“Cəbhət ən-Nüsra” və “Cundu Şam” yaraqlıları Bakıda məhkəmə önündə
Yaxın Şərqdə münaqişlər başlayandan bəri Azərbaycanın müxtəlif bölgələrindən cihad adı altında Suriayaya gedərək qanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər, döyüş meydanlarında ölənlər, yaralananlar, peşman olub geri qayıdanlar, bir sözlə cənnəti qazanacağını düşünüb əsl сəhənnəmlə üzləşənlər olub. Hələ də “Cəbhətül-Nusra”, “Cundu Şam”, “Ömər Şişani”nin dəstəsi, “Azəri camaatı”, “Ceyşul-Mühacirun və Ənsar”və“Ceyşul Hur”kimi qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər arasında məhkəmə qarşısında onlara veriləcək cəzanı gözləyənlər var.
Budur, Suriyada terrorçu qruplaşmaların tərkibində döyüşmüş daha iki nəfər məhkəmə önünə çıxarılıb. Cinayət işindən də göründüyü kimi, onlar internetdə aparılan cihad təbliğatının təsiri altına düşüblər.
Belə ki, bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 42 yaşlı Bakı şəhər sakini Rövşən Rəhimov və 37 yaşlı Sumqayıt şəhər sakini Mehman Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada “Cəbhət ən-Nusra” (“Əl-Qaidə” terror qruplaşmasının Suriya özəyi) və “Cundu Şam” adlı radikal dini qruplaşmaların tərkibində vuruşublar. Sonradan Azərbaycana qayıdıblar. Onların hər ikisi 2019-cu ilin fevralında şübhəli şəxs qismində saxlanılıblar. Barələrində Səbail rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Mamed camaatı” arasındakı fikir ayrılığı
Üç uşaq atası olan Mehman Qarayev ali təhsillidir, Sumqayıt Dövlət Pedoqoji universitetini bitirib. Suriyaya cihada gedənə qədər “Karvan” ticarət mərkəzində işləyib, kiçik sahibkarlıqla məşğul olub. İslam dininin əhli sünnə məzhəbi üzrə ibadət edən, əsgərlik yoldaşı Raminlə mütəmadi olaraq əlaqə saxlayan, görüşən M.Qarayev onun vasitəsilə Sumqayıtda yaşayan sələfilərlə - Aqil Hacıyev (“Sumqayıt camaatı”nın əmiri, əslən Lənkərandan olan A.Hacıyev “Talış Aqil” ləqəbi ilə də tanınıb.
Bəzi mənbələrdə onun “ən-Nusra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən əsir götürüldüyü, şəriət qanunlarına əsasən barəsində hökm çıxarıdığı bildirilir-red.), Ceyhun, Mübariz və digərləri ilə yaxından tanış olub. Tez-tez müxtəlif çay evlərinə yığışıblar, cihadla bağlı söhbət ediblər, müzakirələr aparıblar. M.Qarayev özlərini “Mamed camaatı” adlandıran bu şəxslərdən cihadın nə olduğunu öyrənib. “Mamed camaatı”ndan olan gənclərdən bir neçəsi cihad üçün Suriyaya yollanıb. Sonradan camaat üzvləri ilə bəzi fikir ayrılığı olması səbəbindən Mehman onlardan ayrılıb.
Özünə “Talut” adı verib “yəhudiləri islah etmək” fikrinə düşmüşdü...
Mehmanın ifadəsinə görə, Suriyada döyüşmək fikrinə internetdəki videoları görəndən sonra gəlib. İnternet saytlarından oxuyub öyrənib ki, Suriyaya Türkiyənin Qaziantep şəhərindən keçməklə getmək olar. Nəticədə avtobusla Gürcüstana oradan da Türkiyəyə yollanıb. Qaziantep şəhərində Sumqayıtdan olan “Abdul Alim”lə rastlaşıb. Mehman ona Suriyaya keçmək istədiyini deyib. “Abdul Alim”lə birgə Suriya sərhəddində yerləşən bir kəndə gəliblər.
Türkiyə ərazisindən cihadda iştirak etmək üçün Suriyaya keçmək istəyənlərə köməklik edən Həsən adlı şəxs onları qaçaq yolla Atma şəhərinə keçirib. M. Qarayev Atmada əslən Sumqayıtdan olan, azərbaycanlılardan ibarət silahlı birləşməyə rəhbərlik edən “Əbu Yəhya” ilə tanış olub. “Əbu Yəhya” onu öz adamları qaldığı düşərgəyə aparıb.
Təqsirləndirilən Qarayevin ifadəsindən sitat: “Əbu Yəhya” nın rəhbərlik etdiyi camaat 20-25 nəfərdən ibarət idi. Biz öz adımızla deyil, dini ləqəblərimizlə tanınırdıq. Mənim dini ləqəbim “Abu Ruqəyya” və “Talut” olub. “Abu Ruqəyya” qızımın adına uyğun olaraq mənə verilmişdi. “Talut” isə Qurani Kərimdə yəhudilərin islah olunması üçün göndərilən şəxsdir”.
“Cundu Şam” ın azərbaycanlı əmiri kimdir?
Düşərgədəki azərbaycanlılar hamısı hərbi geyimdə olublar, avtomat və tapança ilə silahlanıblar. İki aya yaxın “Əbu Yəhya”nın rəhbərlik etdiyi qruplaşmanın tərkibinə qatılan Mehman sonradan onlardan ayrılıb və Mühəndisin kəndindəki “Sumqayıt camaatı” tərəfindıən yaradılan, əmiri “Abu Muhammad” (Aqil Haciyevi nəzərdə tutur-red.) olan “Cundu Şam” üzvlərinə qoşulub. 2013-cü ilin noyabrında Türkiyənin Qazıantep şəhərinə gəlib. Bir neçə ay orada işləyib və 2014-cü ildə Azərbaycana qayıdıb.
M.Qarayev istintaqa verdiyi ifadəsində Allahın qoyduğu qanunlardan başqa heç bir qanun tanımadığını, İslam dövlətinin yaranmasının tərafdarı olduğunu, Suriyada cihadda iştirak cinayət hesab olunursa cəzasını çəkməyə hazır olduğunu deyib. O, xüsusi təlimlərdə, döyüşlərdə iştirak etmədiyini, adam öldürmədiyini, heç bir günah işlətmədiyini bildirib.
“Doğru yolu axtardım, dinə gəldim”
Digər təqsirləndirilən, dini ləqəbi “Mahmud” olan Rövşən Rəhimova gəlincə isə bu, onun ilk məhkumluğu deyil. Əvvəllər narkotik vasitələrdən istifadə və digər bu kimi cinayətlərə görə dörd dəfə məhkumluq həyatı yaşayıb. Paytaxtda dəmirçi işləyib. R.Rəhimov ifadəsində 20 ilə yaxındır İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət etdiyini, dini ayinləri vaxtı-vaxtında yerinə yetirdiyini, mütəmadi olaraq “Qaraçuxur” məscidinə gedib-gəldiyini deyib: “Hərbi xidmətdə olmamışam. Odlu silah, döyüş sursatlarından istifadə etməyi bacarmıram. Mehman Qarayevi tanımıram. 2013-cü ildə qazanc məqsədilə Türkiyəyə getmişdim. Orada kiçik sexlərdən birində işləyirdim. Məqsədim insanlara kömək etmək olub. Çox həbs olunmuşam. Doğru yolu axtardım, dinə gəldim”.
R.Rəhimov həbs olunanda mənzildə aparılan axtarış zamanı tüfəng, binokl, ratsiya, oxatan, qaz balonları, patronlar tapılıb. O, ifadəsində ov həvəskarı olduğunu, sadalanan əşyaları ovçular mağazasından aldığını deyib.
Ümumi sayı 170 nəfərdən ibarət “Sumqayıt camaatı”
Cinayət işi üzrə şahid qismində dindirilən Azim Abdullayev (A.Abdullayev barəsindəki cinayət işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır-red.) ifadəsində “Əbu Ruqəyyə”nı və “Mahmud”u tanıdığını təsdiq edib. O, “Əbu Ruqəyyə”ni “Sumqaylıt camaatı” nın digər üzvləri ilə bir yerə toplaşdıqları vaxtlardan tanıdığını deyib.
A.Abdullayevin ifadəsinə görə, Suriyaya yola düşməzdən əvvəl Sumqayıtdakı parkda toplaşıblar, ümumi ümumi sayları 170 nəfər olub. Suriyada cihad aparmaq məqsədilə Bakı-İstanbul reysi ilə yola düşüblər, Türkiyədən qaçaq yolla Suriya ərazisinə keçiblər. Mühəndisin kəndindəki “Sumqayıt camaatı” tərəfindən yaradılan “Cundu Şam” silahlı qruplaşmasına qoşulublar. “Sumqayıt camaatı”nın əmiri A.Hacıyev onları boş evlərə yerləşdirib.
“Cundu Şam”ın üzvlərini zirzəmiyə saldılar və...
Şahidin ifadəsinə əsasən gələnlərin hamısı silahla təchiz olunublar, təlimlərdə iştirak ediblər. Təxminən 2014-cü ilin aprelində “Cəbhət ən-Nüsra”nın nümayəndələri Mühəndisin kəndinə gələrək onlara qoşulmağı və bir yerdə cihad aparmağı tələb ediblər. Lakin “Cundu Şam”ın əmiri və üzvləri bu təklifə rədd cavabı veriblər.
Bir müddət sonrasa “Cəbhət ən-Nüsra” nın üzvləri kəndə gələrək onları tərksilah ediblər, zirzəmiyə salıblar. “Cundu Şam”ın əksər üzvləri on gün zirzəmidə saxlanılıblar. On gün sonra “Cundu Şam”ın dörd-beş üzvünü, o cümlədən A.Abdullayev və M.Qarayevi avtobuslara mindirərək Suriya-Türkiyə sərhəddinə gətiriblər. Bir neçə gün Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıdıblar.
Qeyd edək ki, müttəhimlər kürsüsündə əyləşənlər onlara elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər. Bir qayda olaraq belələri Azərbaycana qayıdıb yaxalananda Suriyada törətdikləri əməlləri ya inkar edirlər, ya da terrorçu qruplaşmaların tərkibindəki fəaliyyətlərinin əhəmiyyətini kəskin azaldaraq heç bir qətliamda, baş kəsmədə və digər qəddar əməllərdə iştirak etmədiklərini, haradasa gözətçi olduqlarını, yaxud digər əhəmiyyətsiz işlərdə rol aldıqlarını deyirlər...
Məhkəmə prosesi davam edir.
İnarə Rafiqqızı