azia.az
azia.az

Prezident İlham Əliyev: “Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır”

8-10-2016, 13:13

Prezident İlham Əliyev: “Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır”
“Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur və biz bu sahəni genişləndirməliyik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Dövlət başçısı qeyd edib ki, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə ciddi məşğuldur: “Cins mal-qara alınıb. Ancaq indi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib olacağıq. Bu, öz növbəsində bizə əlavə böyük əkin sahələri verəcək. Çünki biz örüş torpaqlarımızdan çox səmərəsiz istifadə edirik. Bəziləri boşdur, bəzilərində isə normativdən qat-qat az heyvan saxlayırlar. Ona görə bizim heyvandarlığımız qapalı şəraitdə inkişaf etməlidir. Verilən məlumata görə, təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək. Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş, planlı şəkildə əkin işləri aparılmalıdır. Artıq İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası bu işlərlə ciddi məşğuldurlar və beləliklə, biz özümüzü süd məhsulları və kərə yağı ilə təmin edəcəyik”.

“Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır. Onların arasında fındıqçılığın çox böyük potensialı var. Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir. Bunun özəl sektor üçün də çox böyük faydası var”, deyə prezident bildirib.

Dövlət başçısı deyib ki, Abşeron yarımadasında ənənəvi badam bağları azalır: “Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır. Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi