Azərbaycan güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Bildirilir ki, onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.
Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Ukraynada davam edən münaqişəyə görə Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.
UWW bəzi mühüm yarışların təşkilatçılığıyla bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə Dünya Kubokunun Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçığı isə Zaqrebə həvalə olunub.
Həsən