azia.az
azia.az

Zəngəzur uğrunda DƏHŞƏTLİ savaş? - "Azərbaycanı ruslar da dayandıra bilməyəcək"

16-07-2021, 20:39

Zəngəzur uğrunda DƏHŞƏTLİ savaş? - "Azərbaycanı ruslar da dayandıra bilməyəcək"
“İlham Əliyev açıq şəkildə bildirdi ki, Sünik (Zəngəzur) sərhədlərində Rusiya Silahlı Qüvvələrinin olması onun üçün heç bir əhəmiyyət daşımır. Azərbaycan şimal qonşusu ilə müharibədən də qorxmur".

Redaktor.az xəbər verir ki, bu fikirlər Ermənistanın "Hayastan" qəzetində dərc edilən məqalədə bildirilib. Müəllif qeyd edib ki, Türkiyə və Azərbaycanın bir nömrəli məqsədi bölgəni Rusiyanın təsirindən çıxarmaqdır.

"Bakının təhlükəsizlik konsepsiyasındakı bu keçid o qədər sürətlə getdi ki, bir neçə ay əvvəl İlham Əliyev Rusiya ilə yaxın hərbi-siyasi münasibətlərdən danışarkən, bu gün rus qoşunlarına əhəmiyyət vermədən öz istəklərinə çatacaqlarını deyir", - məqalədə qeyd edilib.

Mövzu ilə bağlı suallarımızı cavablandıran politoloq Zaur Məmmədli bildirib ki, özünü tarixçi və politoloq adlandıran bəzi ermənilərin bəyanatları tamamilə cəfəngiyatdır:

“Onların 1920-ci ildə Zəngəzur ərazisini öz razılığımızla ermənilərə verməyimiz barədə dedikləri tamamilə absurddur. Hər kəsə məlumdur ki, o dövrdə Cənubi Qafqazda hansı rejim mövcud idi. Onların diqtəsi altında 1920-ci ilin noyabrın 30-da və dekabrın 1-də Zəngəzur iki yerə parçalandı və onun Qərb hissəsi Ermənistana verildi”.

Politoloq bildirib ki, Ermənistan həmişə olduğu kimi post-müharibə dövründə də Rusiyaya, Fransaya güvənərək Azərbaycana qarşı təxribatlarını davam etdirməkdədir:

“Bu təxribatların nə ilə nəticələndiyini biz 44 günlük müharibədə gördük. Prezident İlham Əliyev bu yaxınlarda bir daha Ermənistana xəbərdarlıq etdi. Yaxşı olardı ki, tarixçi alim və təhlilçilərimiz bu kimi iddialara reaksiya versin. Ermənistan KİV-ni izləyərkən görürük ki, onlar qorxu içərisindədir. Lakin onlar yenə də öz havadarlarına arxalanaraq nəyəsə ümid edirlər. Bu, qeyri-realdır. Ermənistanı bundan sonra heç kim qoruya bilməyəcək”.

Məqalədə təkcə qeyri-dəqiq siyasi analizlər yox, yalan məlumatlar da yer alıb. Qeyd edilir ki, guya 1920 və 1945-ci illərdə Sovet Azərbaycanının lideri Nəriman Nərimanov iki dəfə rəsmi olaraq Artsax, Zəngəzur və Naxçıvanın Ermənistan əraziləri olduğunu bildirdi və etiraf edib. Lakin tarix sənədlərdə, Nəriman Nərimanovun çıxışlarının heç birində belə fakt yoxdur.

Tarixçi alim, millət vəkili Musa Qasımlı bildirib ki, Naxçıvan, Qarabağ və Zəngəzur heç bir zaman ermənilərə məxsus olmayıb. Bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır:

"Toponimlər, uzun əsrlərin rəsmi sənədlərində saxlanılan mənbələrdə əhalinin say tərkibi qəti şəkildə təsdiq edir ki, ermənilər həmin ərazilərdə yaşamayıb. Ümumiyyətlə, ermənilər Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülüb. Zəngəzurun Ermənistana verilməsinə dair rəsmi sənədlər var. Ermənilər tarix arxivlərinə daxil olub həmin rəsmi sənədləri oxuya bilər. Sözügedən sənədlər Rusiya və Gürcüstan arxivlərində də var. Zəngəzur 1920-ci ildə Ermənistana verilib. Həta bu gün erməni xalqının paytaxt olaraq oturduqları İrəvan şəhəri də 1918-ci ilin mayın 29-da ermənilərə güzəşətə gedilib".

O bildirib ki, Zəngəzurun ermənilərə məxsus olmasına dair N.Nərimanovun heç bir sözü yoxdur:

"1920-ci ilin dekabr ayında verdiyi bəyanatda Nərimanov göstərir ki, Zəngəzur Ermənistana verilir. Bunu da o, özbaşına deməyib. Kommunist Partiyası tərəfindən Zəngəzurun Ermənistana verilməsinə dair fikir formalaşdırılmaq N.Nərimanova tapşırılmışdı. O da bu tapşırıq əsasında Zəngəzurun Ermənistana verilməsini elan edib. Başqa heç bir fakt yoxdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi