azia.az
azia.az

Şərq ədəbiyyatı fondunun inciləri

12-04-2022, 16:23



"Elm öyrənmək üçün dünyanın uzaq guşəsinə qədər get”
Məhəmməd Peyğəmbər (s.ə.s.)



Mədəni insan, kitabı özünün ayrılmaz bir parçası halına gətirən, kitabxananı məbəd qədər müqəddəs qəbul edən, oxuyan, duyan və düşünən insandır. Qısacası mədəniyyət kitabdır, kitabxanadır.
Şərq dünyasında ilk kitabxana təsis etmək təşəbbüsünü irəli sürən və həyata keçirən şəxs, ömrünü tibb və kimya elminə həsr etmiş Əməvi Şahzadəsi Xalid bin Yezid bin Müaviyyə (m.ö. 690) olmuşdur.
Uzun illər damla-damla toplanmış ən qiymətli milli sərvətimizin bir hissəsi olan AMEA MEK-in Şərq ədəbiyyatı fondunun mövcudluğu sayəsində tarix, coğrafiya, fəlsəfə, məntiq, dil və ədəbiyyat, ilahiyyat, Şərqşünaslıq, astronomiya, iqtisadiyyat, tibb, fizika, riyaziyyat, və s. elm sahələrinə aid yazılan yüzlərlə sanballı tədqiqat əsərləri Şərq Fondunun kitab xəzinəsinə daxil olmuşdur.
Şərq ədəbiyyatı fondu şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli və əvəzsiz məxəzlərdən biri və nadir kitabların sayına görə MEK-in ən diqqətəlayiq fondlarından biridir.Şərq ədəbiyyatı fondunun inciləri
Burada Şərqə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövrü mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu və 64 adda dövrü mətbuat nüsxələri, fotosurətlər və mikrofilmlər mühafizə olunur. Fondda, həmçinin, Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanmışdır.
Burada Nizamişünaslığın banilərindən biri, İran və Dəməşq Ərəb EA-nın müxbir üzvü Y.E.Bertelsin (4287 nüsxə: 2347 nüsxə Şərq və Avropa, 1940 nüsxə Rus və b. dillərdə), islam və ərəb ölkələrinin orta əsrlər üzrə mütəxəssisi Y.A.Belyayevin (229 nüsxə: 220 nüsxə Ərəb, 9 nüsxə Fars dillərində), Şərqşünas alim B.N.Zaxoderin (2077 nüsxə), diplomat Zahid Hüseynzadənin (524 nüsxə), tanınmış macar türkoloqu akad. G.Hazainin (1948 nüsxə: 1268 nüsxəsi Türk dilində, 680 nüsxəsi Qərbi Avropa dillərində) şəxsi kitab kolleksiyaları qorunub mühafizə edilir.
İnqilaba qədər və inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycanda nəşr olunmuş kitab və dövrü mətbuatı özündə cəmləşdirən Arxiv fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. Arxiv fondu Azərbaycanın ictimai fikir tarixinin öyrənilməsində böyük rol oynayır. Bu fond nəinki Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının tədqiqi, araşdırılması və öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Arxiv fondunda (1593 nüsxə) Qədim dövr və Orta əsr Azərbaycan ədəbiyyatına dair nadir nüsxələr: M.Fizulinin “Leyli Məcnun”(۱۲۶۳-1825/ Arx. 641), S.Ə.Şirvaninin “Divani-Məsnəviyyat”ı(۱۳۱۳-1895. Arx. 1531), Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”(۱۳۱۱-1893. Arx.1525) və “Ağa Kərim Xan Ərdəbili”(1911-ci il, Səda mətbəəsi Arx. 90) əsərləri, “Vay Şələkum Məələkum” komediyası(1911-ci il, Səda mətbəəsi Arx.88), Ö.F.Nemanzadənin “Dəvət”(1905-ci il, Qeyrət mətbəəsi, Arx. 1019) əsəri, “Molla Nəsrəddin” imzası ilə əsərlərini qələmə alan Cəlil Məmmədquluzadənin “Usta Zeynal”(۱۳۲٤-1905-cı il, Qeyrət mətbəəsi, Arx. 34) və “Qurbanəli bəy”(۱۳۲۵-1907-ci il, Qeyrət mətbəəsi, Arx.316) əsərləri, N.Nərimanovun “Sərf Nəhv”(۱۳۱۷-1899, Arx.868), Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”(۱۳۳٠-1912-ci il, Arx.116), A.Şaiq Talıbzadənin “Qurban bayramı”(۱۳۳۱-1913-cü il, Arx.1600), Ü.Hacıbəyovun “Harun və Leyla” adlı 5 pərdəli musiqili pyesi(1915-ci il, Orucov qardaşları mətbəəsi, Arx.1095), “Arşın Mal Alan” 4 pərdəli operettası(1917-ci il, Orucov qardaşları mətbəəsi, Arx.1147), “Əsli və Kərəm” 4 pərdəli opera (1914-cü il, Orucov qardaşları mətbəəsi, Arx.301), “O olmasın, bu olsun”(1912-ci il, Abuzər Orucov nəşriyyatı, Arx.149), A.O.Çernyayevski “Vətən Dili” dərsliyi(1319-1901,Tiflis, Arx. 1075) və s. misal göstərə bilərik.
Arxiv fondunda dünya ədəbiyyatından və o cümlədən, Şərq dillərindən tərcümə əsərləri də vardır. Məsələn: Mir Məhəmməd Kərim Mir Cəfər Ələvi əl-Hüseyni əl-Bakuvinin “Kəşfül-Haqayiq” (3 cildli “Quran”ın təfsiri, ۱۳۲۲-1904, Buxariyyə mətbəəsi, Arx. Icild-1466, II cild-1468, III cild-1469), Əbdürrəhman Abdullah Bağdadinin “Kitabxana” əsəri(۱۳٠٦-1888, Arx.1595), ۱۳۲٤-1906-cı ildə Simferopolda çap olunmuş “İttihadiyə- Əsəre Müşkat” (Arx.1592) kitabı, Bəqainin “Riyazül-Aşiqin”(1904-cü il, Arx.1549), “Divani Şuai”(1880, Arx.1543), C.Zeydanın “Ərmənusə”(1911, Arx.619) və “Əzra və Qureyş” əsərləri(1908-ci il, Arx.75), V.Şekspirin “Otello”(1893-cü il, Arx.1353) və “Hamlet”(1926-cı il, Arx.1181) faciələri, İohan Lunaçarskinin “Vilyam Şekspir”(1925-ci il, Arx.702. Tərcümə: Xəlil İbrahim), C.Londonun “Qarlar qızı” (1928-ci il, Arx. 576) və 1900-cü ildən başlayaraq nəşr olunan, Azərbaycanda savadsızlığın ləğv olunması ilə mübarizədə istifadə edilən ilk milli dərslik nümunələri, qiraət kitabları Qafur Rəşad Mirzəzadənin “Qafqaz Coğrafiyası”(1910-cu il, Orucov qardaşları mətbəəsi, Arx.151) və “Coğrafiya”(1912-ci il, Orucov qardaşları mətbəəsi, Arx.585), Hüseyn Cavid və A.Şaiqin “Ədəbiyyat Dərsləri”(1919-cu il, Arx.1059), M.Mahmudbəyovun “Qiraət Kitabı”, Əli Abbasi Mədnəbin “Qiraət” adlı kitabı(1912-ci il, Orucov qardaşları mətbəəsi, Arx.1026), Şərq ədəbiyyatı fondunu zənginləşdirən qiymətli əsərlərdir.
Şərq ədəbiyyatı fondunda fotosurətlər və mikrofilmlərlə yanaşı Arxiv fondunda 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş inqilaba qədər və inqilabdan sonrakı dövrün 64 adda Dövrü mətbuatı mühafizə edilməkdədir. Bunlardan “Azərbaycan”, “Azərbaycan İşçi Kəndli Müxbiri”, “Arı”, “Babayi-Əmir”, “Bəhlul”, “Bolşevik”, “Qardaş Köməyi”, “Qurtuluş”, “Damğa”, “Dəbestan”, “Əkinçi”, “Zənbur”, “İnqilab və Mədəniyyət”, “Yeni Fiyuzat”, “Kəlniyyət”, “Kəşkül”, “Komsomol”, “Lək-Lək”, “Maarif və Mədəniyyət”, “Məzəli”, “Məktəb”, “Mirat”, “Molla Nəsrəddin”, “Rəhbər”, “Tuti”, “Tamaşa”, “Fiyuzat”, “Şərq Qadını”, “Şəlalə”, “Haqq yolu”, “İşıq”, “Yeni Yol”, “Sərvəti-Fünun” jurnalları, “Kəndçi qəzeti”, “Həyat”, “Gənc işçi”, “Vətən yolunda”, “Yeni dünya”, “Sıratul-müstəqim” və “Komunist” qəzetlərini göstərmək olar.
Şərq ədəbiyyatı fondunun nadir nəşrlərindən məlumat verdik və Arxiv fondundakı bu nəşrlərin əksəriyyətinin Orucov Qardaşları mətbəə-nəşriyyatında çap olunduqlarını qeyd etdik. Bu mətbəədən öncə XIX əsrin 80-ci illərində Səid Ünsizadənin “Ziya Mətbəəsi”, Cəlal və Kamal Ünsizadələrin “Kəşkül” mətbəəsi, XX əsrin əvvəllərində C.Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin “Qeyrət” mətbəəsi, əvvəl H.Z. Tağıyevə məxsus olan, sonra İsa bəy Aşurbəyov tərəfindən kirayə götürülən “Kaspi” mətbəəsi, Haşım bəy Vəzirovun “Səda”, “Baku”, “Açıq söz” və “Məktəb” mətbəələri və s. nəşriyyatlar Azərbaycanda kitab mədəniyyətinin inkişafında və milli kitab xəzinəmizin zənginləşməsində böyük və əhəmiyyətli rol oynamışdır.
XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çoxsaylı mətbəələr arasında Oruc Orucov, Qənbər və Abuzər qardaşlarının mətbəə-nəşriyyatının xidmətləri əvəzsiz olmuşdur. Bu mətbəə fəaliyyət göstərdiyi 1905-1918-ci illər ərzində elmin müxtəlif sahələrinə aid müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir.
Şərq ədəbiyyatı fondunun əsas hissəsini ərəb, fars və türk dillərində olan çox qiymətli kitab, jurnal və qəzetlər təşkil edir.
Fondun ərəb bölməsində (8446 nüsxə) ümumdünya şöhrəti qazanmış Orta əsr ərəb tarixçilərinin, filosoflarının, səyyahlarının, şairlərinin əsərləri mühafizə olunur. Misal olaraq, İbn Əl-Əsirin 13 cildlik “Əl-Kamil fit-Tarix” (Ə-4932-4944), Yaqut Həməvinin 6 cildlik “Kitəbül-Mucəmul-buldən”(Ə.4009-4014), Təbərinin 8 cildlik “Tarix” (Ə-3984-3992), Qəlqəşəndinin 14 cildlik “Sübhül Əşa” (Ə.3726-3739), İbn Həcərin 12 cildlik “Təhzibu-Təhzib”(Ə.5292-5303, hər cild 2 hissədən ibarət olduğu üçün 24 cilddir) və 7 cildlik “Lisənül-Mizan”(۱۳۹٠-1971, Beyrut, Ə.5227-5233), Hafiz ibn Kəsir əd-Dimaşqinin “Əl-Bidəyə van-Nihəyə” adlı 7 cildliyi (Ə.5532-5537, 14 nüsxə. Beyrut, Ə.7109-7116. Qahirə nüsxəsi), 9 cildlik “Səhih Buxari” (Beyrut, 1987-۱۳٠۷ , Ə.6971-74), 26 cildlik “əl-Məcmuətul-Kəmilətu limuəlləfəti-l-ustəz Abbas Mahmud əl-Aqqad”/ Abbas Mahmud əl-Akkadın əsərlər toplusu (Beyrut, 1983, Ə.7006-7031), William Langerin 8 cildlik “Mausuatu Tərixul-Aləm”/ Dünya tarixi Ensiklopediyası (Tərcümə əsəri, Qahirə, 1971, Ə.7032-39), İmam Ğəzalinin 5 cildlik “Əhyau Ulumid-din”(1967-۱۳۸۷, Qahirə, Ə. 5359-5363), İbn Sə’din 8 cildlik “Tabaqat əl-Kubra” (Beyrut, 1968, Ə.5568-5573, 5538-40), Cəmal Həmdanın 4 cildlik “Şaxsiyətu Mısr” (Qahirə, 1980, Ə.6960-6963), Con Hamertonun 7 cildlik “Tarixul Aləm” tərcümə əsəri (Misir, Ə.7102-7108), Abdül-Qadir İbn Ömər əl-Bağdadinin 13 cildlik “Xızənətül-Ədəb” (Qahirə, 1989-۱٤٠۹, Ə.7052-7064), Əllamə İbn Mənzurun 7 cildlik “Lisənul-Arab əl-Muhit” (Beyrut, 1988-۱٤٠۸, Ə.7065-7071), Əhməd Atiyyətullahın 5 cildlik “Qamusul-İsləmiyyu” (Qahirə, 1963-۱۳۸۳, Ə.7040-7044), İbn Hişamın 4 cildlik “Əs-Sıratun-Nəbəvıyyə”(Qahirə, 1936-۱۳۵۵, Ə.5578-5580), Əbu Əli əl-Mühəssin ibn Əli ət-Tənuxinin 2 cildlik “Nişvar əl-Muhadara va Əxbar əl-Müzəkəra” əsəri (Beyrut, 1971-۱۳۹۱, Ə.6716, 6717), Vel Vayrel Dyurantın ərəb dilinə (Zəki Nəcib Mahmud tərəfindən) tərcümə olunmuş 42 cildlik “Qıssatul-hadara” əsəri (Beyrut, 1971, Ə.6977, 6998), Əbu Fəllah Abdulhey İbn İməd əl-Hənbəlinin 8 cildlik “Şəzəratu-z-Zəhəb” əsəri (Beyrut, Ə.5541, 5544), Xeyrəddin Ziriklinin 10 cildlik “Əl-Ə’ləm”(Ə1612-1620)əsərini, bunlardan başqa L.Massinyonun Həllac Mənsur haqqında yazdığı “Kitəb Əxbərul-Həllac” əsəri (Paris, 1936, Ə.5332), Əbu Nüvvas (Ə.5657), Mütənəbbi (Ə.5660), Əbu Təmmam (Ə.5637), Xənsa (Ə.5656), Rüsafi (Ə.5327), Cəmil Sidqi əz-Zəhəvi (Ə.5326) kimi ərəb ədəbiyyatının məşhur nümayəndələrinin divan əsərləri, Xətib Təbrizinin Əbu Təmmamın divanına yazdığı şərhi(Ə.5636) və bu kimi bir çox nadir kitabları göstərə bilərik.
Şərq ədəbiyyatı fondunda Yaxın və Orta Şərqdə poeziya dili kimi tanınan və bir çox klassik şərq şairlərinin dili olan fars dilində də (8425 nüsxə) çox zəngin elmi, bədii kitablar qorunub saxlanılır. Bu bölmədə mövcud olan kitablardan nümunə olaraq Tərbiyyətin “Daneşməndane Azərbaycan”(Ф-5752, 5753), Məhəmməd Hüseyn Xələf Təbrizinin 5 cildlik “Burhane-qate”(Ф-6065-6069), M.Müdərrisin 8 cildlik “Reyhanətül-Ədəb”( Ф-5097-5104), Caminin “Divan”ı (Ф1167), X.N.Tusinin “Risalələr”i (Зах.1504, 1546, 1497), Ə.Dehxodanın “Lüğətnamə”si(218 nüsxə, Ф3996-4012, Ф4077-4167, Ф4417, Ф6431-6489, Ф6510-6559), Karl Marksın 3 cild 6 kitabdan ibarət olan “Kapital” əsəri (۱۳۵۲-1932), çox qiymətli 13 cildlik “İslam Dünyası Ensiklopediyası” (Tehran 1996, 13 cild, 26 nüsxə), 13 cildlik “Böyük İslam Ensiklopediyası”( Ф8779-8790, Tehran, 2005), Məhəmməd Təqi Daneşpəzuh və Mənüçöhr Sətudə İrəc Əfşarın 20 cildlik “Fərhənge İran Zəmin” kitabı (Tehran, h/1332-m/1914, Ф5803-12, Ф 5732 ), Şəhriyarın iki cildlik “Divan Külliyatı”(Təbriz, h/1349-m/1931, Ф5129, Ф5125), Nizami Gəncəvinin “Xəmsə”sini (Bombey nüsxəsi Ф1923, Tehran Ф4540 ), “Məhsəti Gəncəvinin Divanı”nı (Tehran, h/1336-m/1918, Ф3128), “Xaqani Şirvaninin Divanı”nı (Tehran, h/1347-m/1929, Ф4335, Ф5089), Rəhim Rəis Niyanın “Üzeyir Hacıbəyov və Conbeş Məşruteye İran” (Tehran, Ф6074)əsərini, Molla Fətullah Kaşani “Minhəcül Sadiqin” (5 cildlik Quranın təfsiri, Ф4182, 4183, 4184, 4185) kitabını misal göstərə bilərik.
Şərq ədəbiyyatı fondunun Türk bölməsində (10427 nüsxə), Osmanlı dilində ərəb əlifbası ilə 1807 nüsxə mühafizə olunan kitabların çox hissəsi daş basmadır. Türk bölməsindəki qiymətli nüsxələrə misal olaraq C.Kudretin hazırladığı “Fizuli” (T-3954. İstanbul,1974), Ə.Nesinin müasir türkçəyə çevirdiyi M.Fizulinin “Leyli və Məcnun”(T-381. Ankara,1972), Bilgin Adalının hazırladığı “Aşıq Qərib”(T-383. Ankara, 1972), B.Vahabzadənin türk dilinə tərcümə olunmuş “Şeirlər”i (T-4074, İstanbul, 1979), M.Ə.Sabirin “Hophopnamə”(T-3684, Ankara, 1975), Abdülbaki Gölpınarlının “Nesimi, Usuli, Ruhi”(T-1118. İstanbul, 1953) və “Fizuli Divanı”(T-565:5956, İstanbul, 1965), Hasibe Mazıoğlunun “Fuzuli-Hafız”(T-529.Ankara, 1956), Ahmet Adnan Sayqunun “Karacaoğlan”(T-5198, 5206, Ankara, 1962), Muharrəm Erginin “Dede Korkut Kitabı”(T-719, 3715. Ankara, 1963), M.Kaşkarinin 4 cildlik “Divan-i Lugat-it-Türk”(T-1745-1748. İstanbul, 1960), Öztuna Yılmazın “Kanuni Sultan Süleyman”(T-6230,6414. Ankara, 1989), Yıldırım Dursun Özönder Cihatın “Karabağ Dosyası”(T-6526,6930. Ankara, 1991), Meşkure Erenin “Evliya Çelebi Seyahatnamesi”(T-1470, İstanbul 1971), Evliya Çelebi haqqında 2011-ci ildə Ankarada nəşr olunmuş 640 səhifəlik və içərisində CD-Rom-u olan nəfis tərtibatlı “Evliya Çelebi” kitabını(T-9727) qeyd etmək istərdim. Bu qiymətli əsərlərlə yanaşı, Yılmaz Öztunarın 12 cildlik “Başlanğıcından Günümüze Kadar Türkiye Tarihi”(T-3544-3555, 1963), 31 cildlik “Türk Dünyası Edebiyat Tarihi” Ensiklopediyasının nəşrində Azərbaycanın tanınmış alimlərindən akad. B.Nəbiyev və Prof. Dr. Kamil Vəliyev iştirak etmişlər. (T-8969-9000). Osmanlı İmperatorluğunun 700-cü ildönümü münasibətilə çap olunmuş 12 cildlik “Osmanlı” Ensiklopediyası (T-8131-8142. Ankara, 1999), Elmalılı Muhamməd Hamdi Yazırın 10 cildlik məşhur “Hak Dini Kuran Dili” əsəri (T8315-T8324, 1979), 4 cildlik “Sosial Bilimlər Ensiklopediyası” (T-8325-8328) və 44 cildlik “İslam Ensiklopediyası” nı çox cildlik kitablara misal göstərə bilərik.
Şərq ədəbiyyatı fondunda çox qiymətli 2 kitabı da nümunə göstərmək istəyirəm. 2001-ci ildə İstanbulda nəşr olunmuş 568 səhifəlik “Osmanlı Arşiv Belgelerinde Nahçivan”(T-9500) və 2009-cu ildə İstanbulda çapdan çıxmış 660 səhifəlik “Osmanlı Belgelerinde Karabağ”(T-9505). Nümunə olaraq örnək göstərilən bu çox qiymətli əsərlər şərqşünas alimlərimizin, doktorant və tələbələrin ən çox müraciət etdikləri kitablardır.
Hal-hazırda, Şərq ədəbiyyatı fondunda, ümumən, 74629 nüsxə sənəd var.
Fondun qiymətli elmi və bədii əsərlərlə, böyük tarixi əhəmiyyəti olan nadir nüsxələrlə zəngin olduğunu qısa bir şəkildə çatdırmağa çalışdıq.
Şərq ədəbiyyatı fondunda uzun illərdir alimlərimizin nəzər-diqqətini cəlb edən zəngin, qiymətli əsərlər mühafizə edilib. Şərq ədəbiyyatı fondu nadir elmi kitabların sayına görə, sözün əsl mənasında, kitabxanamızın qızıl fondudur.
Şərq ədəbiyyatı fondundakı əsərlər təxminən bir əsrdən artıq zaman ərzində toplansa da, onların çoxunun əsl yaşı çox qədimdir. Və bu xəzinədən buraya ayaq qoyan hər kəsə pay düşür.

Aida Hüseynova
AMEA Mərkəzi Elmi Kitabxanasının
Xarici dillərdə ədəbiyyat fondunun əməkdaşı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi