azia.az
azia.az

Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı inanılmaz sirr..

2-04-2022, 19:13

Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı inanılmaz sirr..
Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı inanılmaz sirr..

Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur.

Hətta ölkəmizdə onları “Qayınana” filminin unudulmaz personajları Cənnət və Afət duetinə bənzədirlər. Belə ki, son günlər media nümayəndələri kraliçanın rəfindən Harri və Meqanın birgə fotosunun yoxa çıxdığını, yerində isə Uiliyam və Harrinin şəkilinın peyda olduğunu iddia edirlər. Bəs Böyük Britaniyanın ən uzun müddətli taxt sahibi II Yelizaveta haqda başqa nələr bilmək istərdiniz?
Publika.az xarici mediaya istinadən Böyük Britaniyanın kraliçası II Yelizaveta haqda ən maraqlı faktları toplayıb.
Balaca şahzadə
Böyük Britaniyanın kraliçası II Yelizaveta 21 aprel 1926-cı ildə Londonda hersoq Yorskinin ailəsində dünyaya göz açıb. Tam adı Yelizaveta Aleksandra Meri olan kraliça Vindzor sülaləsindəndir.
Yelizaveta uşaqlıqdan mükəmməl təhsil alır. Bundan əlavə konstitusiya, hüququn əsasları, iqtisadiyyat elmlərinə yiyələnir. Yeniyetmə şahzadə həmçinin atçılıq, rəqs və musiqi ilə də dərindən maraqlanırdı. Saray etiketini isə anasından mənimsəyirdi.
1936-cı ildə Yelizavetanın əmisi Eduard ailəli qadına vurulduğu üçün taxtdan imtina edir və krallığın tacı şahzadənin atasına keçir. Yelizavetanın atası VI Georq taxta gələndən sonra 10 yaşlı Yelizaveta Britaniya hakimiyyətinin varisinə çevrilir. Siyasi karyeraya gedən yolunun başlanğıcında gələcək kraliça konstitusiya tarixi elmini öyrənməyə başlayır. 1940-cı ildə İkinci Dünya Müharibəsinin başlanğıcında Yelizaveta Vindzor sarayına evakuasiya olunur. Savaş illərinin uzun müddətini orada keçirdir. Radio ilə ilk çıxışı 1940-cı ildə müharibədən əziyyət çəkən dünya uşaqlarına müraciəti olur. 1944-cü ildən etibarən dövlət məsləhətçisi təyin olunur. Həmin vaxtdan etibarən Yelizavetaya atası VI Georgun yoxluğunda monarxın öhdəliklərini yerinə yetirmək hüququ verilir. 1945-ci ildə isə hərbi nəqliyyat məşq mərkəzində mexanika avtomobil idarə etməyi öyrənir. İkinci Dünya Savaşı bitəndə şahzadə artıq kiçik komandir rütbəsini alır.
Taclı şahzadə
1947-ci ilin 20 noyabr tarixində Yelizaveta uzaq qohumu, özü kimi kraliça Viktoriyanın nəvəsi olan şahzadə Filip Mauntbettenlə ailə qurur. Şahzadə Filip yunan şahzadəsi Andreyin oğlu idi. Yelizaveta ilə ailə qurduqdan sonra Edinburq hersoqu rütbəsini qazanır. Qızının toyundan 5 il sonra VI Georq ciyər çatışmazlığından dünyasını dəyişir. Həmin gün Yelizaveta həyat yoldaşı ilə Keniyada istirahətdə idi. Atasının ölümü elan olunan kimi Böyük Britaniyanın yeni kraliçası seçilir.
1953-cü ilin 2 iyun tarixində Londonda rəsmi tacqoyma mərasimi keçirilir və II Yelizaveta taxta gəlir.
Elə həmin gündən etibarən II Yelizaveta Birləşmiş Böyük Britaniya krallığının, Şimali İrlandiyanın, həmçinin 15 dostluq ölkəsinin (Avstraliya, Baham adaları, Barbados, Kanada, Yeni Zellandiya, Qrenada, Beliz, Yamayka və s.) kraliçasıdır. O həmçinin igilis kiilsəsinin başçısı və hərbi qüvvələrin baş komendantıdır. Vurğulamaq lazımdır ki, 1953-1961-ci illər ərzində Cənubi Afrikanın da kraliçası olub.
Kraliça II Yelizaveta ölkənin siyasi idarəçiliyindən tamamən uzaqdır. Buna baxmayaraq, hər il parlamentin açılış mərasimində iştirak edir, yüksək rütbəli məmurlar və digər ölkələrin səfirləri ilə görüşür. Həmçinin xarici dövlətlərə rəsmi səfərlər edir.
2015-ci ilin 9 sentyabr tarixində II Yelizaveta Böyük Britaniyanın tacının ən uzun müddətli sahibəsi kimi rekord yeniləyir. O, həmçinin ölkənin ən yaşlı monarxı kimi də tarix yazır.
Kraliçanın 4 övladı var. Böyük oğlu Uels şahzadəsi Çarlz Filip Artur Georq taxtın varisidir. Şahzadə Çarlz 1948-ci ildə dünyaya gəlib, Şahzadə Anna Elizabet Elis Luiza qardaşından 2 yaş kiçikdir. Şahzadə Enryu Albert Kristian Edvard 1960-cı ildə dünyaya göz açıb, ailənin sonbeşiyi isə 1964-cü ildə doğulan şahzadə Edvard Entoni Riçard Luisdir.
Sirr deyil ki, 2012-ci ildə II Yelizavetanın taxtda olmasının 60 illik yubileyi münasibətilə Biq Ben qülləsi rəsmi olaraq “Yelizaveta qülləsi” adlandırıldı.
92 yaşlı kraliça adətən doğum gününü ailəsinin əhatəsində qeyd edir. Özü də ildə iki dəfə. Belə ki, XX əsrin əvvəlində kral VII Eduardın qoyduğu qaydalara görə monarx doğum gününü iyun ayının istənilən şənbəsi qeyd etməlidir. Çünki bu tarixdə hava şəraiti insanların bayram əhvalını korlaya bilməz. Kraliçanın ikinci ad günü isə özünün doğulduğu tarix, yəni aprelin 21-dir.
Bu gün II Yelizaveta İngiltərənənin canlı rəmzidir. Dəmir ledi milyonlara örnək olan, yalnız özünəxas, bəzən də qeyri-adi etiket qaydaları ilə daim dünyanın diqqət mərkəzində olub.
Məsələn kraliça və onun qohumları öz pərəstişkarları ilə ünsiyyətdə ola bilərlər, amma avtoqraf vermək qəti qadağandır. Çünki onların imzası yalnız rəsmi sənədlərdə olmalıdır. Saxta imza oğurluğundan qorumaq üçün kral ailəsi bu addımı atmır. Lakin şahzadə Çarlz cəmi bir dəfə bu qaydanı pozub. Daşqından əziyyət çəkən ailələrə baş çəkərkən, bir qadının avtoqraf istəyini geri çevirə bilməyib.
Kraliça və onun ailəsi seçkilərdə səs vermirlər. Çünki II Yelizaveta xalqın seçdiyi partiya ilə tərəfdaşlıq etməlidir, seçimə müdaxiləsi doğru sayılmır.
Həmçinin II Yelizavetanın əsas varisləri birgə uzaq səfərlərə çıxmaq hüququndan məhrumdurlar. Bədbəxt hadisə baş verərsə digərləri həyatda qalsın deyə krallığın bu qanununa əməl etmək vacibdir.
Hər il Vindzorlar ailəsi Milad bayramını birgə qeyd edirlər. Kraliçanın ailə üçün yazılmamış qanunu da var. Hər kəs bir-birinə ucuz, amma gülməli hədiyyə almalıdır. Təbii ki, kraliçaya heç kim zarafat sərhədlərini aşan hədiyyə ala bilməz, lakin deyilənə görə bir dəfə Şahzadə Harri bu riskə gedir. Nənəsinə üzərində “həyat çox iyrəncdir, deyilmi?” yazısı olan hamam kalpakı hədiyyə edir.
Kraliçanın və onun ailəsindəki xanımların əməl etməli olduqları daha bir qayda kraliça oturuşudur. Belə ki, xanımın ayaqlarını bir-birinin üzərinə qoyub əyləşməyi qeyri-etik sayılır. Dizlər mütləq yanaşı, bitişdirilmiş olmalıdır.
Kraliça həyat yoldaşından daim iki addım öndədir.
Bəli, şahzadə Filip daim kraliça xanımından iki addım geridə getməlidir. Bu istənilən rəsmi görüşlərdə və ziyafətlərdə əməl olunan qaydadır.
Kraliça başda olmaqla kral ailəsi xərçəng və digər dəniz məhsullarını yeməməlidirlər. Çünki məhz bu məhsullar allergiya və zəhərlənmə riskini artırır. Onlara həmçinin səfər etdikləri ölkələrdə çiy ət, qaynadılmamış su içmək də qadağandır. Lakin şahzadə Çarlz ilbiz yemək həzzindən özünü məhrum etmək istəmir.
Kraliça bugünədək qatıldığı bütün rəsmi ziyafətlərdə xüsusi hörmətlə qaşılanır. Zati-aliləri yeməyini bitirdisə, bir daha heç kim süfrəyə toxunmağa cürət etmir.
İşdir, nə vaxtsa kraliçanın qonağı olub çayiçmə mərasimində iştirak etsəniz, bir neçə qaydaya əməl etmək məcburiyyətindəsiniz. Məsələn, fincanın qulpunu baş və işarət barmağınızla saxlamalısınız. Orta barmağınız isə qulpun aşağı hissəsini tutmalıdır. Əgər qəhvə içirsinizsə, etiket sizə işarət barmağınızı qulpun içərisinə qoymağa icazə verir. Unutmayın, əgər çayı masada deyil, divanda əyləşib içirsinizsə, nəlbəkini sinənizlə eyni məsafədə saxlamalısınız. Xanımlar fincanın yalnız bir tərəfindən çay içməlidirlər ki, dodaq boyasının izi yayılmasın.
II Yelizavetanın elqant, kübar geyimləri də daim diqqət mərkəzindədir. Kraliça al-əlvan rənglərə üstünlük verir. Bu həm də onun böyük izdihamda insanlar arasında seçilməsinə xidmət edir.
Çanta yoxsa gizli ismarıc
Kraliçanın ən çox sevdiyi aksesuar çantadır. O, 1968-ci ildən bəri sevimli çanta brendi olan “Launer”ə xəyanət etmir. Bütün çantalarına eyni rəngli pul qabı, güzgü və eynək futlyarı qoyur. Həmçinin çantalarının qulpu bir neçə ölçü uzun hazırlanır ki, salamlaşma zamanı mane olmasın.
Elə bilirsiniz kraliçanın əl çantaları yalnız aksesuar vəzifəsini daşıyır? Yanılırsınız.
Yelizaveta çantası ilə köməkçilərinə siqnallar verir. Əgər söhbət zamanı çantanı sol əlinə keçirdirsə, bu o deməkdir ki, söhbət çox uzandı və nəzakətli yolla həmsöhbətindən uzaqlaşdırılmalıdır. Əgər ziyafət zamanı kraliçanın çantası masanın üzərində peyda olursa, demək 5 dəqiqədən sonra məclisə xitam vermək gərəkdir.
Hələ XII əsrdə kral III Eduard kral və kraliçaların kürk geyinməyinə qadağa qoyub. Hazırda bu qanun Yelizaveta və onun ailəsi üçün də keçərlidir. Buna baxmayaraq, ailə üzvləri kürk papaq və şərflərdən istifadə edirlər. Hətta kraliça özü 1994-cü ildə Rusiyaya rəsmi səfər zamanı kürk geyinmişdi.
Kraliça yalnız matəmlərdə qara libas geyinə bilər. Onun və ailə üzvlərinin səfərlər zamanı mütləq çemodanlarında qara geyim olur ki, qohumlardan kimsə dünyasını dəyişsə geyinsinlər. Kraliçanın bu sərt qanunu yalnız Ledi Diana pozub. Diana şahzadə Çarlzla qatıldığı tədbirlərin birinə qara donda gəlmişdi. Bununla Diana sanki Çarlzın onun üçün öldüyünü vurğulmaq istəyirdi.
Kral ailəsinin oğullarına 8 yaşadək şalvar geyinmək qadağandır. Bu dövrədək onlar yalnız şort geyinməlidirlər. Bu qayda Yelizavetanın ciddi nəzərat etdiyi ailə adətlərindən biridir.
Heç kimə sirr deyil ki, Yelizaveta itləri çox sevir. Onun itləri üçün yeməkləri baş aşpaz özü hazırlayır. Həmçinin kraliçanın sevimli itlərinə səs ucaltmaq, onları qovmaq qətiyyən qadağandır.
II Yelizaveta öz statusuna rəğmən qənaətcildir və bu keyfiyyəti öz doğmalarından, xidmətçilərindən də tələb edir. Məsələn, otaqdan çıxanda mütləq işığı söndürür. Artıq 30 ildir eyni rəngli dırnaq boyasından istifadə edir. Libaslarını, donlarını uzun müddət geyinir.
Kraliça süfrədə də ən sadə tərəvəz xörəklərinə üstünlük verir. Gecələr bir bokal şampan içməsə, yatağa girmir.
Tam monarxiya sistemi keçmişdə qalsa da, kraliçanın qanun qarşısında digər vətəndaşlardan bir sıra üstünlükləri var. Məsələn, Yelizaveta və hətta ailəsi soyadlarından istifadə etmirlər. Kraliça buna görə pasporta da gərək duymur. Çünki məhz bu sənəd ona dünyanı rahat gəzməyə mane ola bilər. Həm də ki ölkə vətəndaşlarına pasport kraliçanın adından verilir. Məntiqlə düşünsək, o özü-özünə passport verə bilməz.
Kraliça həmçinin maşın sürmək üçün rəsmi sənədə də ehtiyac duymur. O hətta 1945-ci ilədək təcili tibbi yardım maşını idarə edib.
Kraliça həmçinin sürət həvəskarıdır. Maraqlı faktlardan biri də odur ki, o 1998-ci ildə Səudiyyə Ərəbistanının gələcək kralını avtomobilinə dəvət edir. Maşını az qalsın işıq sürəti ilə idarə etdiyi üçün şahzadə ona yalvarmağa başlayır:”Zati-aliləri, rica edirəm, ya sürəti azaldın, ya da məni maşından endirin”.
Şahzadə qorxu və hiddət içərisində olduğunu gizlətmirdi. Çünki Ərəbistanda qadınların avtomobil idarə etmək hüquqları yox idi.
Kraliçanın qızı şahzadə Anna da yüksək sürəti çox sevir. Və bu vərdişinə görə tez-tez cərimə ödəyir. Çünki limitsiz sürət qaydaları yalnız II Yelizaveta üçün keçərlidir. Onun övladları üçün deyil.
Kraliça vergilərdən tam azaddır. Buna baxmayaraq, 1992-ci ildən bəri könüllü olaraq bütün vergiləri ödəyir. Atası VI Georq isə hakimiyyəti boyu monarxların vergidən azad olunması üçün çalışıb.
Kraliçanı məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək, xüsusən də həbs etmək olmaz. Hesab olunur ki, monarx pis əməllərə cəsarət edə bilməz. Odur ki, kraliça qanunu da istədiyi kimi poza bilər.
Britaniya sularında üzən bütün delfinlər, eləcə də vəhşi qu quşları kraliçaya məxsusdur.
92 yaşlı dəmir ledinin bu günədək bir çox filmlərdə prototipi yaradılıb. Xüsusən də komediya janrında olan bu ekran əsərlərini II Yelizaveta hər zaman xoş qarşılayıb. Demək ki, sevimli kraliçanın həm də dərin yumor hissi var. Kraliçanın poeziyaya olan marağı da diqqət mərkəzindədir. Belə ki, onu vəsf edən şəxsi şairi də var.
Görürsünüzmü, kraliça II Yelizaveta olmağın nə qədər üstünlüyü varmış. Belə həyat eşqi olduqdan sonra insan 92 deyil, 192 il də yaşayar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi