Bakıda idman gimnastikası üzrə FIG "Challenge" Dünya Kubokunun açılış mərasimi keçirilib
Fevralın 19-da Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun rəsmi açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, rəsmi açılış mərasimində çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, son illər Azərbaycan idmanının yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir: "Artıq ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, dünya və Avropa çempionatları, beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir".
O, əlavə edib ki, məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə məmnunluqla razılıq verirlər: "Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".
İ.İsmayılov bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olunacağına əminliyini ifadə edib: "İdman gimnastikası dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idman gimnastikasına diqqət və maraq xeyli artıb və bunun nəticəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunur, idman bayramına çevrilir. Fürsətdən istifadə edərək, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında iştirak etdiklərinə görə qonaq idmançılara minnətdarlığımı bildirirəm".
Nazir müavini belə bir mötəbər yarışın respublikamızda keçirilməsinə köməklik göstərdiyinə görə Beynəlxalq Gimnastika Federasiyasınin rəhbərliyinə də təşəkkür edib: "Dünyanın 19 ölkəsinin idmançılarının qatıldığı bu yarış, şübhəsiz ki, Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə əldə etmələrinə münbit şərait yaradacaq. Əminəm ki, yarışı izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbir unudulmaz bir idman bayramına çevriləcək. Ona da inanıram ki, belə bir yarışda öz qüvvələrini sınayan idmançılar avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında da öz bacarıqlarını nümayiş etdirəcəklər. Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".
Daha sonra Dünya Kubokunun rəsmi açılış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Nelli Kim iştirakçıları və idmansevərləri salamlayıb: “Mən, Bakıda idman gimnastika üzrə FIG Dünya "Challenge" Kubokunun açılış mərasimində iştirak etdiyimə və Sizi Beynəlxalq Gimnastika Federasiyası adından salamladığıma görə çox şadam.
Azərbaycan Gimnastika Federasiyasının ölkədə bütün gimnastika növlərini inkişaf etdirmək istiqamətində gördüyü işlər bu gün artıq öz bəhrəsini verir. Bakı ilk dəfədir ki, əhəmiyyətli tədbirlərin təşkili üçün bütün lazımi şəraiti olan məkanda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokuna ev sahibliyi edir”.
N.Kim qeyd edib ki, bu ilin "Challenge" seriyasına aid ilk Dünya Kuboku yarışlarına start vermək üçün 19 ölkəni təmsil edən iştirakçılar Azərbaycanın paytaxtına toplaşıblar: “Yarışlara 45 kişi və 22 qadın idmançı qatılıb. Bu gimnastika növünün əsas xüsusiyyəti ondan ibarətdir ki, hər bir alətin müxtəlif ölkələrin təmsilçiləri tərəfindən, özünəməxsusluqla fəth edən peşəkarı var. Əminəm ki, bir çox ölkələrin himnləri dünyanın gimnastika növləri üzrə ixtisaslaşmış möhtəşəm məkanlarından biri olan bu idman qurğusunda səslənəcək.
Hər bir Dünya "Challenge" Kuboku mərhələsi idmançılara ilin ən mühüm yarışları – Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları öncəsi öz çıxış proqramlarını təkmilləşdirmək üçün gözəl bir imkan yaradır. Bu gün, bizi Olimpiadaya aparan yolun hələ başlanğıcındayıq. Hər bir gimnastın nailiyyəti nəticədə bizim gimnastika növünün ümumi inkişafına səbəb olur.
Mən, yarışları yüksək səviyyədə keçirmək üçün gördüyü bütün işlərə məsuliyyətlə yanaşdığına görə Yerli Təşkilat Komitəsinə öz təşəkkürümü bildirirəm. Bütün gimnastlara uğur, kifayət qədər güc və yüksəliş arzu edirəm! Hər kəsə müvəffəqiyyətlər və yarışlardan zövq almağı diləyirəm!”
Dünya Kubokunun rəsmi açılış mərasimində iştirak edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çıxışı zamanı deyib: “Hər birinizi idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunda xoş gördük. Toplaşdığımız Milli Gimnastika Arenasının açılışı 2014-cü ilin aprel ayında ölkə Prezidenti cənab İlham Əliyev və xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın iştirakı ilə baş tutdu. Elə həmin ilin iyun ayında arena Bədii Gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi etdi. Bakı 2015 İlk Avropa Oyunlarının çərçivəsində isə bu yarış meydançasında 6 gimnastika növü üzrə yarışlar keçirildi. Bu yarışlarda gimnastlarımız ümumilikdə 7 medal qazandı. Bunlardan beşi idman gimnastlarının payına düşdü. Ötən il müstəqil Azərbaycanın kişi idman gimnastikasının tarixində ilk dəfə olaraq, Oleq Stepko Dünya Çempionatının bürünc medalını qazandı".
A.Həsənov bildirib ki, məhz bu qələbələrimiz bizi bu gün ilk dəfə idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunu keçirməyə şövqləndirir: "Əminəm ki, bu sınaqdan da layiqincə çıxacağıq və Beynəlxalq Gimnastika Federasiyası ilə sıx əməkdaşlıq edərək ölkəmizdə bu cür yarışların təşkili bir ənənəyə çevriləcək. Bu gün yarışların iştirakçıları arasında kifayət qədər güclü və tanınmış idmançılar var. Bütün gimnastlara, nümayəndə heyətlərinin üzvlərinə xoş gəldin deyirəm və yeni qələbələr arzulayıram".
Vitse-prezident deyib: "Əminəm ki, onların uğurlarının sədalarını Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarından eşidəcəyik. Bu yarışların keçirilməsində əməyi olan təşkilat komitəsinin hər bir üzvünə, buraya toplaşan tamaşaçılara minnətdarlığımı bildirirəm və növbəti gimnastika bayramı münasibətilə hamınızı təbrik edirəm!