Deputat: “Taleh Bağırzadə qanunvericiliyi pozduğuna görə həbs olunub, İranın bəzi media qurumlarının davranışı anlaşılan deyil”
“Azərbayacan İranla münasibətlərin inkişafında maraqlı olub və hər zaman siyasətində normal dostluq münasibətlərini qoruyub və buna əməl edib. Bu baxımdan Azərbaycan İrandan da eyni addımları atmasını və eyni münasibəti nümayiş etdirməsini gözləyir. Bu çox vacib məsələdir. Təəssüf ki, zaman-zaman İranın müxtəlif media qurumlarının Azərbaycanın daxili işlərinə müdaxilə etdiyinin və ölkəmizdəki proseslərə qiymət və münasibət bildirdiklərinin şahidi oluruq...”
Bunu Pravd.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat son günlər İran mediasında Taleh Bağırzadə ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Taleh Bağırzadə Azərbaycanın qanunvericiliyini pozduğuna görə həbs olunub. Yəni, onun həbsi məsələsi qanunauyğun şəkildə əsaslandırılıb. İranın bəzi media qurumlarının Azərbaycanla bağlı davranışı anlaşılan deyil. Bir müddət mövcud olan anlaşılmazlığı aradan qaldırdıq və dövlət başçıları qərara gəldi ki, münasibətlər normallaşdırılsın. İrandakı media qurumları da çalışmalıdır ki, fəaliyyətlərini buna uyğun qursunlar. Azərbaycanın İranın daxili işlərinə müdaxilə etmədiyi kimi, onlar da Azərbaycanın daxili işlərinə qarışmasınlar. İran rəsmiləri də çalışmalıdırlar ki, ikitərəfli münasibətlərə xələl gətirən açıqlamalara son qoysunlar”.