Putinlə Lukaşenko SSRİ-ni “xortladır” – Qərb postsovet məkanını Rusiyaya hədiyyə edib?
"Lukaşenko ilə Putinin mətbuat konfransına baxdım. Təəssüf ki, aylar öncə yazdığımız olur - Qərbin anlaşılmayan siyasəti nəticəsində Batkanı tam Kremlin qucağına qoydular, "İttifaq Dövlətinin" yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı, növbəti addım siyasi, hərbi birlik olacaq - SSRİ-ni "xortladacaqlar".
Azia.az xəbər verir ki, bunu "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli deyib.
Ekspert Qərbin Rusiya ilə qəti şəkildə danışığa getmək istəmədiyini bildirib:
"Halbuki cəmi 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, AB ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçir. Maraqlı olan odur ki, "Taliban" kimi bir təşkilatla, "daha neynəyək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq", deyən Qərb, Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır - bu yanaşma siyasi karikaturadır".
Siyasi ekspert bütün dünya üzrə azadlıqların çərçivəyə salındığını vurğulayıb:
"Qərb 15-20 illik plan quraraq Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür - ola bilər ki, bu, 15 ilə alınsın. Amma bu 15 il ərzində keçmiş Sovet məkanında yaşayanlar zülm çəkməlidirlər?! Daim Şimaldan təhdid yeməlidirlər?! Sabah Donbası tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-jure də tanısa Qərb nə edəcək?! Yenə mənasız sanksiyalar qoyacaq?!
Mən ümumbəşəri dəyərlərə təməldən inanan, onları təbliğ edən, azad seçki, rəqabətli bazar, ədalətli məhkəmə uğrunda mübarizə aparmağı həyatımın əsas hədəfi seçmiş bir insanam, Qərbi cəlbedici edən məhz bu dəyərlərə sadiq qalması idi. İndi baş verənlər isə azadlıqların çərçivəyə salınmasıdır - əvvəl terror təhdidi, indi də virus "şizofreniyası" ilə azadlıqlar daha da məhdudlaşdırılır və bu çox təhlükəli trenddir..."