“Gədəbəyin alim qadınları” adlı kitabın təqdimatı keçirilib
“Gədəbəyin alim qadınları” adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar birliklərinin üzvü Etibar Nadiroğlunun həmmüəllif olduqları “Gədəbəyin alim qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib.
Millət vəkilləri, elm xadimlərinin iştirakı ilə baş tutan tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev nəşr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, gədəbəyli alim qadınların məşğul olduqları elm sahələri müxtəlifdir. Baş direktor qeyd edib ki, bu mövzunu kitab səviyyəsində araşdırmaq və oxucuların ixtiyarına vermək təqdirəlayiq addımdır. Bu baxımdan kitabın müəlliflərini təbrik edib.
Kitabın ön sözünün müəllifi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışı zamanı bildirib ki, Gədəbəy rayonu xüsusilə elm və təhsil sahəsində Azərbaycanda önəmli addımlarıyla diqqət çəkməkdədir. Misir Mərdanov vurğulayıb ki, əslən bu bölgədən olan alimlərin soraqları keçmiş Sovet İttifaqı, həmçinin dünya miqyasında ölkəmizə şərəf, fəxarət gətirmiş və bu ənənə davam etməkdədir.
“Filoloq alim Şəhla Tahirqızı bu kitabın həm də təşəbbüsçüsüdür. Məhz bu təşəbbüs bir ideya olaraq da yeniliyi ilə seçilir. Bu təşəbbüsün digər bölgələrdən olan bu xarakterli bilgilərə də təsir edəcəyinə inanıram. Gədəbəy Aşıq Məktəbinin direktoru, azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, “Həsən bəy Zərdabi” mükafatçısı Etibar Nadiroğlunun qələmini 1997-ci ildən tanıyıram. O, Gədəbəy rayonu ilə bağlı geniş məlumatlara malik olması və bu səpkidəki kitabları ilə tanınmışdır. Düşündürən və düşünülən kitab olsun” - deyə Misir Mərdanov bildirib.
Təqdimatda Gədəbəy- Tovuz seçki dairəsi üzrə millət vəkilləri Arzu Nağıyev və Sevinc Hüseynova,professor Maarifə Hacıyeva, şair – publisist Vahid Aslan çıxışlarında Gədəbəyin alim qadınlarına həsr olunmuş bu kitabın diqqətlə, maraqla qarşılanacağından əminliklərini ifadə ediblər, müəllif-tərtibçilərin ünvanına xoş diləklərin çatdıraraq, kitabla bağlı müsbət fikirlərini bölüşüblər.
Sonda müəllif, MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı çıxış edərək təqdimatın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]