"Biz tək qaldıq" - Zelenski
"Birinci növbədə mən daha sonra ailəm hədəf alınıb". APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib. Müraciətdə deyilir: "Hörmətli vətəndaşlar, siz ölkəni dünyanın ən güclü dövlətlərindən birinə qarşı parlaq şəkildə müdafiə edirsiniz. Rusiya bütün Ukrayna ərazisinə hücum edib. Bunla belə müdafiəçilərimiz çox iş görüblər. İlkin məlumatlara görə, bu gün biz 137 qəhrəmanımızı - vətəndaşlarımızı itirmişik. Ukrayna uğrunda canlarından keçənlərin əbədi xatirəsini əziz tutmaq üçün onlara Milli Qəhrəman adı veriləcək. İndi insanları xilas edən və asayişin qorunmasına kömək edən hər kəsə minnətdaram. Düşmən təkcə hərbi hədəflərə zərbə vurmur. İnsanları öldürür, dinc şəhərləri hərbi hədəfə çevirirlər. Bu heç vaxt bağışlanmayacaq. Bilirəm ki, çoxlu saxta məlumatlar var ki, guya mən Kiyevi tərk etmişəm. Paytaxtdayam. Gün ərzində onlarla beynəlxalq danışıqlar aparmışam, müdafiəyə birbaşa rəhbərlik etmişəm. Ailəm də Ukraynadadır. Bizdə olan məlumata görə, düşmən birinci növbədə məni daha sonra ailəmi hədəf alıb. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər. Diversiya qruplarının Kiyevə daxil olması barədə də məlumatımız var. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin. Dünyanın bir çox ölkəsi bizə dəstək verir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində biz tək qalmışıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Mən bunu görmürəm. Bizə NATO-ya daxil olmaq üçün zəmanət verməyə kim hazırdır? Hamı qorxur. Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi Ukraynanın taleyi həll olunur. Bizimləsinizmi? Bu işğalın sonu haqqında danışmaq lazımdır. İndi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır”.