azia.az
azia.az

Bu hücumla İŞİD Talibana müharibə elan etdi – Şərh

4-09-2021, 13:37

Bu hücumla İŞİD Talibana müharibə elan etdi – Şərh
Kabil hava limanına baş vermiş terror hücumlarında 15 ABŞ hərbçisi, onlarla Taliban döyüşçüsü həyatını itirib. Bu hücumla İŞİD qeyri-rəsmi olaraq Talibana müharibə elan etdi.

Azia.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev Kabil hava limanında baş verən partlayışı şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Kabil şəhərinə təhlükəsizlik də daxil olmaqla, ümumi nəzarət Talibandan, daha dəqiqi, qeyri-rəsmi olaraq Taliban daxilindəki Həqqani qrupundan asılı idi:

“Həqqani qrupu Taliban daxilində ən radikal və güclü fraksiya sayılır. Eyni vaxtda kifayət qədər daxildə və xaricdə şaxələnmiş, böyük maliyyə resurslarına malik qrupdur. Şəhərin təhlükəsizliyinə rəhbərlik bu qrupun rəhbəri Amerikanın terrorçu saydığı, başına 5 milyon dollar mükafat qoyulan Xəlil Həqqaniyə həvalə edilmişdi.

Bu partlayış təkcə Əfqanıstan İslam Əmirliyinin (Taliban) deyil, eyni zamanda Həqqani qrupunun da nüfuzuna endirilmiş böyük zərbə sayıla bilər.

Hətta Pentaqon rəsmisi belə terrorçularla əməkdaşlıq etmədiyini göstərmək üçün öz çıxışında Həqqani qrupu ilə Talibanı ayırmağa cəhd göstərmiş, Həqqaninin Taliban olmadığını demişdi.

Həqqani - xarici əlaqələri kifayət qədər geniş toxunmuş təşkilati qrupdur. Ərəb ölkələri ilə (Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və s.) Əfqanıstan (Taliban) arasında əsas koordinasiyanı bu qrup həyata keçirir. Fundamentalist ərəb təşkilatlarından gələn döyüşçülərin yerləşdirilməsi, eyni vaxtda yarımadadan gələn maliyyənin yerbəyer edilməsi həqqanilərin nəzarətindədir”.

T.Rzayevin sözlərinə görə, Həqqani qrupunun eyni vaxtda Pakistan kəşfiyyatı ilə də sıx əlaqələri var:

“Əfqanıstanın Hindistanla iqtisadi-siyasi əlaqələrinin güclənməsinə qarşı olan qrup tez-tez Əfqanıstandakı hind kapitalına qarşı hücumlar təşkil edirdi. Hindistanın Talibana qarşı sərt mövqe tutmasının bir səbəbi də məhz Talibanın, xüsusilə Həqqani qrupunun Pakistan kəşfiyyatı ilə olan yaxın əlaqələridir.

Kabil aeroportundakı partlayış bir tərəfdən həqqanilərə və Talibana zərbə vurdusa, digər tərəfdən Pakistana hələ hər şeyin bitmədiyini, Əfqanıstana nəzarət etməyin o qədər rahat olmayacağını göstərdi. Qarşıda Talibanı və Pakistanı uzun və çətin sınaq gözləyir. Artıq Əfqanıstanda asayiş və təhlükəsizlik onların öhdəliyindədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi