azia.az
azia.az

"Nə vaxta qədər Mahir, Namik, Ramil dura-dura Əli Qurbanidən yapışacağıq?!" - Tərlan Əhmədov

2-09-2021, 19:54

"Nə vaxta qədər Mahir, Namik, Ramil dura-dura Əli Qurbanidən yapışacağıq?!" - Tərlan Əhmədov
"Heyət bəlli olanda artıq məyus oldum. Start "11-lik" düzgün qurulmamışdı".

Bu sözləri tanınmış mütəxəssis Tərlan Əhmədov millimizin dünən DÇ-2022-nin seçmə mərhələsində səfərdə Lüksemburqa acı məğlubiyyətindən (1:2) sonra Offsideplus.az-la həmsöhbət olarkən deyib.

49 yaşlı mütəxəssis hazırda Avropada legioner həyatı yaşayan futbolçularımız, o cümlədən istedadlı yerli oyunçularımız qala-qala hücum xəttində Əli Qurbaninin oynadılmasından gileylənib:

"Bu gün Mahir Emreli Polşa futbol camiəsində böyük hörmət qazanıb. Qollar vurub "Legiya"nı Avroliqanın qrup mərhələsinə daşıdı. Ondan savayı, Anton Krivotsyuk, Namik Ələskərov, RamiL Şeydayev, Rəhim Sadıxov... Bu futbolçular dura-dura biz niyə Əli Qurbanidən yapışmışıq? Axı o, millimizə uyğun futbolçu deyil. Məğlub ola-ola gedirik, yenə də Əli Qurbani əsas heyətdə oynayır. Start "11-liy"i görəndə artıq dedim ki, bizi fiasko gözləyir. Mahirgilin oyuna start heyətdə başlamamasının səbəbi kimi məşqlərə gec qoşulmaları göstərilir. Nə olsa belə, millimizin ən yaxşı futbolçuları dünən ilk hissədə meydanda olmalı idi. Filip Ozobiç isə milliyə dəvət alan kimi rəsmi oyunda debüt etdi. Buna nə ad vermək olar?".

Əhmədov millimizin ilk hissədəki çıxışını sərt tənqid edib:

"Birinci hissədəki oyun ümumiyyətlə, oyun deyildi. Orada futbol adına heç nə yox idi. İkinci yarıda isə tam başqa oyun gördük. Çünki Mahir, Namik, Rəhim meydana daxil olmuşdu. Sürətli əks-hücumlar izləyirdik. İstər-istəməz gedişat tam dəyişdi. Bunu birinci hissədə etmək lazım idi. Onlar niyə ehtiyatda oturmalı idi? Səbəb nə idi? Yorğunluq məsələsini ön plana çəkirlərsə, Azərbaycandan gedən futbolçular yorğun deyildimi? Çempionatımızın iki turu üstəgəl avrokubok matçları burdakı futbolçuların da fiziki durumuna təsir etmişdi. Bir sözlə, baş məşqçinin seçdiyi bu heyət acınacaqlı idi. Açığı, Azər Salahlını müdafiənin mərkəzində görəndə təəccübləndim, çünki o heç vaxt bu mövqedə oynamayıb. Mən istərdim ki, "4-4-2", ya da "4-3-3" sistemi ilə oynayardıq və Azər cinahda daha effektli olardı. Klubunda müdafiənin cinahında oynayan futbolçunu niyə Lüksemburqla rəsmi matçda mərkəzdə oynadırıq? Nə vaxta kimi "5-li" müdafiə ilə çıxış edəcəyik? Artıq bu sistemdən çıxmayılıq. Nə vaxta kimi rəqibdən, qol buraxmaqdan qorxacağıq? Futbol oynamaq lazımdır. Üstünlüyü hücum xəttinə verək, hücumameyilli oyunçuların sayını artıraq. Onda yaxşı oyun da göstərəcəyik, qələbə də qazanacağıq. 4 müdafiəçi yetər bu komanda üçün".

O, bu cür futbola görə yeganə günahkar kimi baş məşqçi Canni de Byazini görüb:

"Buna görə yeganə günahkar baş məşqçidir və cavabını da o verməlidir. Ki, niyə ən yaxşılar start heyətdə meydana daxil edilmədi, niyə biz Lüksemburq kimi komandaya məğlub olduq? Malta, Cəbəllütariq, Lixtenşteyn kimi ölkələrin futbolu inkişaf edir, biz yerimizdə sayırıq. Yenə də deyirəm, dünənki oyun və məğlubiyyət baş məşqçinin ayağına yazılmalıdır. Çünki heyəti təyin edən birbaşa odur, və yanlış heyətlə də uğur qazanmaq olmaz. Səbəbini özü də bilir".

Tərlan Əhmədov qarşıdakı oyunlar barədə proqnozunu da verib:

"Dünənki oyundan sonra deyəcəyim bir söz yoxdur. Futbolçular bu məğlubiyyəti unutmaq üçün bütün gücünü səfərbər etməli və toparlanmalıdırlar. Bu məğlubiyyət onları ruhdan salmasa yaxşıdır. Hər birimizin ümidi vardı. İndiki yığma son illərin ən yaxşı seçməsi idi. Heyətdə "Qarabağ"ın 7 futbolçusu çıxış edirdi. Heyf ki, bu oyunda acı nəticə ilə üzləşdik. Qarşıda İrlandiya və Portuqaliya ilə qarşılaşmalar var. İrlandiyanın "ikinci mərtəbə"də necə oynadığını bilirik. Dünən Portuqaliyaya standart vəziyyətdən vurduqları qol da onların standart vəziyyətlərdə hansı potensiala sahib olduğunun göstəricisidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi