azia.az
azia.az

MEK-də "Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimatı keçirilib

30-01-2024, 08:33


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Vətən fədailəri" layihəsi çərçivəsində nəşr olunan "Vətən fədailəri: Şəki şəhidləri" kitabının təqdimatı keçirilib. 

Tədbirdə Şəkidən olan şəhid ailələri, qazilər, hərbçilər, millət vəkilləri, media nümayəndələri və elmi-ictimai fəallar iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Vətən fədailəri" layihəsinin rəhbəri, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm”, “Simurq-2021”, “Dünya Qadın” və 2023-cü ildə “Altın Palmiye - Yılın Şairi” mükafatlarına layiq görülmüş yazıçı-publisist Manya Səxavətqızı qonaqları salamlayaraq layihə haqqında məlumat verib. Qeyd edib ki, təqdimatı keçirilən "Vətən fədailəri: Şəki şəhidləri" kitabı layihənin sayca III cildidir. Müəllif qeyd edib ki, daha öncə layihənin I cildi Naxçıvan, II cildi isə İmişli şəhidlərinə həsr olunmuşdur. O da diqqətə çatdırılıb ki, “Vətən fədailəri: Şəki şəhidləri" kitabı müəllifin sayca 10-cu, şəhidlərimizə həsr etdiyi 8-ci kitabıdır. “Hər bir qazi, şəhid Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizlərə qələbəni bəxş edib. onları yaşatmaq, tanıtmaq hər birimizin borcudur”,- deyən şairə məlumat toplamaqda yardımçı olan dəyərli şəhid ailələrinə minnətdarlığını bildirib.

Şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov dəstəkçisi olduğu layihənin məqsədi haqqında danışıb. Layihənin yalnız Azərbaycan üçün nəzərdə tutulmadığını, nəşrləri bir sıra xarici universitetlərə göndərməklə bütün dünyaya mərd oğullarımızı tanıtmaq istədiklərini bildirən çıxışçı bu yolda onlara dəstək olanlara, o cümlədən MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib. “Yazılan kitabların heç biri satışda yoxdur. Bizim məqsədimiz maddiyyat yox, mənəviyyatdır. Çünki şəhid haqqında yazılan kitabın qiyməti olmaz!”- deyə natiq vurğulayıb. 

Çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən qayğının nümunəvi xarakter daşıdığını qeyd edən MEK-in direktoru professor Məmməd Əliyev hər birimizin məsələyə çox həssaslıq və diqqətlə yanaşmağımızı nəzərə çatdırıb. 

Daha sonra millət vəkili Vüqar İskəndərov qazilərin sağlamlığı, şəhidlərin qanı bahasına əldə edilən Qələbəni daim yaşatmaq üçün birliyimizi, həmrəyliyimizi və ölkəmizdəki sabitliyi qorumalı olduğumuzu səsləndirib. 

Şəhid atası Pərviz müəllim, şəhid anaları Ceyran xanım, Dursun xanım, Sevər xanım, Gülnarə xanım, Gülnar xanım, şəhid yoldaşı Röyalə xanım və digər qonaqlar da çıxış edərək kitab haqqında öz dəyərli fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları kitabxana sistemində ilk olan, İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətə başlayan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi