MEK-də “Aida İmanquliyeva - 85” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib
Sərgi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 85 illiyi münasibətilə təşkil edilib.
MEK-in direktoru dosent Hüseyn Hüseynov, alimlər, ictimaiyyət nümayəndələri, kitabxana oxucuları xalqımızın tarixində ilk qadın azərbaycanlı ərəbşünas alim, elmlər doktoru, professor Aida xanım İmanquliyevanın zəngin elmi əsərləri, pedaqoji fəaliyyətini əks etdirən ədəbiyyatlara baxıblar.
Sərgidə alimin özünün müəllifi olduğu “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Cübran Xəlil Cübran”, “Novruz Şərq ölkələrində”, "Mixail Nuayme və Qələmlər birliyi” dərs vəsaiti, alim haqqında qələmə alınan "Dünya deyilən sənmişsən...", “Aida İmanquliyeva yaradıcılığının izi ilə. Şərq ruhunun Qərb həyatı”, “Ölməzliyə aparan yol”, “Şərq və Qərb ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”, o cümlədən “Şərqşünaslıq İnstitutu-50” elmi araşdırmalar toplusu, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayı, “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Aida İmanquliyeva” adlı biblioqrafiyalar və digər dəyərli nəşrlərlə yaxından tanış olublar.
Qərb və Şərq elmi, mədəni əlaqələrinin sintezinin yer aldığı ənənəvi sərgi Azərbaycan və xarici dillərdə istifadəçilərə təqdim edilir.
İctimaiyyətlə əlaqələr şöbəsi