Ronaldo: “Mançester Yunayted” mənə xəyanət etdi”
“Mançester Yunayted” mənə xəyanət etdi”.
Bunu İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldo “The Sun” qəzetinə müsahibəsində deyib.
Ronaldo baş məşqçi Erik ten Haqın komandaya rəhbərlik etməsindən sonra oynamaq şansı olmadığını vurğulayıb. O, Erik ten Haqa da hörmət etmədiyini deyib.
"Mən ona hörmət etmirəm, çünki o, mənə hörmət etmirdi. Əgər mənə hörmət etməsən, mən də sənə hörmət etmərəm", - 37 yaşlı futbolçu niderlandlı baş məşqçi barəsində deyib.
"Məni davamlı olaraq komandadan getməyə məcbur edirdilər. Vəziyyətin pis olmasında məni günahlandırdılar. Bunu təkcə texniki direktor yox, klub ətrafındakı bəzi insanlar etdi. Özümü xəyanət edilmiş hiss etdim", - "Mançester Yunayted"də çox zərbə aldığını bildirən Ronaldo əlavə edib.
Ronaldo "Mançester Yunayted"in keçmiş ulduzu Ueyn Runini də hədəfə alıb: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm. Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə futbol oynadığım halda sənin futboldan təqaüdə çıxmağına görədir”.
O, komandanın ciddi dəyişikliklərə ehtiyacı olduğunu da bildirib. "Pikassonun dediyi kimi, bərpa etmək üçün məhv etməlisən. Əgər onlar mənimlə başlasalar, bu, problem deyil. "Mançester Yunayted"i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər. Amma onlar başqa şey etmək istəyirlərsə, etsinlər... Onlar çox şeyi dəyişməlidirlər”, - Ronaldu vurğulayıb.
Ulduz futbolçu komandadan getməyə hazır olduğunu da dilə gətirib.