliyi buna icazə verməlidir.
Artıq Türkiyədə evlərdə olan silahlardan uşaqları təcrid etmək tapşırığı da var. Başqa bir məsələ də odur ki, artıq sosial şəbəkələr, yeniyetmələri cəlb edən kriminal oyunlar müəyyən ehtiyat tədbirləri görməyə sövq edir. O baxımdan Azərbaycan da müəyyən addımlar atmaq haqqında düşünməlidir, çünki bu sosial şəbəkələri artıq idarə etməkdən çıxıb".
Aytəkin TOFİQQIZI