azia.az
azia.az

Rusiya-Ukrayna müharibəsi ilə bağlı PİS XƏBƏR - Hələ bundan sonra ...

19-05-2022, 06:59


"Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək".

Rusiya-Ukrayna müharibəsi ilə bağlı PİS XƏBƏR - Hələ bundan sonra ...
Xəbər verilir ki, bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

"Müharibənin uzun müddət davam edəcəyini Kremlin Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir. Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verib ki, Mariupoldakı "Azovstal" zavodunu sökəcəklər. Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini bildirib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib.

Rusiya necə ki, vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir. Halbuki, Çeçenistandan fərqli olaraq Xerson və Donbas Rusiya ərazisi deyil. Ancaq bu Kremli narahat etmir. Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq.

Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbas separatçıları idarə edəcəklər, sonrakı mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi nəzərdə tutulur. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq.

Bu arada, Rusiya rəsmiləri Mariupolda əsir götürdükləri "Azov" batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəklərini bəyan ediblər. Halbuki, müharibə dövründə iki ölkə hərbi əsirləri dəyişirdi. Kremlin "Azov" döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. "Azov" batalyonu müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən yaralıların çoxluğu batalyonun təslim olmasına məcburiyyət yaratdı.

Onları heç kim qınamır, əksinə əsl qəhrəmanlıq dastanı yaratdılar. Kreml bilir ki, "Azov" batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhməran kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya "Azov" döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi