SAVAŞ FƏDAİLƏRİ və yaxud vətəni qeyd-şərtsiz sevənlər qəhrəman olur
Cəlilabad rayonunun Sabirabad kənd Nizami Məmmədov adına 1 saylı tam orta məktəbin həyətində, açıq havada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan “Onlar qəhrəmandır” kitabının təqdamat mərasimi keçrilib.
Tədbir məktəbin həyətində şəhidlərin xatirəsinə ucaldılmış və qara mərmər üzərində şəkilləri, döyüş və həyat yolları qeyd olunmuş xatirə abidəsini ziyarətlə başladı. Sonra Azərbaycanın üçrəngli bayrağını Çinarə Məlikzadənin ifa etdiyi “Azərbaycan” mahnısını sədaları altında qazi döyüşçülər meydana gətirdilər.
… Həmin gün üzlərdə kövrəklik qarışıq bir qürur hissi var idi. Kimliyindən asılı olmayaraq, hər kəsi bura
ONLAR QƏHRƏMANDIR
hikməti toplamışdı. 44 günlük Zəfər Savaşında hər kəsin içində Vətən eşqi cövlan edirdi. Otuz il bizdən aralı düşən torpaqlarımızı addım-addım, qarış-qarış, kənd-kənd, rayon-rayon azad etmək üçün silahdan öncə qeyrətə sarılan oğullar gerçək qəhrəmanlar idi.
Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısının Sabirabad kənd İcra nümayəndəliyi və Cəlilabad rayon Sabirabad kənd N. Məmmədov adına orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün xanım Dilavərova açdı, qonaqları salamladı, vətənpərvərlik mövzusunda keçirtilən tədbirlərin məktəbdə artıq ənənəyə çevrilmişndən bəhs etdi və tədbiri idarə etmək üçün sözü məktəbin veteran müəllimi Yaşar Səfərova verdi.
Ölkənin tanınmış ziyalılarının, millət vəkillərinin, Cəlilabad RİH nümayəndəliyinin və rayonun Sazbirabad kənd ictimaiyyətinin, ölkədən kənarda yaşayan Azərbaycan Diaspora nümayəndəliyinin, yazıçıların, müəllimlər və ağsaqqalların, məktəblilərin iştirak etdiyi təqdimat mərasimində Azərbaycanın Dövlət himni səsləndirirldi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabın “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində nəşr olunduğunu deyən Yaşar Səfərov, elə ilk sözü də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, kitabın müəlliflərindən biri olan Faiq Balaqbəyliyə verdi.
Çıxışında bir vaxtlar təhsil aldığı orta məktəbdə əlamətdarlığı ilə seçilən belə bir tədbirin keçirilməsindən məmnun olduğunu dilə gətirən F. Balabəyli kəndin ictimai həyatından, keçmişindən, insanlarının vətənpərvər ruhda olmasından və məhz elə bu ruhda da övlad yetişdirməsindən söz açdı. Böyük Vətən müharibəsində kəndin 75 oğlunun iştirak etməsindən, qəhrəmanlıqları ilə Sovet hərb tarixinə şanlı səhifələr yazmasından, eləcə də sovet ordusu sıralarında Əfqanıstanda beynəlmiləlçilik borcunu yerinə yetirən övladlarından və ən nəhayət müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü qoruyaraq işğaldan azad olunmasında canlarından keçərək şəhidlik zirvəsinə yüksələn və qazi olaraq Vətənə üzağlığı ilə xidmət edən qəhrəman oğlanlarından danışdı.
Faiq Balabəyli “Onlar qəhrəmandır” kitabının məhz 44 günlük Zəfər Savaşının qürurunu bizlərə yaşadan Sabirabad kəndinin Vətən müharibəsi və 1-ci Qarabağ savasının şəhid və qazilərindən, eləcə də sovet ordusu sıralarında Əfqanıstanda vuruşan igid oğullarından bəhs etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, çıxışının sonunda bildirdi ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan hərb tarixinin ən şərəfli səhifələri idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri Vətən torpağının hər qarışını düşmənin soyuq nəzərlərindən qoyumağa qadir olduğunu bildirdi. Vətəni qeyd-şərtsiz sevənlər qəhrəman olur…
Sonra kitabın digər müəllifi, Həmid Tağıyev adına Sabirabad kənd 2 saylı tam orta məktəbin müəllimi, istedadlı qələm adamı Elnur Nəhmət çıxış etdi. O, da tədbirin böyük bir amala xidmət edən kitabla bağlı olduğunu, kitabın yazılmasında xidməti olmasından məmnun qaldığını qeyd etdi və tədbirə təşrif buyuran hər kəsə minnətdarlığını bildirdi.
BİZLƏRƏ BÖYÜK SEVİNC YAŞADANLAR
haqqında yazılan “Onlar qəhrəmandır” kitabı, bu kitabı araya-ərsəyə gətirənlər haqqında danışmaq üçün millət vəkili, xalq şairi, VHP sədri Sabir Rüstımxanlıya söz verildi. Natiq “Onlar qəhrəmandır” kitabının böyük bir amal uğrunda, dogma torpaqlarımızın düşmən işğalından azad olunmasında canlarından və sağlamlıqlarından keçən oğullarından bəhs etməsinin, və həmin kitabın da onların dogma kəndlərində, məktəblərində ictimaiyyətə çatdırılmasının əlamətdar bir hadisə olduğunu vurğuladı.
Rüstəmxanlı Sabirabad kəndi ilə bağlı olan xatirələrini danışdı, bu kəndin böyük adamlarından, əmək qəhrəmanlarından söz açdı. Sosialist Əməyi Qəhrəmanı Dünyamalı Məmmədovdan, o dövrün zəhmətkeş adamlarından danışdı. Kəndin ziyalı oğlu, şair, füzulişünas alim, filologiya elmləri doktoru Ayaz Vəfalıdan, onunla gənclik illərində birlikdə “Ədəbiyyat qəzetində” çalışmalarından bəhs etdi.
“Onlar qəhrəmandır” kitabının da məhz belə bir kəndin oğlanlarından bəhs etdiyini və bu işdə çəkdikləri zəhmətə görə hər iki müəllifə təşəkkürünü bildirən S. Rüstəmxanlı Faiq Balabəyli ilə uzun illər tanış olduğunu, bu tanışlığın dostluğa çevrildiyini də dedi. Mənim onunla dostluğuma sözssüz ki, onun yaradıcılığı körpü rolunu oynayıb. Onun yaradıcılığında bir doğmalıq, ruh yaxınlığı görmüşəm və onu qələm adamı, şair olaraq təqdir etmişəm, kitablarından birinə də “Ön söz” yazməşam. Faiqin şeirlərinin birində belə bir misra var, “Deyəsən bu kəndin yiyəsi yoxdur”. Təsirli şeirdir, yurd yuva sevgisindən yazılan təəssübkeş bir şeirdir, amma mən bura toplaşan çoxsaylı insanları görürəm, deyirəm, bu kəndin yiyəsi elə sizlərsiniz, gələcəyi bu gözəl siması olan məktəblilərdir. Müharibənin xalqımıza yaşatdığı acılardan və ordumuzun qalibiyyət gətirən döyüşlərindən sonra bizlərə yaşatdığı sevincin böyüklüyündən bəhs edən millət vəkili şəhid analarına, qazi valideyinlərinə üz tutdu, onların belə oğulları ilə fəxr etdiyimizi dedi.
Tədbirdə iştirak edən, tanınmış politoloq, millət vəkili Elman Nəsirov da çıxışında ali məqamlara, şəhidlik, vətən uğrunda savaşın müqəddəsliyinə toxundu. Seçiciləri olan kənd ictimaiyyətinə şəhid və qazi ailələrinə qəhrəman övlad böyütdüklərinə görə ömür boyu fəxr və fəxarət hissi ilə yaşacaqlarını, xalqın, dövlətin daima onlara olan sevgisini hiss edəcəklərini dedi. “Onlar qhrənandır” kitabının məziyyətlərindən söz açdı. Bu kitabın bizim şanlı qalibiyyət tariximizin yazanların döyüş və həyat yolundan bəhs etdiyini dedi və vurğuladı ki, kitabın məhz məktəbdə keçirilməsinin böyük bir əhəmiyyəti var.
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn qonaq, Tatarıstandakı Azərbaycan diasporsının və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Prezidenti Sərraf Kərimov da tədbir iştirakçılarını xüsusi olaraq salamlar çatdırdı. Qeyd etdi ki, müharibənin gedişində biz xaricidə yaşayan azərbaycanlılar heç də dogma Azərbaycandan uzaq olmadıq. Ürəklərimiz əsgərlərimizlə birlikdə cəbhə xəttində, səngərdə idi. Orduya dəstək kompaniyaları keçirtdik. Bütün Rusiyada savaşımızın haqq savaşı olduğunu, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün, milyondan çox məcburu köçkün və qaçqınlarımızın dogma yurd yuvasına qayıtmasına, pozulmuş hüquqlarının bərpasına hesablanan savaş olmasını çatdırırdıq.O, çıxışının sonunda Kitabın müəlliflərinə təşəkkürünü, şəhid analarına, qazilərə ehtiramını çatdırdı.
Azərbaycan Yazıçılar Birliyinin Cənub bölməsinin sədri, yazıçı Qafar Cəfərli, Azərbaycan Pedoqoji Unuiversitetinin Cəlilabad filialının aparıcı müəllimi, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Bilal Alarlı çıxışlarında müharibənin qalibiyyətlə başa çatmasında oğullarımızın fədəkarlığından ürək dolusu danışdılar. Belə bir kitabın hansı çətinliklərə başa gəlməsini bildiklərini dedilər.
Hər iki tanınmış yazar bu məzmunda kitab yazdıqlarını, buna görə də hər bir şəhid ailəsi ilə, qazi döyüşçülərlə görüşdüklərini, onların ağrı-acılarını ürəklərindən keçirdiklərini və bunun heç də asan olmadığını gözəl bildiklərini dedilər, bu məsuliyyətli və ağır zəhmət tələb edən işi gördükləri üçün kitab müəlliflərinə təşkürlərini bildiriblər.
Cəlilabad rayon Təhsil şöbəsinin işçisi Nadir Babayev çıxışında bu kitabın gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsində rolu olacağındann bəhs etdi. Rayon təhsil şöbəsi adından qonaqları salamladı.
Sabirabad kənd orta məktəbinin müəllimi Şəhla Nuriyeva çıxışında bu tədbirlərin vacibliyindən bəhs etməlklə, kitabın müəlliflərindən olan Faiq Balabəylinin müəllimi olmasından, onunla bağlı xatirələrindən də söz açdı: Mən Faiqə 9-cu və 10-cu sinifdə oxuyanda dərs demişəm. O zaman da prispiallığı ilə seçilirdi. Ümüd verən şagirdlərimizdən idi. Hər mətnlə, hətta sözlə bağlı suallar verər və biliyini zənginləşdirərədi. Mən bir müəllimi olaraq onu ya ədəbiyyat, ya da tarix müəllimi kimi görürdüm. Lakin o dənizi seçdu, arzusunun ardınca getdi, amma ümüdlərinizi də puç etmədi. Faiq Səfərov kimi tanıdığım şagirdim, Faiq Balabəyli olaraq həm dənizçilik, həm də yaradıcılıq sahəsində özünü doğrulda bildi.
ƏN KÖVRƏK AN ŞƏHİD ANASI DANIŞAN ANDIR
hikmətini tədbir iştirakçılarına şəhid, tank komandliri Murad Babayevin anası Arizə xanım, XTD-nin baş leytenantı, “Paşam” ləqəbli şəhid Musa Əsgərovun anası Sevda xanım, XTD-nin şəhid snayperi Davud Abbasovun yaxınları danışanda yaşatdılar. Arizə və Sevda xanımlar çıxışlarında hər kəsi salamdaıqlarnı, minnətdar olduqlarını, balaları ilə qürur duyduqlarını dedilər. Şəhid analarının göz yaşlarına həm də bir fərəh, qürur hissi də əlavə olunurdu.
Tədbirin ən təsirli yeri şəhid Murad Babayevin 6-cı sinifdə oxuyan qızı Zəhranın atası haqda çıxışı oldu. Mənim atam ölməyib, şəhidliyi ilə ölümsüzlüyə çatıb, fəxr edirəm ki, mən onun qızıyam. Təhsilimlə atama layiq övlad olacağam, deyən şəhid qızı tədbirə bir kövrəklik rəngi qatdı.
Şagirdlərdən Abbasova Dəryanur, İbrahimova Səkinə, Məmmədova Fatimə, Məmmədli Aynur, Hüseynzadə Rahidə, Babayeva Elana, Novruzlu Aydan, Şükürlü uranə, Həşimova Nəzrin, Fətullayev Tapdıq və qonşu Qarazəncir kənd məktəbinin şagirdləri Afiq və Yusif qardaşları şeirlər səsləndiriblər.
Faiq Balabəylinin nəvəsi Dəniz Həmidlı Səməd Vurğunun “Azərbaycan” şeirindən bəndlər söyləyib.
Tədbirdə həmçinin birinci Qarabağ savaşənda şəhid olab Zaur Novruzovun, Sakit Hüseynovun, eləcə də Əfqanıstanda həlak olan Nizami Məmmədovun da qohumları iştirak edirdi.
Kənd ictimaiyyəti adından, kənd ağsaqqalı Qılınc Məmmədov, döyüşçülər adından Tərlan Türkel çıxış etdi, kitabın araya-ətrsəyə gəlməsində, tədbirin təşkilati işlərində xidməti olanlara təşəkkürlərini bildirdilər.
Tədbirdə Sabirabad kənd N.Məmmədov adına 1 saylı və Həmid Tağıyev adına 2 saylı, eləcə də qonşu Qarazəncir kənd orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi bədii kompozisiyalar, şagirdlərin oxuduqları qəhrəmanlıq mahnıları və marşlar tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Faiq Balabəylinin şeirləri şagird-qiraətçilərin ifasında dinlənildi.
Tədbirin tərtibatı və ssenari müəllifliyi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar İmanovaya məxsus idi. Tədbiri məktəbin şagirdi, bacarıqlı operator Hüseyn Həsənli lentə alşrdı.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində nəşr olunan “Onlar qəhrəmandır” kitabının təqdimat mərasimindən xoş ovqatla ayrılan adamların qəlbində bu duyğulu anların hələ çox yaşanacağı hər kəsin üz cizgilərində oxunurdu.
“Maarif” nəşriyyatında 200 tiraj, 104 səhifə həcmində nəfis şəkildə dərc olunan kitabın müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlü, korrektorları Səyalı Vasifqızı və Aytəkin Həmidli,
SİZ DƏ VAR OLUN!
Qeyd edək ki, Cəlilabad rayonu Sabirabad kənd ictimaiyyətinə təqdim olunan “Onlar qəhrəmandır” kitabı Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.
Tural Balabəyli
layihənin icrasında mətbuat üzrə əlaqələndirici