azia.az
azia.az

"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya Yugoslaviya"

10-10-2021, 09:09

"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya Yugoslaviya"
"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya Yugoslaviya"
Son günlərdə həmişə din, tarix və mədəni tellərlə bağlılıqları vurğulanan İranla Azərbaycan arasında gərginlik zirvə həddindədir. Bakı Tehranı Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırmaqda ittiham edərək, Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində İran yük maşınlarını yoxlamağa və onlardan rüsum ödəməyi tələb etməyə başlayıb. Tehran Bakının İsraili Azərbaycana gətirdiyini, Ermənistana yük daşıyan iki sürücüsünü saxladığını iddia edib, bunun ardınca isǝ İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib. Daha sonra isǝ İranın öz ərazisi üzərindən Bakıdan Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoyduğu xəbəri yayılıb. Azərbaycan Müdafiə Nazirliyi bunu indiyə kimi nə təsdiq, nə təkzib edib. Bǝzi tǝhlilçilǝrǝ görǝ, bütün bunlar iki ölkə arasında gərginliyin təhlükəli həddə, açıq münaqişəyə keçə biləcək həddinə çatdığından xəbər verir.

Görəsən, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafını necə qiymətləndirirlər? BBC News Azərbaycanca bu mövzuda sıravi iranlılarla söhbətləşib, onların bu məsələ barədə fikirlərini öyrənib. Müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.

İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib.

"Bu işin sonu savaş olmaz"

İranın Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Ğəimi hesab edir ki, "bu problemlərin kökü gedib çıxır Qarabağ savaşına."

"İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəb oldu. Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi bir təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır", - o söyləyib.

"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz. Üstəlik, hər ikisi də şiə toplumudur və dərin ortaq tarixləri var", - Məhəmməd Ğəimi deyib.

"Biz savaş istəmirik"

Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, "İranın özü nə etdiyini bilmir".
"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya Yugoslaviya"
"Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, ümumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki?

İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".

"Azərbaycan dövləti bilməlidir ki, onlara qalan bizik, nəinki İsrail"

Mərənd şəhərindən 43 yaşlı kişi, Həmid Nəbidost bunları söyləyib: "Azərbaycan qədim İran torpaqlarıdır. Elə Ermənistan və Gürcüstan da. Ancaq indiki reallıq fərqlidir və onlar bir başqa dövlət və millətdirlər, İran kimi".

"Azərbaycan və Ermənistan bizim qonşularımızdır amma Azərbaycanın bizim Ermənistan ilə quru yolumuzu kəsməyə haqqı yoxdur. Üstəlik, İsraili gətirib soxub İran ərazisinin yaxınlığına. Azərbaycan dövləti bunu bilməlidir ki, onlara qalan bizik, nəinki İsrail. İsrail Azərbaycan da daxil, bütün müsəlmanların düşmənidir".

"Erməni və İsrail bəhanədir"

Həmədandan olan 46 yaşlı, İran azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir.

"İranın bütün qorxusu bizik. İran, İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir", - Əlirza Bahari deyir.

"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran görültü edər, amma savaşa girə bilməz. Azərbaycanın arxasında Türkiyə, yəhudi lobbisi və müsəlman dünyasında önəmli olan Pakistan kimi ölkə var. Bunlar, sadəcə, bildiklərimizdir. Bəs İran? Demək istəyirəm ki, İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz", - Əlirza Bahari düşünür.

"O torpaqları ruslar zorla bizdən alıb"

Tehran sakini, 60 yaşlı Koroosh Yarvandı hesab edir ki, Azərbaycan "deyilən yer əslində İrandır və İrana qaytarılması" lazımdır:

"O torpaqları ruslar zorla bizdən aldı. Hətta oranın əsl adı Arandır. Azərbaycan İran ərazisindədir. Bizdən oğurlayıblar. Zamanında Qacarlar buna mane olmadılar. Əslində onlar (azərbaycanlılar-red.) özlərini İrana aid bilirlər. Ora Şimali İrandır. Hətta bütün Qafqazlar bizimdir.

Savaşı dəstəkləmirəm, öz torpaqlarımızda savaşmaq heç xoş deyil, amma bizim qədim torpağımız olan Bakı cümhuriyyətini almaq ordumuzun yarım gününü belə almaz".

"Yaxın Şərqdə yaxşı qonşuluq-çox önəmlidir"

Tehrandan 39 yaşlı kişi Şadmehr Misaği deyir ki, bu məsələnin bilicisi deyil, ancaq şəxsi fikirlərini bölüşə bilər.

O hesab edir ki, "dünyada və Yaxın Şərqdə qonşu ölkələrlə yaxşı qonşuluq münasibətləri çox önəmlidir".

"Ancaq təəssüf ki, İran bunu yaxşı bilmir. Xüsusilə, şiə sünni məsələsinə baxdıqda, İranın sünni dünyası ilə əlaqələri yaxşı deyil".

"Qonşuluq əvəzinə silahlılar yaratmağa çalışır, bu da bölgədə problem və gərginliyə səbəb olur. İran Yəməndə husiləri yaratdığı kimi çalışdı Azərbaycanda da "Hüseyniyun milisi" yaratsın, amma Azərbaycan dövləti bunu bildi və əngəllədi. İran bəlkə də Qarabağı bunların əli ilə azad etmək istəyirdi ki, bu da mümkün deyildi və ya olmadı. İranın Ermənistan ilə yaxın münasibətləri Azərbaycanın İsrail ilə yaxınlaşmasına səbəb oldu. Əlbəttə, İranın ən əsas düşmənı İsraildir və onlar İranı mühasirəyə almaq istəyirlər".
"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya Yugoslaviya"
"Zərər görən o taylı-bu taylı bizlər ola bilər"

Təbrizdən Yaşar Xaqani, 45 yaşlı kişi deyir: "Mən hələm başa düşməmişəm, İran nə istəyir?

"Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm dı Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.

Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar", - Yaşar Xaqani düşünür.

"İran yaxşı qonşularını incidir"

Tehrandan 45 yaşlı kişi, Kaveh Niktan hesab edir ki, "İran dövləti iç problemini gizlətmək üçün başqa problemləri ortaya çıxarır və İranın yaxşı qonşularını incidir".

"Bunu da deyim ki, biz iranlılar özəlliklə Azərbaycan və Türkiyə ilə mədəniyyət mənada daha çox yaxınıq. Amma bütün ölkələr və xüsusi ilə qonşular ilə qarşılıqlı sayğı çərçivəsində əlaqədən kənarıq. Savaş olacağına heç inanmıram".

"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya"

Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib: "Mən problemin qaynağını yaxşı bilmirəm, düzü. Ancaq İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər gərəkdir.

İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi