azia.az
azia.az

YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb

16-11-2021, 18:43

YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb
YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb.
Xaricdən və respublikamızdan çoxsaylı elm adamlarının qatıldığı konfrans AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, YUNESKO Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Nizami irsinə fəlsəfi baxış və universal dəyərlər” mövzusunda həm onlayn, həm də oflayn rejimdə keçirilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə çıxışında bu formatda konfransların keçirilməsini daha keyfiyyətli birgə əsərlər yazmaq və dünya elmi mətbuatında müntəzəm yazılar dərc etmək baxımından da dəyərli olduğunu bildirib. Alim, Nizami Gəncəvinin öz yaradıcılığı ilə nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərq və bəşər ədəbiyyatına böyük töhfələr bəxş etdiyini vurğulayıb və Nizami irsinə yanaşmanın fəlsəfəsi haqqında danışıb.YUNESKO-nun təsis etdiyi “Fəlsəfə günü”nə həsr olunan beynəlxalq konfrans fəaliyyətə başlayıb
AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev 2021-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb, bununla əlaqədar Akademiyada görkəmli ədibə həsr olunmuş konfransların, seminarların keçirildiyini, kitabların nəşr olduğunu vurğulayıb. “Bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş onlarla kitab işıq üzü görüb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovun “Мыслитель, затменный славой поэта. О научном мировоззрении Низами Гянджеви” adlı kitabları, MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti və digərlərini qeyd etmək olar”-deyə baş direktor vurğulayıb.
Konfransda Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut “Azərbaycanın şeir ədəbiyyat ustası: Nizami Gəncəvi” adlı məruzəsi zamanı, Nizami yaradıcılığında fikirlərin istiqamətlənməsi və cəmiyyətin inkişafına təsir edən çox vacib nüansların olduğunu bildirib. Alim qeyd edib ki, Nizami Gəncəvi kimi dünya ədəbiyyatının inkişafına təsir edən şairlər böyük ustad kimi xatırlanır, elmi və fəlsəfi yöndən də öyrənilir.
Türkiyənin Galatasaray Universitetinin fəlsəfə doktoru, dosent Pol Andre Balanfa –“Klassik fəlsəfədə varlığın əksi” adlı məruzəsi zamanı, Nizami şeirlərinin fələsəfəsinin dərinliyinə toxunub, böyük mütəfəkkirin cəmiyyətin anlayacağı və onun düşüncəsinə uyğun tərzdə əsərlər yazdığını qeyd edib.
Beynəlxalq konfransda həmçinin, AMEA-nın müxbir üzvü, “İslam fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadazadə “Nizami Gəncəvinin qadın obrazları haqqında bir neçə söz”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Fəlsəfi baxış və ünsiyyət: kommunikasiyaya epistemoloji yanaşma”, Əlcəzair Milli-Elmi Araşdırmalar Mərkəzinin doktoru Uiza Qallez “Nizami dövründə fəlsəfə və sufizm”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev “Nizami Gəncəvənin fəlsəfi irsində insan problemi”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir dünyanın fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abasov “Nizami Gəncəvi poeziyasında mistisizm” mövzularında məruzələr ediblər.
İki gün davam edəcək konfrans öz işini noyabr ayının 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yekunlaşdıracaq.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi