azia.az
azia.az

Tərlan Əhmədov: “İlk dəfə bunu sizə açıqlayıram və bir daha...”

21-12-2021, 12:18

Tərlan Əhmədov: “İlk dəfə bunu sizə açıqlayıram və bir daha...”
Azərbaycanın tanınmış məşqçilərindən olan Tərlan Əhmədov ölkə futbolunda baş verən son hadisələrlə bağlı fikirlərini bölüşüb.

Veteran müdafiəçi Qaynarinfo-ya müsahibəsində yığmamızın Millətlər Liqasındakı şanslarını, o cümlədən Premyer Liqada mövsümün qış fasiləsinə qədər olan hissəsini dəyərləndirib.

Bundan əlavə, "Sumqayıt”ın baş məşqçisi olmaq perspektivinə toxunub, işsiz qalmasının səbəbləri haqda sualı cavablandırıb.

- Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirmənizi istərdik...

- Nə qədər xal toplayacağımızı deyə bilmərəm. Oynamaq lazımdır. Artıq bu qrupda heç kimi özümüzdən güclü saymamalıyıq. Hamı ilə mübarizə apara, xal qazana bilərik. Yalnız birinci yer üçün oynamalıyıq. Çünki Millətlər Liqasında ikinci yer tutan komandanın artıq heç bir şansı yoxdur. Əcnəbi məşqçini saxlayırıqsa, qarşısına birinci yer tutması üçün şərt qoyulmalıdır. Rəqiblərimiz, Slovakiyadır, yaxud kimdir, fərq etməz. "Qarabağ” Konfrans Liqasının 1/16 final mərhələsində oynayır. "Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ilk klubumuzdur. "Qəbələ” də Avroliqanın qrupunda çıxış edib. Deməli, yığma da bu il nəticə verməlidir. İl yarımdan çoxdur De Byazi komandanın başındadır. Millətlər Liqasında da çıxış edib və komandanı tam tanıyır. Yəni bəhanə ola bilməz. Slovakiya keçilməz deyil. Bu komandanı vaxtilə evdə 2:0 məğlub etmişik. Bir neçə il əvvəl isə həm evdə, həm də səfərdə uduzmuşuq. Qisas almaq zamanıdır. Belarus, Moldova, Qazaxıstan olsun, fərq etməz, hamısı normal, keçiləsi rəqiblərdir. Baş məşqçinin quracağı taktikadan, heyətə dəvət edəcəyi futbolçulardan çox şey asılıdır. O, yanlışlığa yol verə bilməz. Yaxşı çıxış etmək mümkündür. Komandanın son ilyarımda qələbəsi yoxdur, bu, çox acınacaqlı durumdur. Subyektiv fikrimdir ki, ikinci yer haqda düşünməməliyik.

- De Byazinin oynatdığı futbol, millimizin heyəti bizə birinci yer uğrunda vuruşmaq üçün imkan verirmi?

- Bilmirəm hansı takikanı seçəcək. Ancaq indiki yığma son 10 ilin ən yaxşı komandalarından biridir. Həm müdafiə, həm yarımmüdafiə, həm də hücum yüksək səviyyədədir. Sadəcə, düzgün strategiya, taktika seçilməlidir. Hər zaman bu fikri söyləyəcəyəm, beşli müdafiədən əl çəkməliyik. Çünki cinahlarda həmin sistem üzrə oynayacaq sürətli futbolçularımız yoxdur.

- İndiki heyət üçün ən yaxşı oyun üslubu hansı olar?

- 4-4-2 də oynada bilər. Fərqi yoxdur, sadəcə, onu demək istəyirəm ki, beşli müdafiədən əl çəkməliyik. Bu üslub ilə oynamağı bacarmırıq. İstəyirsən 0:1, istəyirsən 0:5 uduz. Hər ikisi məğlubiyyətdir. Belə fikirlərldən uzaqlaşıb qələbə üçün oynamalıyıq. Yaxşı oyunçularımızdan səmərəli istifadə etməliyik. Komandamızın hücum potensialı böyükdür. Evdə Lüksemburqa uduzuruqsa, Qətərlə, Serbiya ilə bacarmırıqsa, 1 xal qazanıb ona seviniriksə, bu, düzgün yanaşma deyil. Sistem bizə uyğun deyil, fiaskodur. Məğlubiyyətlər ardıcıl gəlir. "Qarabağ” uğurlu çıxış edirsə, bunun davamını gətirmək lazımdır. Deməli, yığmada da eyni sistem olmalıdır. Beş müdafiəçidən yapışmışıq, məğlubiyyətləri sıralayırıq, amma heç nəyi dəyişmirik. Sonra da klublarımızı günahlandırırq ki, düzgün strategiyaları yoxdur. O demək deyil ki, 4 komandamızın hamısı qrup mərhələsində olmalıdır. Real danışsaq, klublarımızın büdcəsi böyük deyil. Bəlkə, "Neftçi” nəsə edə bilərdi, alınmadı. Nələrsə dəyişməlidir. De Byazi buraxdığı səhvləri təkrarlamamalı, seçdiyi taktikadan uzaqlaşmalıdır.

- Premyer Liqanın qış fasiləsinə qədər olan hissəsi ilə bağlı nə düşünürsüz? Çempionatımızda dəyişiklik, hansısa klublarımızda irəliləyiş varmı?

- "Qarabağ” artıq formalaşmış komandadır. Özəyi saxlamaqla yeni futbolçular cəlb edirlər. Oturuşmuş heyətə sahibdirlər, uzun illərdir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Onun da öz strategiyası, sistemi var. Öz komandasını qurub. Digərlərinə gəlincə, "Qəbələ”də inkişaf görünür. Keçən il də uğurlu başlamışdılar, sonradan bir balaca büdrəmələr oldu. "Sabah”ın baş məşqçisi yenidir. Görək qış fasiləsindən sonra komanda hansı formada olacaq. Hələ ki, "Qəbələ” ilə "Qarabağ”dan başqa sabit oyun nümayiş etdirən üçüncü bir komanda görmürəm. Bəzən səfər, yaxud ev oyunlarında silsilə şəklində çox xallar itirirlər. Elmar Baxşıyev artıq öz komandasını qurub. Səhvləri təkrarlamırlar və uğurlu çıxış edirlər. Hiss olunur ki, sırf qələbə üçün meydana çıxırlar. Rəqiblərdən asılı olmayaraq, eyni taktiki sxemdə oynayırlar. Sevindirici haldır ki, komandanın aparıcı futbolçuları Azərbaycanda yetişir. Ülvi İskəndərov, Rövlan Muradov aparıcı üzvlərdir. Ülvi hər oyunda meydana çıxandan sonra qollar vurur. Bu, hücumçuya xas olan üstünlükdür. Rövlan hər dəfə oyunu ilə komandasına kömək edir. Amma heç biri milliyə dəvət almırlar. Klubun büdcəsinin azaldılmasına, eniş yaşayacaqlarını düşünməyimizə baxmayaraq, belə olmadı. Belə komandanın formalaşdırılmasına görə Fariz Nəcəfova, Elmar Baxşıyevə təşəkkür düşür. Digərlərində isə sabitlik və baxımlı futbol görmədik. Düşünürəm ki, yeni nəfəslər olmalıdır. Builki çempionatda "Qarabağ”a yalnız "Qəbələ”ni rəqib görürəm. "Qarabağ” qış fasiləsinə qədər həmişə qeyri-sabit çıxış edərdi. Fikrinin 70 faizini demək olar avrokuboklara yönəldirdilər ki, uğurlu çıxış etsinlər. Ancaq bu il Konfrans Liqasında oynaya-oynaya çempionatda da böyük sıçrayış etdi. "Neftçi” keçən il çempion olan heyəti saxlasa belə, həmin oyunu nümayiş etdirə bilmədi. Göstərdilər ki, komandada stabillik yoxdur. Bunun hansı səbəblərdən irəli gəldiyini isə demək çətindir. Çempionluq adını saxlamaq, davamını gətirmək, ilk oyunlardan başlamalı idi. "Qarabağ”ın Konfrans Liqasındakı çıxışından istifadə edib irəliyə keçməli idilər. Təəssüf ki, oyunlarında eniş var.

- Səhvləri nədə görürsünüz?

- Daxili problemlər. Hiss olunur ki, komandada inciklik var. Sönük oyun nümayiş etdirirlər. Daxildəki problemlər qış fasiləsində həllini tapmalıdır. Əks halda "Neftçi”dən uğurlu çıxış gözləməyə dəyməz.

- Bu gün komandada baş məşqçi dəyişikliyinə ehtiyac varmı?

