Müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO
Azərbaycana gəzməyə gələn Türkiyənin məşhur aktyoru Nazim Cihan vətəninə qayıdarkən Gürcüstan sərhəddində müsadirə olunan “Paşa” ləqəbli tutuquşusuna 162 gündən sonra qovuşub.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
Bildirilir ki, bir sıra film və seriallardakı rolları ilə sevilən məşhur aktyorun hər zaman yanında gəzdirdiyi tutuquşusu sənədlərlə bağlı problem yarandığı üçün əlindən alınmışdı. Bu səbəbdən hüquqi prosedura başlayan Nazim Cihan məhkəmədə qalib gəlib.
O, başına gələnlər barədə bunları deyib:
“Azərbaycana gəzməyə getmişdim. Keçəndə heç bir problem olmur. Gürcüstandan keçirəm. 13 gün Azərbaycanda qaldım. 2019-cu il avqustun 27-də Gürcüstan sərhəddində gömrük əməkdaşları saxlayaraq, sənədlərində problemi olduğunu bildirdi. CİTES sənədi əskik imiş. Gedəndə problem olmur, çıxanda olur? Anlamıram. Sonra müsadirə etdilər. Xeyli mübarizə apardım. Türkiyə səfirliyi və konsulluğu da xeyli kömək etdi. Təşəkkür edirəm”.
O, bu müddətdə Gürcüstanda zooparka qoyulan tutuquşusunu görmək üçün yeddi dəfə bu ölkəyə getdiyini bildirib:
“Çünki bu, mənim heyvanımdır. Beş ildir mən baxıram, qayğısına qalıram. Zooparkda stress içində olan daha üç tutuquşu var idi. Gürcüstan öz heyvanlarına belə baxa bilmir”.
Məhkəməyə baş vurmaq üçün vəkil tutduğunu və sonunda ədalətin zəfər çaldığını bildirən Cihan tutuquşusunun onu görəndə çox sevindiyini deyir:
“Paşa məni görəndə çox sevindi: “Nazim, Nazim” deyə səsləməyə başladı. Çox sevinir. Övladım kimi. Yanımda gəzdirirəm. Geri ala bilməyəcəyim qorxusu ilə yuxusuz qaldığım gecələr oldu”.
Aktyorun dediyinə görə, sosial şəbəkələrdə “Metrobusda “Allah” deyən tutuquşu”, “İstanbulun Paşası” videoları ilə tanınan tutuquşunun qaytarılmasına sakinlər də çox sevinib.
“Vətəndaşlarımız da tanıyır. Çox sevindilər. “Paşa gəlib” deyirlər. Paşanı tanımayan yoxdur. Paşa da sevindi”, – deyə aktyor bildirib.