“Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi və bu universitetlər...” – Qarabağa köçürülür?
"Paytaxtın yeri seçilərkən təhlükəsizlik məsələsinə xüsusi diqqət verilir. Bu mənada paytaxtın Qarabağdakı şəhərlərdən birinə köçürülməsi təhlükəsizliklə bağlı müəyyən problemlər yarada bilər”.
Azia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Bununla belə ekspert Bakının yükünün azaldılmasının mütləq olduğunu bildirib:
"Bu barədə düşünməliyik. Bunun üçün də bəzi nazirlik, dövlət idarələri, universitetlər işğaldan azad olunmuş şəhərlərə köçürülməlidir. Bunun baş verməsi orada iqtisadi aktivliyin yaranması və inkişafa səbəb olacaq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin bəzi bölmələrinin Bakıda olmasının heç bir önəmi yoxdur. Universitetlərin də Bakıda cəmlənməsi doğru deyil.
Tibb Universiteti Ağdamda, Mühəndislik Universiteti Qubadlı və Füzulidə, Mədəniyyət Universiteti isə Şuşada açılmalıdır. Belə olarsa, həmin bölgədə ciddi şəhər mədəniyyəti yaranar. Bu mənada Bakının yükünün azaldılması üçün indi gözəl imkan yaranıb və ondan istifadə etməliyik. Universitetlərin işğaldan azad olunmuş şəhərlərdə yerləşməsi həm məskunlaşmanı sürətləndirəcək, həm də onların ətrafında iqtisadi fürsətlər yaradacaq. Kirayə mənzillər, kafelər, restoranlar, tələbə şəhərcikləri, müəyyən istehsal sahələri orada iqtisadi canlanmaya da gətirib çıxaracaq”.