Rusiyada qorunan, Matviyenkonun “ən dəqiq” adlandırdığı xəritə hansıdır? – “Reallığa əsaslanmır…”
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycan və Ermənistan arasındakı sərhəd mübahisələrini həll etmək üçün ən dəqiq xəritənin onlarda olduğunu bildirib. V.Matvienko bu xəritələrin Rusiya Müdafiə Nazirliyində saxlanıldığını diqqətə çatdırıb.
Maraqlıdır, Rusiyanın əlindəki və “ən dəqiq” olaraq qiymətləndirdiyi xəritə hansıdır?
Rusiya rəsmisinin bu açıqlaması ilə bağlı Sfera.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun icraçı direktoru, professor Cəbi Bəhramov Rusiyanın əlində olan xəritənin reallığa əsaslanmadığını bildirib:
“Rusiyanın açıqlamasına qarşılıq olaraq sual vermək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi tam olaraq necə idi? Nə üçün Rusiya bu dövləti tanımayıb, işğal etdi? Onlar hələ o zaman öz tərtib etdikləri xəritələri reallaşdırmaq istəyirlər. Bundan başqa Ermənistan ərazisində onların Gümrü deyilən hərbi bazası var. Digər tərəfdən Ermənistanda olan zavod və fabriklərin hamısı onların ixtiyarındadır. Bu baxımdan əvvəl tərtib etdikləri xəritənin tətbiqi onlara sərf edir. Biz konstitutsiya ilə elan etmişik ki, AXC-nin varisiyik. Həmin varislik hüququndan istifadə edərək deyə bilərik ki, Sovet Rusiyası Azərbaycan torpaqlarını o vaxt hərraca qoymuşdu. Qeyri-qanuni olaraq torpaqlarımız Ermənistana verilib”.
Müsahibimiz AXC dövründə Azərbaycana məxsus olan ərazilərin bərpa edilməsinin zəruri olduğunu qeyd edib:
“Hərbçilərin çəkdikləri xəritələri indi real ərazi vahidi olaraq qəbul edirlər. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz AXC varisliyimizdən istifadə edib, Zəngəzur, Göyçə də daxil olmaqla həmin dövrdə bizə aid olan ərazilər üzərindəki hüququmuzu bərpa etməliyik. Həm tarixi, həm də beynəlxalq hüquqi-nöqteyi nəzərdən indiki Ermənistan Azərbaycanın ərazisidir. Prezident İlham Əliyev də bu səbəblə dəfələrlə Zəngəzur və Göyçənin Azərbaycana aid tarixi ərazi olduğunu qeyd edib. Xəritə və ərazi bütövlüyü ilə bağlı fikirlər Rusiyanın yanaşması reallığa uyğun deyil”.