Avropa Qarabağı dirçəldəcək layihələrə pul qoyacaq?- “3 ölkədən başqa hamısı…”
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq yeni infrastruktur layihələrinin icrasına başlayıb. Bu ərazilərin inkişafı və erməni vandallığı nəticəsində məhv edilmiş mədəni irsimizin bərpası dövlətin diqqət mərkəzindədir.
Başqa bir məsələ isə bu iqtisadi layihələrə xarici şirkətlərin maraq göstərməsidir. İşğaldan azad edilmiş ərazilərimizin zəngin resursları avropalı investorların da diqqətini cəlb edə biləcəkmi?
Saqlamheyat.az məlumata görə, İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Avropa şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrə hətta öz zərərlərini də nəzərə alıb investisiya qoyacaqlar:
“İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək layihələr Avropa şirkətlərinin diqqətini cəlb edəcək. Amma məsələ burasındadır ki, bizim iqtisadiyyatımızın ənənəvi problemləri var. Biz Azərbaycan iqtisadiyyatını cəlbedici etmək üçün bu problemlərin həlli istiqamətində addımlar atmalıyıq. Bu yolla işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq layihələrini də az maliyyə ilə həyata keçirib, böyük işlər görə bilərik. Bu gün işğaldan azad edilmiş ərazilərimiz Avropanın diqqətindədir. Avropa ölkələri və demokratik dünya bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Onlar hətta öz zərərlərini də nəzərə alıb bu ərazilərə diqqət ayıracaq və investisiya qoyacaqlar”.
Ekspert bildirib ki, iqtisadiyyatdakı ənənəvi problemləri aradan qaldırsaq, yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün Azərbaycan əraziləri Avropa şirkətlərinin maraq dairəsinə düşə bilər:
“Ənənəvi problemlər dedikdə onu nəzərdə tuturam ki, Azərbaycanda bazar iqtisadiyyatı oturuşmalı və rəqabət mühiti formalaşmalıdır. Bununla bağlı inhisarçılıq, sahibkarlıq qarşısındakı maneələr aradan qaldırılmalıdır. Ölkədə maliyyə amnistiyası qəbul edilməlidir. Mülkiyyət təhlükəsizliyinə zəmanət verilməlidir. Yəni hər bir ölkə vətəndaşı və ya xarici investor arxayın olmalıdır ki, onun Azərbaycana qoyduğu investisiya bata bilməz. Bununla yanaşı, məhkəmələr müstəqil olmalıdır. Yəni investor bilmədir ki, onun mülkiyyət hüququ pozulsa da, məhkəmə bərqərar edəcək. Korrupsiya, rüşvətxorluq da iqtisadi inkişafa mənfi təsir edən məsələdir. Bunlar həll olunarsa, bütün Azərbaycan Avropa investorlarının maraq dairəsinə keçə bilər. Çünki Azərbaycanın çox gözəl mövqeyi və təbii sərvətləri var. Lakin mövcud problemlər bu inkişafı əngəlləyir. Hətta Azərbaycanın özündə olan investorlar gedib xaricdə investisiya qoyurlar. Əgər ənənəvi problemlər həll olunarsa, Azərbaycanda iş yerlərinin sayı da artar”.
İqtisadçı hesab edir ki, Vətən müharibəsində əldə etiyimiz qələbə ruhu ölkədə çox şeyi dəyişəcək, o cümlədən ənənəvi problemlərin həlli istiqamətində də irəliləyiş olacaq:
“44 gün ərzində qazandığımız qələbədən sonra ənənəvi iqtisadi problemlərin həllində də irəliləyişlər gözləyirəm. Bu müharibə bizə təkcə qələbə qazandırmadı. Hesab edirəm ki, bu qələbə cəmiyyətdə oyanma da yaradacaq. Həm cəmiyyət, həm də hökumət əvvəlki olmayacaq, oyanış prosesi baş verəcək. Çünki Azərbaycan indi daha çox dünyanın maraq dairəsinə daxil olub və qardaş Türkiyənin də burada təsiri böyükdür. Bunlardan başqa, Avropanın və Amerikanın Azərbaycana daha çox yaxınlaşması və buradakı prosesləri yaxından izləmək istəyi qeyd olunan problemlərin həllini aktuallaşdıracaq. Hökumət də bunun tərəfində olacaq.”
A.Nəsirli işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək quruculuq layihələrinə ən çox maraq göstərəcək ölkələri də qeyd edib:
“Hesab edirəm ki, bu layihələrdə iştirakçı olaraq qardaş Türkiyə öndə olacaq. Çünki onlar bizə daha yaxındır. Türkiyə şirkətləri hətta zərərə düşmüş olsalar da, bunu gözə alıb, bizim ərazilərdə quruculuq işləri ilə məşğul olacaqlar. Onun ardınca Avropa ölkələri iştirak edəcək. Fransa, Yunanıstan və Almaniyadan başqa hansısa Avropa ölkələrinin bu layihələrə qatılmaqda tərəddüd edəcəyinə inanmıram”.
Ekspert Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının da Azərbaycan ərazilərindəki quruculuq işlərində iştirakını istisna etməyib:
“Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlar çox güman ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə yardım edəcək. Amma onların ən çox kredit formalı maliyyə dəstəyi olur. Mən bir iqtisadçı kimi onların kreditlərindən istifadə etməyi səmərəli saymıram. Amma ola bilməz ki, o cür maliyyə qurumları bu quruculuq işlərinə töhvə verməsin. Hər halda hesab edirəm ki, onlar yardım şəklində müəyyən maliyyə ayıracaqlar. Çünki son 15 il ərzində sadaladığımız maliyyə qurumları Azərbaycandan milyardlarla gəlir əldə edib və buna kredit verməklə nail olub. Ona görə hesab edirəm ki, onların yardımları mütləq olacaq”.
Əli Bədir