Böyüklər arasında Avropa çempionatı Latviyada keçiriləcək
8-13 mart 2016-cı il tarixdə Latviyanın paytaxtı Riqada böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Martın 7-də isə Dünya Güləş Birliyi Avropa Şurasının Konfransı keçiriləcək. İclasda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev iştirak edəcək.
Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında çempionatda iştirak edəcək.
Qadın güləşi üzrə yarışlarda baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yığma komandanın heyətinə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq) və Gözəl Zutova (69 kq) daxil edilib.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.
Çempionatın proqramına əsasən, martın 8, 9, 10 və 11-də sərbəst və qadın güləşi üzrə, 12-13 martda isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə saat 21:00-da başlayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi I-S dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.