Peyğəmbər, yoxsa satqın? - İngiltərənin gizli qəhrəmanının hekayəsi
66 il əvvəl, noyabrın 25-i dünya futbol tarixinə qızıl hərflərlə yazılacaq hadisə baş verdi. Çoxları düşünür ki, məhz bu oyundan sonra futbolun kitabı yenidən yazıldı. İngiltərə "Uembli”də Macarıstana 3:6 hesabı ilə məğlub oldu. "Qüdrətli madyarlar" İngiltərə futbolu ətrafında dolaşan məğlubedilməzlik əsatirini məhv etdi. Uzun illər dünya futboluna yuxarıdan aşağı baxan britaniyalılar inanılmaz şok yaşadılar.
XXI əsrin prizmasından baxanda 1950-ci ildə ABŞ-a məğlubiyyətdən sonra albionlular qarşısında olan hof itməli idi, lakin 50-ci illərin mətbuatını oxusanız, İngiltərə millisi qarşısında olan qorxu sizi vahiməyə gətirər. Hər kəs ingilislər qarşısında təzim edir, öz oyun tərzlərini onların oyun tərzinə bənzətməyə çalışır, ingilis futbolçuları bütləşdirirdilər. Bu səbəbdən də 1953-cü ilin noyabrında baş verən hadisə özündən müştəbeh, məğrur, tarix boyu hər kəsə yuxarıdan aşağı baxan ingilislər üçün qəfil ölüm təsiri yaratdı. Haradan gəldikləri aydın olmayan, mənşəyi bilinməyən hansısa madyarlar onların futbol məbədini mundarladı, İngiltərə millisini isə bütün dünyanın gözü önündə alçaltdılar. Oyun bitəndən sonra özünə gəlməmiş britaniyalılar ikinci şoku yaşadılar. Belə ki, qalib macarlar oyun bitər-bitməz tribunada "Aston Villa"lı gənc yetirmələrinin əhatəsində əyləşmiş 70 yaşlı qocaya yaxınlaşıb, ona öz təşəkkürünü bildirməyə başlayanda, bütün stadion baş verənlərdən tam bixəbər halda donub qalmışdı. Bəs bu qoca, keçəlləşmiş ağsaqqal kim idi?
Şandor Barç (Macarıstan Futbol Federasiyasının prezidenti): "Futbol haqda bildiklərimizi bizə o öyrədib".
ustav Şebeş ("Qızıl komanda"nın baş məşqçisi və Macarıstanın idman nazirinin birinci müavini): "O, bizə necə öyrətmişdisə, elə də oynayırdıq. Onun adı futbol tarixinə qızıl hərflərlə yazılmalıdır".
Billi Rayt (İngiltərə millisinin kapitanı): "Oyundan sonra bu insan haqda "satqın" kəlmələri daha yüksək səslə eşidilməyə başladı".
Bu ifadələrin hamısı bir nəfərin - Ceyms (Cimmi) Hoqanın şəninə səslənirdi. Norman Saksın onun haqqında yazdığı kitabın adı da çoxmənalıdır: "Peyğəmbər, yoxsa satqın?"
Cimmi Hoqan satqın idimi? Satqın idisə, kimləri satmışdı? Taleyin təsadüfü onda idi ki, Hoqan heç ingilis də deyildi. O, radikal katolik olan irland ailəsində dünyaya göz açmışdı, daha sonra isə ailə bir parça çörək üçün Yaşıl adadan İngiltərənin Lankaşir əyalətinə köç etmişdi. İrlandiya o zaman məhz elə ingilislərin dırnağarası köməyi ilə tarixinin ən ağır çağlarını yaşayırdı. Elə indi də "ayrişlər" öz tarixi zülmkarlarına nifrət edir, bacardığı qədər onlara badalaq vurmağa çalışırlar. Təsəvvür edin, kasıb irland ailəsindən çıxmış və şotland futbol stilini tərənnüm edən Hoqanın futbol oynamağı öyrətdiyi macarlar "Uembli"də İngiltərə millisinə futbol master-klassı keçir. Bəli-bəli, məhz şotland stili.
