Kremldən “Azərbaycana toxunmaq olmaz” mesajı: Rusiya Zəngəzur dəhlizinin də önünü açdı
Rusiya öz strateji maraqlarını heç də Ermənistanın bitib-tükənməyən iddialarına qurban vermək niyyətində deyil; Sergey Lavrovun açıqlamaları da sübut edir ki, müasir dünyanın yeni düzəni Azərbaycan və Türkiyənin Rusiya üçün əhəmiyyətini ciddi şəkildə artırıb...
"Azia.az " Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan hazırda bütün ümidlərini məhz İranın yaxın gələcəkdə ata biləcəyi addımlara bağlayıb. Ancaq rəsmi Tehranın Cənubi Qafqaz region üzrə yürüdəcəyi siyasi kurs qətiyyən sərbəst xarakter daşımır. Çünki bu regionda bir çox ölkələrin xüsusi maraqları var.
Xüsusilə də, Kreml Cənubi Qafqazı Rusiyanın təsir dairəsində olan region hesab etdiyindən hər hansı kənar dövlətin bölgəyə nüfuz etmək cəhdlərinə qıcıqla yanaşır. Hazırda Kreml yalnız Türkiyənin Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biri olduğunu qəbul edir. Yəni, Rusiyanın bu məsələdə “tolerantlıq cizgiləri Türkiyənin regional oyunçu statusu ilə məhdudlaşır. Və regionda əlavə geopolitik oyunçu istəmir.
Onu da qeyd edək ki, rəsmi Ankara Türkiyənin Cənubi Qafqazdakı rolunu beynəlxalq səviyyəli hüquqi sənədlərlə möhkəmləndirib. Belə ki, Türkiyənin regionun lider dövləti olan Azərbaycan ilə xüsusi hərbi-siyasi əməkdaşlıq anlaşması var. Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi Türkiyəni Cənubi Qafqazda geopolitik proseslərin tamhüquqlu iştirakçısına çevirir. Və Kreml artıq bu reallığı qəbul edir.
Digər tərəfdən, həm Azərbaycan, həm də Türkiyə Rusiyanın strateji tərəfdaşlarıdır. Rusiya və Türkiyə arasında da xüsusi münasibətlər və ortaq maraqlar çərçivəsində anlaşmalar mövcuddur. Bir müddət öncə keçirilmiş Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə bu münasibətlər yeni, həm də daha yüksək mərhələyə keçirilmiş oldu.
Ancaq İran Cənubi Qafqazda xüsusi geopolitik rola can atsa da, rəsmi Tehran analoji münasibətlərdən və hüquqi bazadan uzaqdır. İranın regionda birbaşa strateji münasibətlər qura biləcəyi dövlət Ermənistan olsa da, hələlik rəsmi Tehranın Türkiyənin sahibi olduğu status qazanması mümkün deyil. Çünki yaxın gələcəkdə Ermənistanın İranla analoji hüquqi bazanı yaratması qətiyyən mümkün deyil.
Məsələ ondadır ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir. Kreml rəsmi İrəvana İranla strateji məzmun daşıyan hər hansı hüquqi sənədin imzalanmasına imkan verməz. Hazırda Ermənistanın bütün sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur, bu ölkədə Rusiya hərbi bazaları mövcuddur. Ermənistanın hərbi texnika ilə təchizatı da məhz Rusiyanın öhdəsindədir.
Belə olan təqdirdə, Kreml Rusiyanın for-postu olan Ermənistanda İranın təsir imkanlarının artması ilə barışmaz. Eyni zamanda, Ermənistanda İranın hərbi iştirakı da qətiyyən mümkün deyil. Və bu baxımdan, Ermənistanın “giriş qapıları”nın açarları Kremlin əlindədir.
Digər tərəfdən, rəsmi İrəvanın strateji müttəfiqliyə can atdığı ABŞ da İranın Ermənistana yerləşmək cəhdlərinə tolerant yanaşmaz. Bu halda, Ermənistan ABŞ-ın himayə etdiyi ölkələrin sırasından dərhal çıxarılar, hətta rəsmi İrəvanın müxtəlif istiqamətlər üzrə sərt şəkildə cəzalandırıla biləcəyi də qətiyyən istisna deyil.
Göründüyü kimi, İranın Cənubi Qafqaz hədəfləri və siyasəti kifayət qədər ciddi problemlərlə qarşı-qarşıyadır. Böyük ehtimalla rəsmi Tehran da bu reallığı nəzərə alır. Ona görə də, İran Cənubi Qafqazda rolunun və fəaliyyətinin önünü açmaq üçün Rusiya ilə anlaşmağa çalışır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfərində də məhz bu məqsədin əsas hədəf olduğu şübhə doğurmurdu. Və Ermənistanda da bu səfərin nəticələrinə böyük ümidlər bəsləyirdilər.
Ancaq Rusiyanın xarici işlər naziri ilə görüşün nəticələrinin İran tərəfi üçün uğurlu olduğunu iddia etmək çox çətindir. Çünki görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Kremlin mövqeyini çox konkret və dəqiq şəkildə ifadə edib. O, bildirib ki, Cənubi Qafqaz regionunda sabitlik Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli anlaşmalarla tənzumlənir. Kreml rəsmisi bununla Rusiyanın regionda hər hansı kənar ölkənin geopolitik iştirakını istəmədiyinə diplomatik şəkildə eyham vurub.
Digər tərəfdən, S.Lavrov Rusiyanın regionda hərbi aktivliyin artırılmasına qarşı olduğunu da birmənalı şəkildə vurğulayıb: “Rusiya regionda hərbi aktivliyin artırılmasına, provokativ xarakter daşıya biləcək hərbi təlimlərin keçirilməsinə qarşıdır. Azərbaycan öz sərhədləri yaxınlığında İranın keçirtdiyi hərbi təlimlərlə bağlı narahatlığını artıq ifadə edib”.
Beləliklə, Kreml də İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərdən qətiyyən məmnun olmadığını gizlətmir. Həmin təlimlərin təxribat xarakteri daşıya biləcəyinə üstüörtülü eyham vurur. Və üstəlik diplomatik şəkildə bu hərbi təlimlərin Azərbaycana qarşı yönələ biləcək addıma çevrilməsini istəmədiyinin mesajını verir. Yəni, sadə dillə desək, Kreml İrana “Azərbaycana toxunmaq olmaz” xəbərdarlığını etmiş olur.
Maraqlıdır ki, S.Lavrov İranın Cənubi Qafqazın gələcək imkişaf prosesində iştirak şansını da tamamilə qapatmayıb. Əksinə, rəsmi Tehrana İranın regiona yolunu aça biləcək yeganə variantı növbəti dəfə təkrarlayıb. Belə ki, Kreml təmsilçisi İrana “3+3” formatına qoşulmağı təklif edib. Və bunun İran üçün yeganə regional iştirak formatı olduğuna eyham vurub.
Göründüyü kimi, Kreml İranı regionda geopolitik oyunçu kimi qəbul etmək niyyətində deyil. Ancaq Cənubi Qafqazda iqtisadi-ticari əməkdaşlıq qapısını da açıq buraxır. Və bu, İranın hərbi-siyasi təhdidlərlə Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək planlarının üzərindən xətt çəkilməsi anlamına gəlir.
Onu da qeyd edək ki, Rusiya xarici işlər naziri S.Lavrovun iranlı həmkarı ilə görüşdən sonra verdiyi açıqlamalar Ermənistanı da məyus edəcək məzmun daşıyır. Bir tərəfdən, aydın oldu ki, Ermənistanın İrana bəslədiyi böyük ümidlərin doğrulmasına Rusiyanın imkan vermək niyyəti yoxdur. Yəni, rəsmi İrəvan İrana güvənib, regionda geopolitik situasiyanı dəyişmək cəhdlərindən imtina etmək məcburiyyətində qalacaq. Və bu baxımdan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehranda verdiyi açıqlamaların hamısı öz əhəmiyyətini itirmiş oldu.
Eyni zamanda, rəsmi İrəvanın israrla Zəngəzur dəhlizinə qarşı çıxması da artıq mənasız cəhdlərdən başqa bir şey deyil. Belə ki, Ermənistan tərəfi adətən, söz oyunbazlığı edərək, üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizi ilə bağlı heç nə yazılmadığını, bu məsələnin müzakirə edilmədiyini, Rusiyanın da rəsmi İrəvanla eyni mövqeni bölüşdüyünü iddia edirdi.
Ancaq Rusiya xarici işlər nazirinin son açıqlamaları tamamilə fərqli məzmun daşıyır. Kreml təmsilçisi iranlı nazirə “3+3” formatını xatırladıb, təklif etməklə, əslində, həm də Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu növbəti dəfə təsdiqləmiş oldi. Çünki, “3+3” formatı yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə, reallığa çevrilə bilər. Əks halda, bu formatdan danışmaq tamamilə mənasızdır.
Məsələ ondadır ki, sərhəd təmasları olan üç region ölkəsini – Azərbaycan, Gürcüstan və Ermənistanı bir kənara qoysaq, Türkiyə, Rusiya və İran yalnız Zəngəzur dəhlizi üzərindən bir-biri ilə nəqliyyat-kommunikasiya əlaqəsi qura bilərlər. Əks halda, belə bir əlaqə sadəcə, mənasız və faydasız xəyaldan başqa bir şey olmazdı.
Bütün bunlar onu göstərir ki, Rusiya öz strateji maraqlarını heç də Ermənistanın bitib-tükənməyən iddialarına qurban vermək niyyətində deyil. Müasir dünyanın yeni düzəni Azərbaycan və Türkiyənin Rusiya üçün əhəmiyyətini ciddi şəkildə artırıb. Və bu səbəbdən də, Kreml həm “3+3” formatını gündəmə gətirməklə, Zəngəzur dəhlizinin önünü açır, həm də rəsmi Bakını təhdid edənlərə “Azərbaycana toxunmaz olmaz” mesajını verir.