Əfqan Talıbov De Byazini "ağ yudu, qara sərdi"
“Futbol mütəxəssisi olmağımızı bir kənara qoyaq, azarkeş kimi hamımızın bir komandamız var: milli. Təəssübkeşlik, azarkeşlik edirik, təəssüf ki, hər dəfə məyus oluruq. Hər dəfə sonda nəsə çatışmır. Hər məşqçidə bir problem çıxır”.
Bu sözləri Fanat.Az-a açıqlamasında təcrübəli mütəxəssis Əfqan Talıbov Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa uduzduğu görüşü (1:2) şərh edərkən deyib. Talıbov yığmamızın xüsusilə ilk hissədə inamsız təsir bağışladığını, erkən qol buraxdıqdan sonra toparlana bilmədiyini vurğulayıb:
“Qolu tez buraxdıq, belədə inamsızlıq artdı. Lüksemburqa isə əksinə, imkan verildi ki, özlərinə inam yaransın. Deyərdim ki, Lüksemburqla yox, onların iki-üç futbolçusu ilə bacarmadıq. Sinani və Rodriges müdafiə xəttimizi tamamilə çaşbaş salmışdı. Rəqib birinci-ikinci zonadan çıxmaqda çətinlik çəkdiyimizi görüb pressinq etməyə başladı. Şahruddini topu başlamağa, müdafiəçiləri hücumu qurmağa qoymurdular. Nəticədə iki-üç ötürmədən sonra əlaqə kəsilirdi”.
Təcrübəli mütəxəssis Canni De Byazinin heyət seçimini kəskin şəkildə tənqid edib:
“Birinci hissənin gedişində Canni De Byazi hiss etdi ki, heyətlə bağlı səhvlərə yol verib. Bunu hamı bilir ki, legioner həyatı yaşayan futbolçuda stimul, özünəinam potensialı artır. De Byazi ne etdi – onları ehtiyatda saxladı. Əli Qurbani hücumda topsuz qaldı. Nə sağdan ötürmə gəldi, nə soldan, nə qapıya zərbələr oldu.
Baş məşqçi heyət seçimi edə bilmir. “Filan oyunçu klubunda parlayır, onu çağırım” yanaşması ilə kifayətlənmək olmaz. Baxmalısan ki, uyğunluq var, ya yox? De Byazinin sabit heyəti yoxdur. Bu gün Əli oynayır, sabah Vəlini meydana buraxır, o birisi gün Hüseynə şans verir. Mən “Sumqayıt”ın hücumçusunu qınamıram. O bilmirdi nə etsin. O hansı tipdə hücumçudu, yığmanın digər üzvləri hansı tipdə? Ozobiç, Tural, İsmayıl, Abbas, Maksim pas oynayır. Əli Qurbani o üslubda oynaya bilmir axı. O, “Sumqayıt”da öyrəşib ki, kəskin ötürmələr alsın, hava mübarizələri aparsın.
Belə başa düşdüm ki, baş məşqçi Lüksemburqla ilk hissəni az qüvvə sərf etməklə yola vermək, rəqibi yormaq, ikinci hissədə əsas qüvvəni döyüşə atıb onların işini bitirmək taktikası seçmişdi. Ancaq Lüksemburqa yuxarıdan aşağı baxmamalıydı. İndi futbol oynaya bilməyən komanda yoxdur. Üstəlik, Lüksemburq İrlandiyanı səfərdə məğlub etmişdi.
İkinci hissədə oyunu üzərinə götürə bilən futbolçuların meydana girməsi ilə vəziyyət nisbətən dəyişdi. Ancaq etiraf etməliyik ki, üstünlüyü ələ almağımızda meydan sahiblərinin taktiki addımının da rolu oldu. Hesabda 2 top fərqi ilə öndə olduqları üçün meydanın mərkəzini bizə verib əks-hücumlara bel bağladılar. Görəndə ki, hesabda fərqi azaltdıq, daha böyük qüvvə ilə onlara çətinlik yaradırıq, son dəqiqələrdə yenə pressinq etməyə başladılar”.
Əfqan Talıbov futbolçuları da qınayıb və illərdi buraxılan səhvlərin davam etdiyini vurğulayıb:
“Bütün günahı baş məşqçinin üzərinə yıxmaqla futbolçuları təmizə çıxarmaq istəmirəm. Məsələn, illərdi müşahidə etdiyimiz səhvlər bu gün də qalmaqdadı. Cərimə meydançasında rəqibə qarşı elə sürüşmə fəndi edərlər? Başa düşürəm, istəklidilər, amma o epizodda qapıya birbaşa təhlükə yox idi. Qol epizodu yaratmaqda yenə çətinlik çəkirik. Bundan başqa, oyunun əvvəlində top buraxanda yenə “mandraj”a düşürük”.
Üç oyundan sonra xal qazana bilməyən yığmanın baş məşqçisi istefaya göndərilməlidirmi? Talıbov qarşıdakı 2 oyunun De Byazinin taleyini müəyyənləşdirəcəyini düşünür:
“Fikrimcə, İrlandiya və Portuqaliya ilə oyunlar Canni De Byazinin baş məşqçi postunda qalıb-qalmaması baxımından həlledici olacaq. Lazımi müddət gözlənilib, çempionatla, futbolçularla, ümumi səviyyə ilə tanış olmasına imkan verilib. Millətlər Liqasında şans verilib, DÇ-nin seçmə mərhələsində 4-5 oyun gözləyiblər. AFFA ona bütün şəraiti yaradıb. Sadəcə, zaman gözləmir. Nə qədər yaxşı, savadlı məşqçi olsan da, sistemli, mükəmməl məşq keçsən də, hətta əvvəl gözəl nəticələrin olsa da, yenə sonda səndən qələbə tələb edirlər. İrlandiya ilə səfər, Portuqaliya ilə ev oyununda xallar qazanılmasa, baş məşqçinin göndərilməsi labüddür. Foqts kimi illərlə gözləməyə ehtiyac yoxdur. Lap Lüksemburqu və İrlandiyanı burda udacağına ümid etsən də. Bu heyətə, bu futbolçulara heyifim gəlir. Beş oyundan sonra “0” xalımız olacaqsa, bu, futbolçuların əhval-ruhiyyəsini məhv edəcək”.