MEK tərəfindən Qazaxıstan Kitabxanasındakı “Azərbaycan ədəbiyyatı guşəsi”nə kitablar hədiyyə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Qazaxıstanın Aktobe şəhərinin Mərkəzi Vilayət Kitabxanasında yeni yaradılan “Azərbaycan ədəbiyyatı guşəsi”nə dəstək məqsədilə mübadilə fondundan 150-dən artıq dəyərli nəşr hədiyyə edib.
Mərkəzi Vilayət Kitabxanasının oxucularının faydalanacağı, milli-mədəni irsimizin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində mühüm əhəmiyyətə malik nəşrlər sırasında ölkəmizin dövlətçilik tarixini, mədəniyyətini, ədəbiyyatını, eləcə də Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən məlumatlar yer alıb.
Qeyd edək ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu atılan addımı yüksək dəyərləndirərək hər iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin, əlaqələrin dərinləşməsinə dəstək məqsədilə görülən bu kimi işlərin mühüm əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.