Qabartmağı çox sevən biri kimi, Norman Saks Cimmi Hoqanı "total futbol"un yaradıcısı" adlandırır. Hazırda dünyanın bir nömrəli futbol tarixçisi hesab olunan Conatan Uilson da onu təsdiqləyir və Hoqanı Herbert Çepmendən daha yüksək zirvəyə qoyur. Hesab olunur ki, Hoqan xırda ötürmələr üzərində qurulmuş Şotlandiya futbolunu təkmilləşdirib, daha sonra dünya futbolunu lərzəyə gətirəcək "total futbol"un əsasını qoymuşdu. Hoqanın dahiliyi təkcə özündə yox, əsrin əvvəlində Avropa ölkələrinə mühacirət edib, burada futbolu inkişaf etdirən bir çox britaniyalı məşqçiyə xas bir xüsusiyyətdə cəmləşmişdi. İngilis məşqçilər - İspaniyada Pentland, Çexiyada Medden, İtaliyada Qarbatt... - futbola professionallıq gətirdilər. Britaniya futbolu doğrudan da XX əsrin əvvəllərində dünya futbolundan bir neçə addım irəlidə idi. Lakin onların çatışmayan cəhətləri yox deyildi. Özündənrazı ingilislər illərlə dəyişməyən oyun stilinə üstünlük verir, küt və sadə oyuna imkan yaradır, çox primitiv məşq sistemindən istifadə edirdilər. Əksər psevdo-məşqçilərin oyunlararası məşq prosesi sıravi yüngül atlet hazırlıqlarından heç nə ilə fərqlənmirdi. Bir çox məşqçilər, ümumiyyətlə, düşünürdülər ki, futbolçular oyundan kənar topla çalışmalar etməli deyillər. Belə hallarda İngiltərədə məşqçi funksiyaları daha çox menecerliyi xatırladırdı. Məşqçi deyilən kəslərin işi futbolçuları stabil sxem üzrə meydana yerləşdirmək və oyun zamanı onlara nəzarət etməkdən ibarət idi. Avropaya köç etmiş çalışdırıcıların üzərinə isə daha böyük yük düşürdü. Onlar futbolu təbliğ etməli, yeni yaranan idman növünü digər ölkələrə təqdim edib, oyuna marağı artırmaqla məşğul olmalı idilər. Məsələn, Hoqan 20-30-cu illərdə Almaniyada yaşayarkən, şəhərləri gəzib futbol haqda mühazirələr oxuyur, uşaqların qarşısında top çiləməklə gənc tamaşaçılarda maraq oyadırdı.
"Bernli", "Suonsi", "Fulhem", "Bolton"... - görünən odur ki, Hoqan hücumçu kimi o qədər də uğurlu olmayıb. Maraqlıdır ki, 1882-ci ildə radikal katolik ailəsində dünyaya gəlmiş Cimminin valideynləri oğullarını yalnız keşiş qismində görürdülər. Onun pul müqabilində işləməsi ata-ana tərəfindən heç də birmənalı qarşılanmamışdı. Hər şey Hollandiya səfərindən sonra dəyişdi. "Bolton" burada yerli "Dordrext" komandasının daşını daş üstündə qoymadı və futbola "yeni salam" deyən niderlandları 10:0 hesabı ilə darmadağın etdi. Oyunu kənardan izləyən Hoqan öz dəftərçəsində qeydlər aparırdı. Xüsusilə də "Dordrext" futbolçularının əzmi və öyrənməyə meylli olduqları onun diqqətini çəkmişdi. Bu səbəbdən 1910-cu ildə 28 yaşlı Cimmini Hollandiya baş məşqçi vəzifəsinə dəvət edəndə Hoqan bir an belə tərəddüd etmədi. Beləcə, Hoqanın kontinental karyerası başladı.
Hollandiya futbolunun inkişafı da elə məhz Ceyms Cimmi Hoqanın adı ilə bağlıdır. Məşqçi karyerasını "Dordrext"də başlayan qəhrəmanımız qısa zamanda ölkəyə futbol mədəniyyətini gətirdi. "Narıncılar"ın tarixindəki ilk böyük qələbə də məhz onun adı ilə bağlıdır. Maraqlıdır ki, Hoqan Hollandiya millisini baş məşqçi qismində cəmi 1 oyuna çıxarıb, bu da Almaniya millisinə qarşı tarixi 2:1 hesablı qələbəyə təsadüf edib.
Hoqanın artan şöhrəti zamanın ən məşhur futbol adamlarından biri olan Huqo Mayzldan da yan ötmür. Dahi rəhbər və menecer olan Mayzl taktiki bacarıq baxımından o qədər də güclü deyildi. Lakin Avstriya futboluna yeni nəfəs gətirmək istəyən "maestro" Hoqanı ölkəsinə dəvət etdi. Maraqlıdır ki, ilk olaraq Mayzla Cimmini hələ 1912-ci ildə Macarıstanla keçirilən yoldaşlıq oyunun baş hakimi olan bir ingilis məsləhət görmüşdü. Beləliklə, Avstriyanı Olimpiya Oyunlarına məhz Hoqan hazırlamağa başladı. Komanda turnirdə uğur əldə etməsə də, artıq növbəti yüksəlişin konturları sezilirdi. Hoqan və Mayzlın dostluğu düz 25 ilə yaxın davam etdi və Huqonun gözlənilməz ölümü onları ayırdı. Mayzl "anşlyus"u görmədən qəfildən dünyasını dəyişdi. Bəlkə elə belə də olmalı idi. Dahi reformatorun, sevimli ölkəsinin və "futbolun Motsartı" sayılan Sindeların başına gələn hadisələri görməməsi, bəlkə də, daha humanist bir son idi...
Birinci Dünya müharibəsi Hoqanın planlarını korrektləşdirdi. Savaş başlayanda Hoqan Vyanada idi və düşmən ölkənin vətəndaşı kimi həbs edilmişdi. Böyük çətinliklə, dostlarının yığdıqları külli miqdarda pul müqabilində onu azad etmək mümkün olur. İşsiz qalmış Cimmi hər gün yerli polis bölməsinə gedib, olduğu yerlər haqda izahat verməli, şəhərdə qeydiyyata düşməli idi. Çarəsiz Hoqanı xoşbəxt təsadüf xilas etdi: Macarıstan MTK-sının rəhbəri Alfred Bryula onun haqda məlumat verilmişdi. Əlaqələrini işə salan Bryul əzab-əziyyət hesabına olsa belə, Hoqanı Macarıstana gətirdi. Məhz burada Hoqan bütün taktiki biliklərini ortaya qoymağa başlayır və macar futboluna yeni nəfəs gətirir. Onun küçələrdən yığdığı futbolçular "Ferentsvaroş"un hegemoniyasına son qoyaraq 6 il dalbadal çempion olmağı bacarır. MTK-nin heyətində əsas fiqurlardan biri - Dunay şvabı olan İmre Şlosser - Leketuş macar futbolunun əfsanələrindən birinə çevrildi, komandada Dyerd Ort və Yozef Braun parlamağa başladılar. 1918-ci ildə MTK keçirdiyi 22 oyunun 21-də qalib gələrək çempionatı fantastik 147-10-luq göstərici ilə bitirdi.
1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdı və Hoqan uzun illər görmədiyi ailəsinin yanına - İngiltərəyə qayıtdı. Amma vətəni Cimmi üçün heç də darıxmamışdı. Əksinə, ölkəsi onu "satqın" kimi qələmə verirdi. Cəsur ingilis əsgərləri cəbhədə döyüşərkən Hoqan Macarıstanda kef çəkirmiş... İşsizlik və səfalət içində boğaza yığılan Cimmi geriyə - Macarıstana qayıtmağa qərar verir. Hoqanın İngiltərə dönəmi barədə maraqlı bir əhvalat da var. Bir gün o, İngiltərə Futbol Assosiyasiyasının keçmiş futbolçulara 200 funt kompensasiya ödədiyini öyrənib, ora baş çəkmək qərarına gəlir. Hoqanın xahişini eşidən katib Frederik Uoll şkafa tərəf fırlanır, oradan bir cüt corab götürüb qəhrəmanımıza uzadır və deyir: "Bacardığım budur. Cəbhədəki əsgərlərə də bunlardan göndərirdik. Çox razılıq edirdilər". Bundan sonra Hoqanın geriyə - Budapeştə qayıtmaqdan başqa çarəsi yox idi.
Geri qayıdan Hoqan öz ilkin göstəricilərini təkrarlaya bilməyəcək, lakin futbolun gələcəyinə təsir edəcək bəzi məqamların müstəsna katalizatoru olacaqdı. Hoqan İngiltərəyə birinci dəfə qayıdandan sonra onun bayrağını digər britaniyalı Herbert Bercess (Hər iki "Mançester divi"nin heyətində forma geymiş Herbertin Macarıstandan sonrakı məşqçilik karyerası yalnız İtaliya ilə bağlıdır) ələ keçirdi. Hoqan 20-ci illərdə İsveçrəyə də baş çəkir. O, burada Dori Kirşnerə yardım etməyə başlayır. Hətta işbirliyi sonda komandanın 1924-cü ilin Olimpiya Oyunlarında gümüş medal qazanmasına da gətirib çıxarır.
Hoqanın tələbəsi olan İsidor (Dori) Kirşner 1937-ci ildə Braziliyaya təşrif buyurur, "Flamenqo" və "Botafoqo"da məşqçilik edir və "sambaçılar"a taktika anlayışını aşılayır. Məhz Kirşnerin gəlişindən sonra Braziliya futbolu yeni nəfəs qazanır və regionun dominant ölkələri olan Uruqvay və Argentinaya cırmaq atmağa başlayır. Cənubi Amerikaya köç etmiş digər macar isə İmre Hirşldır. "Hoqanın əlindən su içmiş" Hirşl əvvəlcə Braziliyaya gedir, daha sonra onun adı Argentinada oyun alqı-satqısı qalmaqalında hallanır və ən nəhayət, Uruqvayda lövbər salır. "Penyarol"u yeni səviyyəyə qaldıran madyar yeni nəsil uruqvaylı futbolçular yetişdirir. Həmin gənc uruqvaylı futbolçular böyüyüb, 1950-ci ildə "Marakana"ya şok yaşadırlar. Komandanın kapitanı Obdulio Varela qeyd edir ki, final oyununda baş məşqçi Xuan Lopes Fontana öz taktiki quruluşunu bir kənara atıb, məhz Hirşlin qaralamaları ilə oynamağa başlamışdı.
1929-cu ildə Hoqan üçüncü dəfə MTK-nin baş məşqçisi olur. Komanda heç nə əldə etmir, lakin Cimminin fəlsəfəsi gənc, çəkməçi oğlu Qustav Şebeşə çox böyük təsir göstərir. O qədər təsir göstərir ki, illər sonra "qüdrətli madyarlar"la xariqələr yaradan Şebeş hər şeyə görə məhz müəllimi hesab etdiyi Hoqana minnətdarlığını bildirirdi. Hoqan Almaniyada da işləyir. 30-cu illərdə "Drezdner"ə rəhbərlik edən Cimminin yolları burada gənc və perspektivli Helmut Şönla da kəsişir. Həmin Şön uzun illər sonra Almaniya millisini baş məşqçi qismində Avropa və dünya çempionu edəcəkdi. 72-ci ilin titulunu görən Hoqan, 74-cü ilin DÇ-sından bir neçə ay öncə dünyasını dəyişir. Almanlardan danışarkan bir haşiyəyə də çıxaq. İkinci Dünya müharibəsindən əvvəl "Nürnberq" və "Bavariya"da iki macar - Hoqanın tələbələri olmuş Kalman və Yene Konrad qardaşları ölkədə at oynadırdı.
Maraqlıdır ki, Hollandiya, İsveçrə, Macarıstan və Almaniyada adından söz etdirmiş Hoqan öz doğma ölkəsində uğurlu ola bilmədi. Son olaraq "Aston Villa"ya başçılıq edən Cimmi komandanı ikinci cəhddən yüksək liqaya çıxartdı, növbəti mövsümün gedişində isə istefaya göndərildi. Bundan sonra Hoqan şəhərdə qalır və komandanın gənclər komandasında yeni oyunçular yetişdirməyə başlayır. 1960-cı ildə "Aston Villa" və Şimali İrlandiya millisinin oyunçusu Piter Makparland Belfastda Almaniya millisinə qarşı keçirilən oyundan sonra Birmingemə qayıtmağa hazırlaşırdı. Vəziyyət elə gətirir ki, o, Almaniya millisinin futbolçu və məşqçilər heyəti ilə eyni təyyarəyə əyləşməli olur. O zaman Almaniyanın baş məşqçinin köməkçisi Helmut Şön Makparlanda yaxınlaşır:
- Cimmi Hoqanın indi harada olduğunu bilirsən?
- Bəli, elə sabah Birmingemdə onunla görüşəcəm.
Şön vərəqdə nəsə yazır, sonra məktubu Makparlanda uzadır və onu mütləq Hoqana çatdırmağını xahiş edir: "O, dahi şəxsiyyətdir".
Tərcümə: Məmməd İmanov