"Şeydayevin “ölü”sü belə Qurbanidən üstündür" - Tərlan Əhmədov
"Elə heyəti görən kimi təəccübləndim. Baş məşqçi Lüksemburqa qarşı müdafiə futboluna üstünlük vermişdi. Biz Lüksemburqdan da qorxuruqsa, beş müdafiəçi ilə meydana çıxırıqsa, mənim deyəcəyim söz yoxdur. Bu futbolu oynamayaq... 43 ilimi futbola həsr etmişəm, yığmanın kapitanı olmuşam. Milli komandanı belə halda görəndə az qalır ürəyim partlasın".
Bu sözləri Azia.az-a açıqlamasında tanınmış futbol mütəxəssis Tərlan Əhmədov millimizin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla (1:2) oyunu barədə danışarkən deyib.
Yığmanın sabiq kapitanı uğursuzluğun səbəbini baş məşqçi Canni De Byazinin yalnış heyət seçimində görür:
"Lüksemburq məğlubiyyətinin səbəbkarı istisnasız olaraq, baş məşqçidir. Mahir Emreli Polşanın iddialı klublarından olan “Legiya”nın lideridir, Anton Krivotsyuk “Visla Plotsk”un əsas heyət üzvüdür, Namik Ələskərov “Bursaspor”da özünə yer edib. Buna baxmayaraq, Canni De Byazi onlara start heyətində yer vermir. Səbəb? Guya o birilərdən 3-4 gün gec qoşulublar komandaya. Halbuki, elə qayda-qanunla onlar vaxtında gəlib.
Çıxış etdiyi ölkələrin çempionatında oyun keçirib gəliblər də, istirahət etməyiblər ki. Deməli, məntiqlə onlar daha yaxşı formada olmalıdır. Baş məşqçi “daha güclüləri daha güclü rəqibə qarşı meydana buraxaram” düşüncəsində olubsa, bu da məntiqsizlikdir. Sən 3, ən pis halda, 1 xal götürə biləcəyin rəqibə səhlənkar yanaşıb nisyənin arxasınca niyə qaçırsan?
Mahiri, Namiki qoydum kənara, Ramil Şeydayevin “ölü”sü belə Əli Qurbanidən üstündür. “Qarabağ”lıların çoxluq təşkil etdiyi start heyətində elə Ramili oynat da. “Sabah”da oynayanda hamı Şeydayevi tənqid edirdi ki, zəifləyib. İndi ki, “Qarabağ”dadır və Qurban Qurbanov müntəzəm şans verir. Ramil də taran tipli hücumçudur. Üstünlüyü ondadır ki, qarşısında boş zona olanda, sürətindən istifadə edə bilir, alınmayanda da arxadan dəstək gələnə qədər topu ayağında saxlaya bilir. Əli Qurbanidə bunların heç biri yoxdur.
Ümumiyyətlə, əvvəl hücumçu qıtlığı olduğunu nəzərə alıb legionerlərə göz yumurduq. Axı indi özümüzünkülər var, yaxşı formadadılar. Elə müdafiə xətti də düzgün qurulmamışdı. Sol ayağı işlək olan Anton qala-qala, Azər Salahlını niyə mərkəz hücumçusu mövqeyinə çəkəsən ki? Beşli müdafiə taktikası Azərbaycanda özünü doğrultmur. Bu taktikaya üstünlük verənlərin avrokubokdakı aqibətini gördük.
Mən baş məşqçinin Filip Ozobiçlə bağlı qərarını da başa düşmədim. Komandaya ilk dəfə cəlb olunan bir futbolçu start heyətində yer alır, özü də sona qədər meydanda qalır. O, millidə tədricən oynamalı idi. Hansısa yoldaşlıq görüşündə iştirak etməyib, komandaya alışmayıb. Nə olsun ki, heyətdə “Qarabağ”ın futbolçuları var, onları tanıyır. Amma hər bir yeni futbolçu gəldiyi komandaya tədricən uyğunlaşmalıdır”.
Tərlan Əhmədov sabah keçiriləcək İrlandiya ilə oyundan da qorxduğunu qeyd edib:
"Çox ehtiyat edirəm ki, Mahir, Anton və Namik klubuna döndükdən sonra formasında eniş müşahidə olunacaq. Çünki klubda özlərini göstərdikdən sonra milliyə də kömək edəcəklərinə inanırdılar. De Byazi isə onları “sındırdı”. Hətta mən İrlandiya ilə oyundan da qorxuram. Mümkündür ki, atmosfer korlanıb, özünəinam zəifləyib. Millinin bərbad nəticə ilə Bakıya dönəcəyindən qorxuram. Düzdür, əksi də ola bilər. Ola bilər ki, Lüksemburq yenilgisindən qıcıqlanan futbolçular yaxşı nəticə üçün vuruşsunlar. Ancaq mən şansımızın çox olduğunu düşünmürəm”.
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.