Elit hakim karyerasını bitirdi - Əliyar Ağayev üçün şans
Sloveniyalı Elit hakim, zədədən əziyyət çəkən Damir Skomina karyerasını başa vurub.
Azia.az-ın məlumatına görə, o, bu gün mətbuat konfransı keçirərək, qərarını açıqlayıb.
Skomina hakimliyə 1992 -ci ildə başlayıb. O, 2012 -ci ildə Avropa Çempionatında, UEFA Super Kubokunun finalında, həmçinin, 2017 -ci ildə Stokholmda keçirilən Avropa Liqasının finalında (Mançester Yunayted - Ajaks) idarəçilik edən ilk sloveniyalı hakim olaraq tanınıb.
2018 -ci ildə, ümumiyyətlə, Sloveniya hakimliyi üçün yeni bir tarixi mərhələ olan DÇ -də debüt edib. Daha sonra karyerasının tacı olan Çempionlar Liqasının finalında (2019, "Liverpul" - "Tottenhem") əsas söz sahibi olub.
Əslində, Damir Skomina karyerasına keçən ilin noyabrında ara verməli olub. O, "Brügge" ilə "Borussiya Dortmund" arasındakı ÇL matçında zədə alıb. Beləliklə, bu, 45 yaşlı referinin karyerasında idarə etdiyi son oyun olub.
Elit kateqoriyalı hakimin karyerasını bitirməsi 27 nəfərlik siyahıda vakant yer deməkdir. FİFA referimiz Əliyar Ağayev isə birinci kateqoriyadadır. Həm də "talant qrupu”ndadır, hansı ki, orda cəmi 11 hakim var. Bu o deməkdir ki, artıq Əliyar elit hakim olmağa əsas namizəd olan həmin 11 referidən biridir.