Çempionlar Liqası: "Barselona", yoxsa "Bavariya"?
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
"Azia.Az"ın məlumatına görə, yarımfinala 3-cü vəsiqə uğrunda İspaniya “Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gələcəklər.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək.
Kataloniya təmsilçisinin heyətində Samuel Umtiti, Jan-Kler Todibo və Dani Morer zədəli olduqları üçün vacib görüşü buraxacaqlar. Münhen klubunda isə Benjamen Pavar eyni səbəbdən komandasına kömək edə bilməyəcək.
Bu cütün qalibi yarımfinalda "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 2 yarımfinalçı artıq məlumdur. İtaliya "Atalanta"sını mübarizədən kənarlaşdıran PSJ (Fransa) və "Atletiko"ya (İspaniya) qalib gələn Almaniya təmsilçisi "Leyptsiq" adlarını növbəti mərhələyə yazdırmağı bacarıblar. Bu komandalar finala vəsiqə uğrunda görüşdə bir-biri ilə qarşılaşacaqlar.
13 avqust.
Çempionlar Liqası, 1/4 final.
23:00. “Braselona” (İspaniya) – “Bavariya” (Almaniya).
Baş hakim: Damir Skomina.
Portuqaliya, Lissabon. “Eştadiu da Luş” stadionu.