- Hazırda nə "Neftçi”də, nə də digər klublarda baş məşqçi dəyişikliyi olmasını istərdim. Tez-tez məşqçi dəyişkliyi heç vaxt uğura gətirib çıxarmır. Kompromis olmalıdır. Məşqçilər futbolçularla dil tapmalıdır. Biz məşçqçilərin gördüyü işin bəhrəsi futbolçuların meydançadakı oyunlarıdır. Bəzən yazırlar ki, məsələn, "Tərlan Əhmədov futbolçularla dil tapa bilmədiyi üçün komanadadan getdi”. Amma deyən yoxdur, necə olur ki, son pillələrdə olan komanda nəticə verib yüksələndə futbolçular niyə oynayırdı? Deməli, futbolçu ilə ünsiyyət var, məşqçinin dediyini yerinə yetirir. Nəticə öz-özünə gəlmir. Fikrimcə, düzgün analizlər aparılmır. "Sumqayıt”dan Ayxan Abbasovu göndərdilər. Mən də bu həyatı yaşamışam. Yəqin "Neftçi”də də hansısa problemlər var. Məşqçi heyəti, rəhbərlik bunu həll etməlidir. Komanda qış fasiləsindən sonrakı 14 turu yüksək tonda keçirməlidir. O vaxt mən "Neftçi”ni götürəndə 5 oyundan 1 xalı vardı. Rəhbərlik səviyyəsində mənə demişdilər ki, heç olmasa komanda 4-5-ci yerlərdən birini tutsun, öz adına layiq oynasın. Qış fasiləsindən sonra 14 oyunun 10-da qələbə qazandıq. İki oyunda məğlub olduq, cəmi iki dəfə heç-heçə etdik. Elə saytlar var ki, oxunması üçün qıcıqlandırıcı nələrsə yazırlar. Mən həmişə təbii qarşılamışam. Bu gün də "Neftçi” haqqında çox şeylər yazırlar. Sadəcə, rəhbərlik düzgünlük tapmalıdır. Nə olur-olsun, "Neftçi”nin çempionluq üçün şansı var. Kim desə ki, 11 xallıq fərq çoxdur, belə deyil. "Zirə” bir neçə futbolçunu yola saldı, yenilərini gətirdi. Komanda haradasa sıxıntı vəziyyətindədir, qeyri-sabit oyuna keçdilər. "Qarabağ”la oyundan sonra Rəşad Sadıqov yayda komandanı formalaşdıra bilmədiyini demişdi. Yəqin ki, hansısa səbəblər var. Yəni, təkcə məşqçinin problemi deyil. Bu il həmin səhvlər olmamalıdır. "Neftçi” də keçən il buraxdığı səhvləri bu il düzəltməlidir. Heyət baxımından isə "Qarabağ”dan geri qalmırlar. Sadəcə, hansısa problemlər varsa, həll olunmalıdır.

- "Sumqayıt”da Ayxan Abbasovdan sonra boş qalan baş məşqçi postu üçün bir sıra məşqçilərlə yanaşı, sizin də adınız çəkilir. Klubdan sizinlə danışıq aparan olub? Yaxud belə təklifə necə baxardınız?

- Çox xahiş edirəm bunları yazın (gülür). Mən mətbuata açıq adamam. Hər şeyin izahlı açıqlamasını verirəm ki, heç kimin qəlbində suallar qalmasın. Yaydan bəri bəzi saytlar məni görüşdürmədikləri adam qoymadılar. Yazırlar ki, guya, Elxan Məmmədovdan (AFFA-nın icraçı vitse-prezidenti – red.) iş istəmişəm. Guya, kimlərinsə üstünə adam göndərmişəm ki, filankəsi çıxarıb məni işə götürsünlər. Mənim işim nəticələrimdir, onlar da göz qabağındadır. Həyatımda heç vaxt kimdənsə iş istəməmişəm. Düzdür, Elxan Məmmədovla görüşmüşəm. Amma şəxsi məsələlərlə əlaqədar. İlk dəfədi bunu sizə açıqlayıram və bir daha toxunmayacağam. Tərlan Əhmədov 14 ildir heç bir tədbirə çağırılmır. Futbolumuzun 100 illiyinə aid olan tədbirdə Azərbaycanın Avropa çempionu olmuş futbolçusunun adı zalda çəkilir, amma özü iştirak etmir. Səbəbinin nə olduğunu bilmirəm. Niyə, mən nə etmişəm? Mən Azərbaycanın aparıcı futbolçulaından biri, Avropa çempionu, illərlə yığmanın, müxəlif klublarımızın kapitanı olmuşam. Kiminsə arxasınca nəsə danışmışamsa, gəlib desin. Sözü üzə deyən adamam. Adıma illərlə söz çıxardılar. Yəni bu məsələləri danışmamışam. İnanın ki, Elxan Məmmədova iş üçün gəldiyimi deməmişəm. Bəs niyə 14 ildir heç bir tədbirə dəvət almıram? Niyə mənə belə münasibət göstərilir? Görüş zamanı qəlbimdə olan sözlərin hamısını dedim. Səbəbini necə izah etməsi ilə bağlı heç nə deməyəcəyəm, normal söhbətimiz oldu. İnanın ki, bugünə qədər heç kim təklif verməyib. Dostlardan eşidirdim ki, guya məni yığmaya, nəbilim, "Sabah”a Ramin Quliyevin yerinə gətirirlər. Belə söhbətlər yoxdur. Ordan-burdan eşitdiyim sözlərdir. Adım hər dəfə hallanır, ancaq özüm hazırda heç yerdə deyiləm. Avqustdan bugünə qədər, 16 aydır işsizəm. Bu müddətdə heç bir klub rəhbərliyi ilə görüşməmişəm. Nə də harasa dəvət ediblər. Heç bir menecer deyə bilməz ki, hansısa klub mənimlə iş görüşməsində olub. Bu gün mənim üçün də ürəkağrıdıcıdır ki, Ayxan Abbasov postundan getdi. Çünki istər-istəməz komandanın uğurlu çıxışı var. Onun istefaya getmsi xoş deyil. İndi boş yer ya mənə, ya başqa yerli məşqçiyə, ya əcnəbiyə təklif olunacaq, bilmirəm.

- Sizə təklif olunsa qəbul edərsiniz?

- Hər halda təklif olsa, baxaram.

- "Sumqayıt”ın strategiyasını bəyənirsiniz, sizi qane edir?

- Olmayan şey haqda heç nə deyə bilmərəm. İstər AZAL, "Neftçi” və ya "Keşlə” olsun, gördüyüm iş göz qabağındadır. Harasa təyin olunandan sonra öz işini görməyə başlayırsan. Belə nəyisə deməyi xoşlamıram, çünki bu bizim üçün düzgün yanaşma olmaz. İndi yaşadığımız dönəmdə hansısa hadisəni törətməyə ehtiyac yoxdur. Bir insanı istəmirlərsə, onu ictimailəşdirirlər, haqqında elə fikirlər formalaşdırırlar ki, insanları həqiqətən belə olduğuna inandırırlar. Adamı elə vəziyyətə salırlar ki, öz-özündən şübhələnirsən. Bunları yaşaya-yaşaya gəlirik. Son ilyarımda da elə şeylər eşitdim ki... Mən də veteran futbolçu kimi jurnalistlərə sual verirəm: Niyə nəticə verən məşqçi işdən çıxarılır, nəticə verməyənlərlə illərlə müqavilə bağlanılır?

- Ola bilərmi həmin məşqçinin xarakteri rəhbərlik üçün "sərfəlidir”?

- Hamı ilə yola gedən adamam. Arxamca o qədər yazırlar ki. Dilimə də gətirə bilmirəm, niyə insanlar yalana üstünlük verirlər? Bu dünya yalan üzərində qurulub. Yalanlara da milyardlarla insan inanır. Mən klublardan eyni ssenari ilə işdən çıxarıldım. Amma nəticə verməyən məşqçinin strategiyasını bəyənib müqavilə müddətini uzadırlar. Niyə? Bəlkə mən də nəticə verməyim?

- Mətbuata açıq olduğunuzu bildirdiniz və həqiqəti deyirsiniz. Bəlkə iradlarınız, tənqidləriniz kimlərinsə xoşuna gəlmir?

- Hər şey ola bilər. Yığmanın uğurunu ən çox istəyən insanam. Niyə millimiz Millətlər Liqasında 1-2 xal toplamalıdır, AÇ-nin seçmə mərhələsində uğursuz çıxış etməlidir? Yığma əcnəbi məşqçilərə tapşırılır, amma nəticə yoxdur. Mən keçmiş fubolçu kimi səhvləri kənardan açıq-aydın görürəm. Mənim işim düzgün olmayanı deməkdir. Təhqir etmirəm ki. Sadəcə, nəyin düzgün olduğunu deyirəm və bu bir fikirdir. Demirəm ki, filankəsin yerinə məni gətirin. Bunun arzusunda və heç kimin çörəyinə bais olmaq fikrində deyiləm. Allaha xoş getməz. Bir dəfə olub ki, komandada məşqçi varkən mənə təklif göndəriblər. O zaman da həmin rəhbərliyin cavabını vermişəm, suları süzülə-süzülə gediblər. Mən sadəcə, yığmanın uğurlu çıxışını istəyirəm. Şansımı gözləyirəm. Yəqin ki, nə vaxtsa mən də işləyib çörək qazanacağam. Adım var, nəticə vermişəm, işim ortada. İndi necə qəbul edirlər etsinlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi