Azərbaycan və Ermənistan yeni formatda: “Altılıq”ın əvəzinə qurula bilər
İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır. Bununla belə, regionda sülhə və yaxın əməkdaşlığa xidmət edəcək Türkiyə Prezidenti Ərdoğanın təklif etdiyi “Altılıq” platformasının reallaşması məsələsi sual olaraq qalır”.bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, İran Türkiyənin belə bir paltformanın qurulmasından sonra həm burada, həm də bölgədəki mövqeyinin daha da güclənəcəyindən ehtiyat edir və bunu qəbul etmir:
“Tehranın son aylardakı destruktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusən də, İranda hakimiyyətdə olan mühafizakarlar Türkiyə və Azərbaycana qarşı rəqib kimi baxırlar.
Gürcüstana gəldikdə, bu ölkə də “3+3” platformasına isti baxmır. Rusiya ilə münasibətlərindəki problemləri əsas gətirərək, burada iştirak etməyə ehtiyatla yanaşır. Halbuki Tiflisin bu paltformaya qoşulmağına ABŞ mane olur. Vaşinqton da Tehran kimi, Türkiyənin Cənubi Qafqazda artan nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır. Vaşiqnton Türkiyənin Cənubi Qafqazda real gücə çevrilməsində maraqlı deyil.
Türkiyə lideri G-20 sammitində “Altılıq” platformasını ABŞ və Fransa prezidentləri də müzakirə edib. Hər iki ölkə belə bir platformanın Ankaranın birbaşa vasitəçiliyi ilə qurulmasını qəbul etməsə də, Ərdoğan onlara Cənubi Qafqazda Türkiyənin regional nizamı formalaşdırmaq gücündə olduğu mesajını verdi”.
Məhəmməd Əsədullazadə bildirib ki, hazırkı durumda bölgədə “Altılıq” platformasının qurulması mümkün görünümür:
“Bunun əvəzinə “2+2” formatı daha uyğun variant ola bilər. Bunun da Zəngəzur dəhlizinin açılmasından sonra mümkün olacağını düşünürəm. Bu format Türkiyə, Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə həyata keçə bilər.
Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələrinin də regionla əməkdaşlığını artıracaq. Bundan sonrakı dövrdə Ankaranın vasitəçiliyi ilə yeni iqtisadi əməkdaşlıq formatı qurula bilər”.