Çində məmurlar koronavirusun yayılmasına görə cəzalandırılıb
Çinin Nankin şəhərində məmurlar koronavirusun yayılmasında yol verdikləri nöqsanlara görə cəzalandırılıblar.
Azia.az xəbər verir ki, bu barədə “Global Times” bildirib.
Qeyd edilir ki, ümumilikdə 15 vəzifəli şəxs cəzalandırılıb. Onlar Nankin Lukou beynəlxalq aeroportunda vəziyyətə nəzarət etməli idilər. Lakin nəzarəti düzgün həyata keçirməyiblər. Nəticədə virus hava limanından bütün ölkəyə yayılıb.
Fəaliyyətsizlikdə ittiham edilənlər şəhər məmurları, yüksək vəzifəli şəxslər, həmçinin aeroportun işçiləridir. Xüsusi halda, Nankinin səhiyyə üzrə komissiyasının rəhbəri Fana Çjunyu yarıtmaz fəaliyyətinə görə vəzifəsindən xaric edilib.
Məlumata görə, “Eastern Airports” şirkətinin direktor müavini Van Çao saxlanılıb. Bu təşkilat aeroportda yoluxmalara nəzarəti həyata keçirir.
Bundan başqa, qeyd edilir ki, təqsirkarların sayı arta bilər, çünki hələ bir neçə nəfər barəsində araşdırma aparılır.