azia.az
azia.az

Könlümə roman oxumaq düşəndə mən oturub, onu... özüm yazıram. - Böyük Britaniyalı Bencamin Dizraelinin aforizmləri

13-08-2024, 08:10

Bencamin DİZRAELİ

(1804-1881)

O, Böyük Britaniya tarixinin ən görkəmli ictimai-siyasi xadimlərindəndir. Yəhudi əsilli bu şəxs Konservatorlar (Mühafizəkarlar - A.Y.) Partiyasının liderlərindən biri olub, İcmalar Palatasının sədri və maliyyə naziri təyin olunub, 1868-ci ildə və 1874-80-ci illərdə isə ölkənin baş naziri seçilib.

Kraliça tərəfindən ona qraf və İngiltərə peri kimi kübarlıq ünvanları (titulları) verilib.

Hələ gənclik illərindən sözə-sənətə dərin maraq duyan B.Dizraeli bayronizm (Bayron tərzində, bayronçuluq - A.Y.) ruhunda bir romanla bədii yaradıcılığa başlayıb. Sonralar o, iki sosial, bir ekzotik və bir tarixi roman yazıb.

Fikirlərini kəskin dillə və son dərəcə dəqiq şəkildə ifadə etməyi bacaran Bencamin Dizraelinin aforizmlərindən bəzilərini oxuculara təqdim edirik.

 

 

Aforizmlər

 

Könlümə roman oxumaq düşəndə mən oturub, onu... özüm yazıram.

 

Bir şeyin ciddiyyəti onun doğruluğuna əsla dəlalət eləməz.

 

Yalanın üç növü var: yalan, ağ yalan və statistika.

 

Müstəqillik elan etmələri müstəmləkələri asılılıqdan heç də qurtarmır.

 

Öz kitabları barədə ağızdolusu danışan yazar da elə övladlarının uğurlarıyla öyünən ana qədər darıxdırıcıdır.

 

Qaranlıq daxmalara çökən çarəsizlik havası çilçıraqlı saraylar üçün aşkar təhlukədir.

 

Tarixi kitablar əvəzinə bioqrafiyaları oxuyun, çünki onlarda təsvir olunan həyatlar heç bir nəzəriyyənin əsiri deyildir.

 

Qardaşlıq şüarı altında bu dünyada o qədər şər əməl işlənir ki, əgər mənim doğma bir qardaşım olsaydı, sırf bu üzdən onu mütləq "xalaoğlu" adlandırardım.

 

Qəzetlərdə bircə kəlmə də həqiqət yoxdur. Elə buna görə də onları hər yetən oxuyur.

 

İstənilən dühanın yaratdıqları onun sırf təşəbbüskarlığının bəhrəsidir.

 

Qəhrəmanları yetişdirən - əslində onların qəhrəmanlığa bəslədiyi dərin inamdır.

 

İnsanın səsi onun xarakterini qalan cəhətlərindən daha dəqiq əks etdirir.

 

Bəli, mən - yəhudiyəm və qeyd edim ki, bunu başıma qaxan cənabın əcdadları bilinməz bir adada, həm də icma şəklində yaşadıqları vaxt mənim babalarım Solomon (Süleyman - A.Y.) peyğəmbərin məbədində artıq rahiblik edirdilər.

Ən qaranlıq saatlar məhz alatoran vaxtına təsadüf edir.

 

Bismark özü bilərəkdən ixtilaflar yaradırdı ki, sonradan onları yoluna qoymaqdan həzz ala bilsin.

 

Düşdüyü şərait insanı formalaşdırmır, insanın özü həmin şəraiti formalaşdırır.

 

Səbirli olan birisi üçün hər şey gəlir və... keçir.

 

Xırda-xuruş işlər məhz xırda-xuruş insanların yaranmasına imkan yaradır.

 

İnsanoğlunun pula duyduğu hərislik eşqlə müqayisədə qat-qat güclü bir ehtirasdır.

 

Başqasına edəcəyin ən böyük xeyirxahlıq təkcə sənə aid ən yaxşı dəyərləri onunla paylaşman deyil, həm də sahib olduğu gizli üstünlükləri onun özünə açıb-göstərməkdir.

 

Əgər bir insanın könlünü fəth eləməyi umursansa, mübahisə əsnasında bilərəkdən ona yenil.

 

Nə birisinə nələrisə izah elə, nə də bir kimsəni suçla!

 

Hamımız sevilmək üçün doğuluruq. Bu, varlığımızın mahiyyəti və yeganə məqsədidir.

 

Bütün həyat - bir cıdır yarışıdır. İstənilən başqa izah da... yersizdir.

 

Kasıb yaşasam da, mən zəngin kimi öləcəyəm. Kaş hər şey bunun tam əksinə olaydı.

 

Çoxları elə zənn edir ki, bizim əcdadımız yük heyvanı olub və buna görə də biz istənilən yükü daşımaqdan ancaq və ancaq məmnunluq duymalıyıq.

İlk sevginin bütün tilsimi də elə bundadır ki, onun ardınca ikincisinin gələcəyinə heç cür inanmırsan.

 

16 yaşında liberal (sərbəst - A.Y.) düşüncə sahibi olmayanın qəlbi - ruhu yoxdur. 60 yaşına çatıb, mühafizəkar olmayanın isə ağlı yoxdur.

 

İnsanlıq tarixindəki ən böyük faciə - çap dəzgahının ixtirasıdır.

 

Ən dəqiq məlumatlara malik olanlar, adətən daha böyük uğurlar qazanırlar.

 

Hər hansı mövzu ilə tanışlığın ən yaxşı yolu - ona dair kitab yazmaqdır.

 

Əgər ədliyyə canlı ədalətdirsə, onda ədalət də hərəkətdə olan həqiqətdir.

 

Cavanlığımız - yanılmalar dövrüdür, yetkinlik çağımız - mübarizələr, qocalığımız isə - acı təəssüflər dövrü.

 

Bütün digər ümumiləşdirmələr kimi, bu oxuduğunuz da bir yanlış sayılmalıdır.

 

Təcrübə - fikirdən doğur, fikir isə - hərəkətdən. Ona görə də insanları sadəcə, kitabların köməyilə yetişdirmək imkansızdır.

 

Eyni adamla Allahın ver günü səmimi davranmaqdan ötrü insanoğlu yetərincə möhkəm əsəblərə sahib olmalıdır.

 

Partiya - təşkilatlanmış ictimai fikirdir.

 

 

 

Dilimizə çevirdi: Azad Yaşar

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi