azia.az
azia.az

Paşinyan ilk rəsmi səfərini niyə İrana etdi? - Açıqlama

5-08-2021, 15:53

Paşinyan ilk rəsmi səfərini niyə İrana etdi? - Açıqlama
Ermənistanın yenidən seçilmiş Baş naziri Nikol Paşinyan bu gün İran İslam Respublikasına rəsmi səfərə gedəcək. Səfər İran tərəfinin dəvəti ilə həyata keçirilir və İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək məqsədi güdür.

İran tərəfinin məlumatına görə andiçmə mərasimində 73 ölkədən 115 rəsmi nümayəndə iştirak edir və onların arasında 10 dövlət başçısı, 20 parlament spikeri, 11 Xarici İşlər naziri var.

Politoloq Əlimusa İbrahimov Azia.az-a açıqlamasında deyib ki, Paşinyanın dəvəti qəbul edib, ikinci dəfə seçiləndən sonra ilk səfərini İrana etməsi rəmzi məna daşıyır:

"Təbii ki, bu səfər çərçivəsində ikitərəfli və regional məsələlər haqqında yeni seçilmiş prezidentlə ətraflı fikir mübadiləsi aparmaq üçün yetərincə zaman yoxdur və İbrahim Rəisi də tezliklə İran-Ermənistan münasibətlərini gündəmə gətirməkdə maraqlı deyil. Birincisi ona görə ki, İranın qarşısında ölkəni taqətdən salan sanksiyalar və COVİD-19 kimi çox ciddi problemlər var və ali dini rəhbər yeni prezidenti təqdim edərkən onun qarşısına məhz bu məsələlərlə təcili məşğul olmağı vəzifə kimi qoyub. İran bu gün bütün qüvvəsini ölkədəki acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətinə yönəltməlidir.

Digər tərəfdən regionun aparıcı aktyoru səviyyəsinə yüksəlmiş və iqtisadi baxımdan əlverişli şəraitdə olan Azərbaycanla yaxın münasibətlər saxlamaq İran üçün daha məqsədəuyğundur, nəinki, Ermənistanla. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi yeni seçilmiş prezident üçün daxili vəziyyəti də nəzarətdə saxlamaq baxımdan əhəmiyyətlidir”.

Müsahibimizin fikrincə, İbrahim Rəisinin Azərbaycan Prezidenti və xalqını Qarabağın işğaldan azad olunması münasibəti ilə hələ bir neçə ay bundan qabaq təbrik etməsi yeni prezidentin izləyəcəyi kurs haqqında yetərincə məlumat verib:

"Orada İranın Azərbaycanla getdikcə daha yaxın münasibətlər qurmasını ciddi narahatlıqla qəbul edirlər. İranın Ali Dini Lideri Seyid Əli Xomeyninin Azərbaycandakı nümayəndəsi Höccətül- İslam Ocaq Necatın Şuşaya səfəri və orada səsləndirdiyi bəyanatlar erməniləri daha da qəzəbləndirib. İran xarici siyasətində yeni prezidentin gəlişi ilə baş verə biləcək dəyişiklikləri daha yaxından görmək üçün Ermənistan Baş Nazirinə bu dəvəti qəbul etmək zəruri idi. Bu səfər iki ölkə arasında gələcək münasibətlərin istiqamətini müəyyən etmək baxımdan da əhəmiyyətlidir. Nikol Paşinyanın İrana səfərində bir məqsədi də onun fürsətdən istifadə edərək Avropa İttifaqının baş diplomatı Cozef Borrelin andiçmə mərasimində iştirak edəcək şəxsi nümayəndəsi Enriki Moralla görüşmək ola bilər. Məlum olduğu kimi, bu təşkilat öz yüksək rütbəli nümayəndəsini İranın dəvəti ilə andiçmə mərasimində iştirak etmək üçün göndərib. İkinci dəfə yenidən seçilmiş Baş Nazirin ilk İran səfərinin fayda verə biləcəyi haqqında danışmaq isə hələ tezdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi