Türkiyədə Ermənistan əsilli terrorçu həbs edilib
Türkiyənin Hatay bölgəsində polis tərəfindən silahlı terror qruplaşmasının üzvü olduğu üçün Ermənistan əsilli Fransa vətəndaşı Artyom Aloyan həbs edilib
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, avqustun 2-də Hatay polisinin keçirdiyi yol reydi zamanı saxlanılıb. Axtarış nəticəsində onun üzərindən silahlı münaqişə bölgələrinin fotosu, hərbçilərə ediləcək hücum yerləri işarələnmiş xəritə, müdafiə planları, əl qumbarası və partlayıcı kimyəvi maddə, uzaqdan komanda ilə idarə olunan elektron sxemlər, video və başqa sənədlər aşkarlanıb.
Xəbərə əsasən, yerli təhlükəsizlik idarəsində aparılan sorğu-sualdan sonra A.Aloyana qarşı "silahlı terror qruplaşmasına üzv olmaq" maddəsi ilə cinayət işi açılıb.
Məlumatda bildirilib ki, o, Suriyada "Əl-Nusra" terror qruplaşmasının sıralarında döyüşüb.
Xəbərə əsasən, A.Aloyan ilk ifadəsində Ermənistanda yaşayan yezidi kürdlərindən olduğunu, 2002-ci ildə Fransaya köçdüklərini və bu ölkənin vətəndaşlığını qəbul etdiklərini söləyib. O, 2012-ci ildə İslamı qəbul edərək, 2015-ci ildə Suriyada fəaliyyət göstərən "Əl-Nusra" terror təşkilatına qoşulduğunu da deyib.
Məlumatda qeyd edilib ki, A.Aloyan erməni, ərəb, kürd, rus, fransız və ingilis dillərini bildiyini və bu dillərdə danışdığını söyləyib.