MEK tərəfindən Fuad Yusif oğlu Əliyevin biblioqrafik göstəricisi nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından AMEA Gəncə Bölməsinin sədri, görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, akademik Fuad Yusif oğlu Əliyevin biobiblioqrafik göstəricisi çap olunub. AMEA Rəyasət Heyətinin Qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktorları akademik Vaqif Fərzəliyev, professor Elşad Məmmədov, redaktoru MEK-in biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri Könül Məmmədəlili və Elnur Həsənovdur.
Akademik Fuad Əliyevin həyat və fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1975-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin kitabları, ixtiraları, elmi məqalə və tezisləri, dissertasiyalara elmi rəhbərlik və opponentliyi, konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış və məruzələri, regionun sosial-iqtisadi inkişafında Gəncə Bölməsinin təşkilatçılığı ilə görülən işlər, eləcə də rəhbərlik etdiyi layihələrin təsviri toplanıb.
Kitaba alimin həyat və fəaliyyətinin əsas tarixləri, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında üç dildə qısa oçerk daxil edilib.
Göstəricidə materiallar xronoloji qaydada, əlifba üzrə və çap olunduğu dillərə görə qruplaşdırılıb. Kitabın sonunda göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə soraq-axtarış aparatı tərtib edilib.
Biobiblioqrafik göstərici neft kimyası sahəsində çalışan alim və mütəxəssislər, universitetlərin bakalavr və magistrları, gənc tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi