300 minlik əfqan ordusu Talibana necə diz çökdü... - sualın bəsit cavabı
Milyardlarla dollar xərclənərək formalaşdırılan Əfqanıstan ordusuna qarşı qısa müddətdə üstünlüyü əldə edən Taliban ölkədə hakimiyyəti ələ keçirib.
Azia.az xarici KİV-ə istinadla xəbər verir ki, Talibanın müqavimətə rast gəlmədən paytaxt Kabilə daxil olması isə xaosa səbəb olub.
ABŞ prezidenti Bayden ötəngünkü açıqlamasında qüvvələrin say nisbətindən danışıb: “Əfqanıstanda yetişdirdiyimiz və yaxşı silahlanmış 300 min hərbçi vardı. Taliban isə sadəcə 75 min nəfər idi” - bu sözlər həm region ölkələrində, həm də Əfqanıstanla əməkdaşlıq edən ölkələrdə Əfqanıstan ordusun necə bu qədər tez bir zamanda məğlub olması ilə bağlı suallar doğurub.
Məsələ ilə bağlı aparılan təhlillərdən birində qeyd olunur ki, ABŞ-dan daha çox pul qoparmaq üçün ordu daxilində xəyali batalyonlar formalaşdırılıb və bu yolla müdafiə xərcləri bəzilərinin cibbinə axıb.
Bildirilir ki, əfqan təhlükəsizlik qüvvələri kağız üzərində 300 min nəfər olsa da, ordu əslində hər zaman problemlərlə qarşı-qarşıya olub. Əfqanıstan ordusu və polis qüvvələrinin itkinlərin sayının çox olması, fərarilik və rüşvətxorluqla dolu keçmişi var. Bəzi generalların əslində mövcud olmayan və “xəyali əsgər” adlandırılan hərbi birliklərin maaşlarını mənimsədiyi iddia edilir.
Türkiyəli yazar, jurnalist Güner Cıvaoğlu da əsgərlərin sayı ilə bağlı hesablama apardığını yazıb:
“Hər biri 800 əsgər və rütbəlidən ibarət olan 46 xəyali tabor. Hesabladım, 36 800 xəyali əsgər. Əfqanıstan ABŞ-dan daha çox pul qoparmaq üçün illərdir bunu edib. Pullar böyük ehtimalla bəzilərinin cibinə gedib”, - jurnalist qeyd edib.