Sidik ifrazı şikayəti ilə xəstəxanaya müraciət edən şəxsin bədənindən çoxlu sayda iynə tapılıb
Çində sidik ifrazı zamanı narahatlıq və sidikdə qan şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı kişinin bədənində dəhşətli fakt aşkarlanıb.
32gun.az bildirir ki, "New York Post" nəşrinin verdiyi məlumata görə, həkimlər xəstənin ürəyində və digər daxili organlarında çoxsaylı iynələr aşkar ediblər.
Xarici görünüşcə sağlam olan və həyati göstəriciləri norma daxilində görünən xəstənin müayinəsi zamanı həkimlər ürək nahiyəsində qeyri-adi kölgə müşahidə ediblər. Keçirilən kompyuter tomoqrafiyası (KT) nəticəsində kişinin bədənində — ürəyində, qarın boşluğunda, çanaq nahiyəsində, sidik kisəsində və hətta cinsiyyət orqanında çoxlu sayda metal iynəşəkilli əşyalar müəyyən olunub.
Ən təhlükəli predmet kimi ürəyin ətrafındakı qişanı (perikard) deşən 3,5 santimetrlik mil qeydə alınıb. Artıq korroziyaya uğramış həmin yad cisim cərrahi əməliyyatla bədəndən çıxarılıb.

Psixi inkişaf geriliyi olan xəstə iynələrin bədəninə necə düşdüyünü izah edə bilməyib. Məlum olub ki, iki il əvvəl də həkimlər onun qarın boşluğundan iki yad cisim çıxarıblar. Mütəxəssislər kişinin özünə xəsarət yetirmə ehtimalı üzərində dayanıblar.
Əməliyyatdan sonra xəstənin ürək fəaliyyətində pisləşmə qeydə alınsa da, 9 günlük müalicədən sonra o, evə buraxılıb. Həkimlər digər iynələri hələlik çıxarmamaq və xəstənin vəziyyətini nəzarətdə saxlamaq qərarına gəliblər.
Ayaz