“İranın mövqeyi ultimatuma oxşayır, biz ABŞ-ın forpostu deyilik...”
“İranın bu mövqeyi açıq-aşkar ultimatum kimi səslənir. Hətta özündə müəyyən qədər hədə-qorxu elementlərini də nümayiş etdirir”
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc qonşu ölkənin İsrailin baş naziri Netanyahunun Bakıya səfəri ilə bağlı mövqeyini şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycanın öz gücünün artırması ola bilsin ki, müxtəlif siyasi paytaxtlarda narazılıqla qarşılansın: “Prezidentlərə, dini şuranın rəhbərlərinə müxtəlif məruzələr təqdim etsinlər ki, bizim imkanlarımızın genişlənməsi fonunda ya İsrail, və ya hər hansı bir Avropa ölkəsi, ya da ABŞ Azərbaycanın üzərindən İranı vurmaq niyyəti güdür. Ancaq bunlar olmayacaq”.
Zahid Oruc İsrailin Azərbaycana Ermənistan qarşısında müdafiə qabiliyyətini gücləndirməkdə kömək etdiyini söyləyib: “Biz bu istəkləri İrana da ifadə etmişik. Amma qarşı tərəf böyük silahların bir çoxunu rəsmi Bakının sorğusuna və çağırışına baxmayaraq Azərbaycana satmayıb. Bu da öz-özlüyündə yaxşı müttəfiq imkanının itirilməsi deməkdir. Azərbaycan İsrailə buradan şərait yaratmayıb ki, İranın bu gününə, sabahına, bir imperiya ambisiyalarına zərbə vursun. Biz nə bölgə dövlətlərinin, nə Avropa ölkələrinin, nə də ABŞ-ın forpostuyuq. İsrail vasitəsilə də bölgə dövlətlərinə çağırış etmirik. Onların əleyhinə regional şərait formalaşdırmırıq. Tehran nə qədər ki, Qarabağ bölgəsinin Ermənistanın əlində qalması siyasətində müəyyən qədər iştirak edəcək və Türkiyənin ermənilərə sərhəd bağlamaq əməliyyatını gerçəkləşdirməyəcək, bu halda Azərbaycanın özünə yeni tərəfdaşlar qazanmaq siyasətini süngü ilə qarşılamamalıdır”.(Modern.az)