Qurban Qurbanov Azərbaycan milli komandasının məğlubiyyətindən danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov millimizin Şimali İrlandiya ilə görüşü barədə fikirlərini APA-ya bildirib
Qurban Qurbanov millimizin sıralamada mövqeyinin qaydasında olduğunu söyləyib.
- Millinin Şimali İrlandiya ilə oyununu izlədinizmi? İzlədinizsə, təəssüratlarınızı bilmək maraqlı olardı...
- İzlədim. Təəssüratlarım normaldı. Belə şeylərə hazır olmalıyıq. Turnir cədvəlinə baxdıqda, hər şeyin qaydasında olduğunu görürük. Digər oyunlara hazırlaşmaq üçün xeyli vaxtımız var. Oyuna gəldikdə, çətin qarşılaşma oldu, hava şəraiti də əlverişsiz idi. Qollardan 3-ü standart vəziyyətdən vuruldu. Fiziki baxımdan isə danışmağa dəyməz. Rəqib bu komponentdə bizdən üstün idi. Rəqiblə Bakıda cavab oyunumuz var. Bu, bizim üçün üstünlükdü. Oyunun gedişatı nəticəyə uyğun gəlmir, bu matç 4:0-lıq oyun deyildi.
- Matçdan əvvəl əksəriyyət Robert Prosineçkini düzgün heyət seçməməkdə qınayırdı. Mütəxəssis kimi, sizcə, baş məşqçi hansı seçimdə yanlışlığa yol vermişdi?
- Bu işə nəinki biz, heç kim qarışmalı deyil. Bilmirəm, qələbə qazandıqdan sonra əvvəlki “11-liy”i tərifləyirdilərmi? Bizim görmədiyimiz, düşünmədiyimiz məqamlar ola bilər. Robert bunları gördüyü üçün ola bilsin, heyətdə dəyişiklik etməyi lazım bilib. Onun futbolçudan nə tələb etdiyini heç kim bilmir, bunu yalnız oyun zamanı görmək mümkündü. Emin Mahmudov niyə oynamasın ki? Zəif futbolçu deyil. Bu gün yaxşı kollektiv yığışıb millidə. Hamısı bir-birini tamamlayan futbolçulardı. Ona görə də bu haqda danışmağın yeri yoxdu.
- Yerli futbolçuların psixologiyasına bələdsiniz. Bu cür situasiyadan sonra hansısa enişin yaşana bilərmi?
- Biz niyə onların üzərinə getməliyik? 4 oyundan cəmi 1-də uduzmuşuq. İndi futbolda elə vəziyyət yaranıb ki, istənilən komanda bu hesabla uduza bilər. Bunu millinin oyununda da, digər çempionatlarda da görürük. Belə vəziyyətlərə hazır olmalı, millinin üzərinə çox getməməliyik.
- Əvvəlcədən də bilinirdi ki, Şimali İrlandiya standart vəziyyətlərdən və “ikinci mərtəbə”dən yaxşı yararlanır. Siz hansı alternativ variantlardan istifadə edərdiniz?
- Gəlin özümüzü o yerdə görməyək. Baş məşqçinin işinə qarışmağı, nəyi düzgün etdiyini, hansı yanlışlığa yol verdiyini deməyi düzgün hesab etmirəm. Hər bir baş məşqçinin o cümlədən mənim karyeramda böyükhesablı məğlubiyyət var. Təxminən 1 ay əvvəl biz də 1:5 hesabı ilə yenilmişdik “Fiorentina”ya. Belədə nə deyim?
- “Qarabağ”ın millidəki üzvlərinin çıxışından razı qaldınızmı?
- Mənim qiymət verməyim düzgün olmazdı. Yeniliblərsə, hamının payı var. Məşqçi onları lazım bildiyi üçün meydana buraxıb və hansı tələblər etdiyini bilmirik.
- “Qarabağ”da vəziyyət necədi? Artıq futbol dünyamız 1/16 finalın bir addımlığında hiss edir komandanızı. Bu baxımdan, təzyiq hiss edirsinizmi?
- Biz niyəsə tələsirik. Bəzən böyük ümidlərlə yanaşırıq. Amma əks nəticə ilə üzləşən zaman komandaya antipatiya yaranır. Futboldu, bir məğlubiyyət hər şeyi dəyişə, qrupumuzdakı 3 komandaya şansı yarada bilər. Ona görə diqqətli olmalı, əlimizdən gələni etməliyik. İndi pley-offu yox, səfərdə keçirəcəyimiz oyunu düşünməli və qələbə qazanmaq üçün düzgün oynamalıyıq.