Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə, yazıçı, publisist Mətanət Ulu Şirvanlının “İşıq seli” adlı yaradıcılıq gecəsi keçirildi
16-03-2018, 08:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə, yazıçı, publisist Mətanət Ulu Şirvanlının “İşıq seli” adlı yaradıcılıq gecəsi keçirildi. AzMİU-nun Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin dekan müavini Mənsur Zərbəliyev tədbiri açıq elan edərək qonaqları və tələbələri salamladı. Bayram ərəfəsində keçirilən yaradıcılıq gecəsində tələbə-gənclərin intelektual səviyyələrinin yükəldilməsində, ruh yüksəkliyində belə görüşlərin əhəmiyyətli olduğunu qeyd etdi. M. Zərbəliyev şairənin həyat və yaradıcılığı haqqında tələbələrə geniş məlumat verdi. Tədbirdə filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun «Müasir Azərbaycan dili» şöbəsinin müdiri İsmayıl Kazımov, APİ-nin professoru, fililogiya üzrə elmlər doktoru Kamil Bəşirov, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, Universitetin müəllim və tələbələri iştirak etdilər. Çıxış edən alimlər M. U. Şirvanlının yaradıcılığından söz açaraq diqqətə çatdırıblar ki, “sairə ekspressiv sintaksisin digər vasitələrindən də uğurla bəhrələnib. Şairənin nitq və təfəkkür tərzi, düşdüyü, düşündüyü psixoloji durumlar, ətraf mühitin, qarşılıqlı münasibətlərin və ekstralinqvistik amillərin təsiridir. Lakonik quruluşu ilə esselərində də məzmunu oxucuya intensiv şəkildə çatdırır.” “M.U.Şirvanlının şeir nitqində, elastiklik, mütəhərriklik çox güclü olduğunu, yaradıcılığı aydınlığa, misra quruluşu isə yığcamlığa meyillidir. O poetik fikirlərini oxucunun şüuruna daha tez çatdırır, təkrarlanan söz mətn mühitində poetikləşərək melodiya boyalarına çevrilir, şairənin üslubu çalarlar qamması misralardakı canlı insan nəfəsinin təzahürü kimi meydana çıxır” deyən qonaqlar müəllifin yaradıcılığı haqqında geni söhbət açıblar. Yaradıcılıq gecəsində AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru Zakir Musayev çıxış edərək öncə Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Çıxışında bildirdi ki, M. U. Şirvanlı Azərbaycan ədəbiyyatında özünəməxsus qələm sahibidir və Klassik Şirvan şairlərin davamçısı olaraq müasir dövrümüzdə Şirvan bölgəsini təmsil edən şair-yazıçıdır. Z.Musayev şairəyə yeni yaradıcılıq uğurları arzulayıb, maraqlı görüş üçün tələbə gənclər adından ona təşəkkür edib. Gənclərin mənəvi dünyasının genişləndirilməsində və vətənpərvərlik ruhunun yüksəldilməsində belə görüşlərin əhəmiyyətini vurguladı. Tədbirdə müğənnilərdən Abğül Mirzəliyev, bəstəkar-müğənni Arif Səlimov, Taleh Orucov, Ramil Cəfərov Mətanət Ulu Şirvanlının sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Tələbələr vətən, torpaq, el-oba, doğma yurda məhəbbət mövzusunda müəllifin şeirlərini söylədilər. Tədbirin sonunda çıxış edən Mətanət Ulu Şirvanlı AzMİU-nun rektoru, professor Gülşöhrə Məmmədovaya, müəllim və tələbələrə dərin təşəkkürünü bildirdi və tədbirin sonunda müəllif öz kitablarından müəllim və tələbələrə hədiyyə etdi.